“Era Teatrı” yeni tamaşanın premyerasına hazırlaşır. “Cənnətdən
Gələn Məktub” adlı tamaşa 9 noyabr tarixində saat 16:00-da Tbilisi
şəhərində yerləşən Xorava Adına Aktyorlar Evində baş tutacaq.
Bu barədə məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı tamaşanın
quruluşçu rejissoru və pyesin müəllifi Anar Rafiqoğlu məlumat
verib. Onun sözlərinə görə, onlar bu tamaşaya böyük həvəslə
hazırlaşıblar. Anar Rafiqoğlu onu da bildirib ki, teatra giriş
pulsuzdur və arzu edən hər kəs tamaşada iştirak edə bilər.
“Uzun bir aradan sonra səhnəyə qayıdırıq. Ümid edirəm
ki, yaxşı bir tamaşa olacaq. Mən aktyorlarıma güvənirəm. Bu iki
nəfərlik bir tamaşadır, yəni tamaşanı iki aktyor səhnələşdirəcək.
Bunlardan biri Tbilisi Dövlət Azərbaycan Dram teatrının keçmiş və
təcrübəli aktyoru Binəli İslamoğlu, digəri isə gənc aktyorumuz
Elnur Vəlizadədir. Mən hər iki aktyoruma
inanıram”.
Anar Rafiqoğlunun sözlərinə görə, onların məqsədi bu tamaşadan pul
qazanmaq deyil. Çünki tamaşa özündə milli məsələləri ehtiva
edir.
“Tamaşa Zəfər bayramının birinci ildönümünə həsr
olunub. Tamaşanın əsas mövzusu vətənpərvərlik və şəhidlikdir. Bu
milli ruha, vətənə aid bir tamaşadır. Tamaşada heç bir ölkənin adı
çəkilmir. Bu tamaşanı gürcü dostlarımız da rahatlıqla səhnələşdirə
bilərlər. Vətən hissiyyatına malik olan hər kəs bu tamaşadan
istifadə edə bilər”.
Tamaşanın quruluşçu rejissoru və pyesin müəllifinin sözlərinə görə,
onlar tamaşanı gələcəkdə də pulsuz səhnələşdirə bilərlər. Çünki,
onlar işin maddi tərəfinə deyil, mənəvi tərəfinə kökləniblər.
“İki ildir ki, pandemiyaya görə, səhnədən
uzaqlaşmışdıq. Bizim əsas məqsədimiz səhnəyə qayıtmaq idi. Aktyor
səhnəsiz dura bilmir. Artıq səhnəyə qayıtmağa sayılı günlər qalıb.
Amma təəssüflər olsun ki, yenə də məhdudiyyətlərdən danışırlar.
Yenə də biz həvəsdən düşmürük. Böyük həvəslə bu tamaşanın
premyerasına hazırlaşırıq”.
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş
tutacaq premyera Azərbaycan dilində olacaq. Gələcəkdə bu tamaşanın
digər bölgələrdə də nümayiş etdirilməsi planlaşdırılır.