Bir il gecikmiş premyera və onlayn tədbirlər
Hər gün virusa yoluxan və dünyasını dəyişən onlarla şəxs – Gürcüstanda kovid reallığı belədir. Gürcüstan hökuməti yoluxma hallarının artması ilə yanaşı müəyyən məhdudiyyətlər də tətbiq edib və həmin məhdudiyyətlər mədəniyyət sahəsinə də toxunub. Geniş miqyaslı tədbirlərin keçirilməsi qadağandır. İndiki mərhələdə əyani təhsil də tövsiyə edilmir. Marneuli Mədəniyyət Mərkəzinin kovidlə yanaşı yaşamaq təcrübəsi var və bu baxımdan payız mövsümünü də hazırlıqlı qarşılayıblar. Ancaq pandemiya Marneulinin elə də zəngin olmayan mədəni həyatını daha da kasıblaşdırdı.

Tamaşaçısız teatr, onlayn yeni il konserti, qapalı incəsənət dərnəkləri və baş tutmayan tədbirlər – Marneuli bələdiyyəsinin 2020-ci ildə mədəni həyatı belə idi. Marneuli koronavirusun qarşısının alınması məqsədi ilə bağlanan zaman yerli teatr premyeraya hazırlaşırdı. “Marina Revia” tamaşaçılara yalnız bir ildən sonra səhnədə təqdim olundu.



Zurab Xaptani Marneuli Mədəniyyət Mərkəzinin əməkdaşı və aktyordur. O, demək olar ki, bir il ərzində səhnəyə çıxmayıb. Premyeraya bir neçə gün qalanda pandemiya elan olunub. Zalda sanki zaman donub. Bir ildən sonra hər şey aktyorun qoyub getdiyi kimidir.

“Qalmış stullar, dekorasiyalar, hər şey olduğu kimi idi və bunun üçün darıxırdım. Tez-tez girirdim, işığı yandırırdım və sadəcə səhnədə gəzirdim. Tamaşaçısız səhnə pis haldır, tamaşaçıdan qarşılıq gəlir. Tamaşaçı və aktyor arasında bu qarşılıqlı münasibətin yaranması yaxşıdır, bu adama güc verir”, — Zurab Xaptani deyir.

Bir il gecikdikdən sonra baş tutan premyera tənqidçilərin və tamaşaçıların xoşuna gəlib. Tamaşa bir ailənin münasibətlərindən, yadlaşmasından, sevgidən, soyuqluq və şəfqətindən bəhs edir. Həbsxanadan çıxmış ana ailəyə qayıdır, övladları ilə görüşür və onları təzədən tanımağa, yeni münasibət qurmağa çalışır. Rejissor Qoça Xviçia “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, premyeraya qədər hər şeyin bağlanacağından və tamaşanın göstərilməsinin yenidən təxirə düşəcəyindən qorxurmuşlar.

“Bilirsiniz təəssüfləndirici olan nədir? Hər şey mərhələli şəkildə açılırdı və ən gec teatr, mədəniyyət sahəsi açıldı. Ola bilsin dövlət teatrlarının əksəriyyəti maddi baxımdan zərər çəkmədi. Ancaq incəsənət adamlarının başqa problemləri yarandı – hərəkətsizlik. Pandemiya stresi ilə yanaşı artıq peşə stresi də yaranırdı. Xoşbəxtlikdən açıldı və ümid edirəm ki, bağlanmayacaq. “Marina Revia” isə çox uğur qazandı. Bu bizim üçün də gözlənilməz idi və əlbəttə, bu tamaşa ilə dayanmağı düşünmürük. Bu il nə dərəcədə çatdıra biləcəyik onu bilmirəm. Ancaq əlbəttə, yeni tamaşalar etməyi planlaşdırırıq”, – Qoça Xviçia bildirdi.

“Marina Revia” tamaşasının nümayişi

Doğrudur, koronavirus teatr sahəsinə böyük ziyan vurdu. Ancaq yeni imkanların yaranmasına da səbəb oldu. Marneuli teatrı onlayn məkanı mənimsəməyə başladı ki, pandemiya dövründə tamaşaçıları öz fəaliyyəti ilə tanış etsin.

“Koronavirus bizə çıxış etmək üçün daha çox fikirləşmək imkanı verdi. Deyək ki, burada, qapalı məkanda bizə işləməyi qadağan etsələr, fəaliyyətsiz qalmamağımız üçün hansı alternativimiz var? Sizi əmin edirəm ki, sənət adamı fəaliyyətsiz qalırsa, bu ağır iqtisadi vəziyyətdən daha da pisdir. Koronavirus bizə qapalı məkanlar üçün də hazır olmağı öyrətdi. Bizi qapalı və açıq məkanlarda da tamaşalar qoymağa doğru yönləndirdi”.

Marneuli truppası sonuncu tamaşanı 10 avqust tarixində təqdim edib. İndi payız mövsümünə hazırlaşırlar. Məşqləri səhnədə keçirlər və ümid edirlər ki, tamaşanı oktyabr ayında onlayn şəkildə oynamalı olmayacaqlar. Belə təcrübələri hələ ki, yoxdur. Rejissor və aktyorlar ötən il virtual məkana keçə bilmədilər.

Forsmajor vəziyyətə görə, Marneuli Mədəniyyət Mərkəzinin əməkdaşları da müəyyən dövr ərzində “vaxt və məkanda itənlər”-dən oldular. Mərkəzin direktoru Nato Şavişvili bildirdi ki, hər yer bağlanan zaman nəyi necə edəcəklərini bilmirdilər.

“Bizim müxtəlif istiqamətlərimiz var. Onlardan biri Mədəniyyət Mərkəzində fəaliyyət göstərən teatr truppasıdır. Bundan əlavə, bizim çox sayda tədris isitqamətlərimiz, dərnəklərimiz var. Bununla yanaşı yaradıcılıq prosesi də aparılırdı. Çox sayda tədbir, festival planlaşdırılmışdı. Marneulinin bağlanması dövründə dayandırılan böyük tədbirləri qeyd etməsəm, olmaz. Bunlar multietnik festival, planlaşdırılmış bayram tədbirləri, 26 may, Novruz bayramı və bizim hər il qeyd etdiyimiz, tamaşaçının bizdən gözlədiyi bayramlardır. Təcili surətdə və gözlənilmədən təhsil prosesi dayandırıldı, xoreoqrafik ansamblın xaricə planlaşdırılmış qastrol səfəri təxirə salındı”.

Gərginliyi sonradan fəaliyyət əvəz edib. Mədəniyyət Mərkəzi onlayn platformanın inkişafı üçün fəal şəkildə işləməyə başlayıb. Demək olar, mərkəzin planlaşdırdığı bütün tədbirlər, həmçinin, yeni il tədbiri onlayn formata keçirildi. 

Mədəniyyət Mərkəzinin tədbiri

Tədbirlərin onlayn formatda keçirilməsi Mədəniyyət Mərkəzinə ayrılmış büdcəyə də təsir göstərib. Büdcənin əsas hissəsi mədəni-yaradıcılıq tədbirləri üçün nəzərdə tutulubmuş. Marneulinin 2020-ci il büdcəsində Mədəniyyət sahəsindəki tədbirlərə 135 000 lari ayrılmışdı. Məhz həmin məbləğə bələdiyyədə Novruz bayramı, yeni il və başqa tədbirlərin keçirilməsi də daxil idi. Burada büdcə vəsaitlərinə qənaət olunub. 2021-ci ilin büdcəsində də genişmiqyaslı tədbirlərə pul xərclənməyib və ayrılan vəsaitin miqdarı yenidən 135 000 lari müəyyən edilib.

“Bizim tədbirlər əsasən çox kiçik büdcəlidir. Doğrudur, Novruz bayramı, 26 may kimi bələdiyyə miqyasında qeyd olunan tədbirlərə ayrılmış pul azaldılıb. Ancaq bizim onsuz da kiçik büdcəli olan layihələrimiz olduğu kimi qalıb. Sadəcə pul başqa istiqamətlərə xərcləndi. Açıq məkanlarda həyata keçirdiklərimizi onlayn rejimə keçirdik. Bizə yenə adamları işə götürmək, heyəti səfərbər etmək lazımdır. Praktiki olaraq çox şey dəyişməyib, sadəcə əhaliyə çatdırmağımızın forması dəyişir. Müvafiq olaraq, büdcədə xüsusi dəyişiklik edilməyib. Bu ilin büdcəsi planlaşdırılan zaman səfərlər olan tədbirləri, festival layihələrini ehtiyatla nəzərə aldıq. Şəraitimizin əlverişli olduğu qədər, asan şəkildə koronavirusla yanaşı həyata adaptasiya olduq.”

Marneuli Mədəniyyət Mərkəzi indi incəsənət, xoreoqrafiya, yaxud musiqi dərnəklərinin fəaliyyətini yeniləmək üçün hökumətin qərarını gözləyir. Bu Qurumlararası Şuranın təhsilə sinif otaqlarında, məktəblərdə icazə verdiyi halda baş verəcək. Ağır epidemioloji vəziyyətə görə, istisna deyil ki, indiki mərhələdə mərkəzdə tam fəaliyyəti bərpa etmək mümkün olmasın. Ancaq ötən illə müqayisədə administrasiya özünü daha çox inamlı hiss edir. Onlayn platformalardan istifadə edərək artıq işləyirlər və dərnəklərin, yaxud tədbirlərin idarə edilməsində çətinlik çəkməyəcəklər. Daha bir ilin onlayn olması Mədəniyyət sahəsi və Marneulilər üçün nə dərəcədə effektiv olacaq – bu başqa məsələdir. Vəziyyət ola bilsin, Marneuli teatrının sonuncu tamaşası, “Marina Revia” kimi olsun. Tamaşada həbsxanadan çıxmış qəhrəman övladlarının yanına gedir və keçmişi xatırlamaq, yeni münasibətlərin qurulması kimi, onları da yenidən tanımalı olur.

"Marneuli" Radiosu
Print