“Era Teatrı” “Cənnətdən Gələn Məktub” adlı yeni tamaşanın premyerasına hazırlaşır
“Era Teatrı” yeni tamaşanın premyerasına hazırlaşır. “Cənnətdən Gələn Məktub” adlı tamaşa 9 noyabr tarixində saat 16:00-da Tbilisi şəhərində yerləşən Xorava Adına Aktyorlar Evində baş tutacaq. Bu barədə məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı tamaşanın quruluşçu rejissoru və pyesin müəllifi Anar Rafiqoğlu məlumat verib. Onun sözlərinə görə, onlar bu tamaşaya böyük həvəslə hazırlaşıblar. Anar Rafiqoğlu onu da bildirib ki, teatra giriş pulsuzdur və arzu edən hər kəs tamaşada iştirak edə bilər.

“Uzun bir aradan sonra səhnəyə qayıdırıq. Ümid edirəm ki, yaxşı bir tamaşa olacaq. Mən aktyorlarıma güvənirəm. Bu iki nəfərlik bir tamaşadır, yəni tamaşanı iki aktyor səhnələşdirəcək. Bunlardan biri Tbilisi Dövlət Azərbaycan Dram teatrının keçmiş və təcrübəli aktyoru Binəli İslamoğlu, digəri isə gənc aktyorumuz Elnur Vəlizadədir. Mən hər iki aktyoruma inanıram”.

Anar Rafiqoğlunun sözlərinə görə, onların məqsədi bu tamaşadan pul qazanmaq deyil. Çünki tamaşa özündə milli məsələləri ehtiva edir.

“Tamaşa Zəfər bayramının birinci ildönümünə həsr olunub. Tamaşanın əsas mövzusu vətənpərvərlik və şəhidlikdir. Bu milli ruha, vətənə aid bir tamaşadır. Tamaşada heç bir ölkənin adı çəkilmir. Bu tamaşanı gürcü dostlarımız da rahatlıqla səhnələşdirə bilərlər. Vətən hissiyyatına malik olan hər kəs bu tamaşadan istifadə edə bilər”.

Tamaşanın quruluşçu rejissoru və pyesin müəllifinin sözlərinə görə, onlar tamaşanı gələcəkdə də pulsuz səhnələşdirə bilərlər. Çünki, onlar işin maddi tərəfinə deyil, mənəvi tərəfinə kökləniblər.

“İki ildir ki, pandemiyaya görə, səhnədən uzaqlaşmışdıq. Bizim əsas məqsədimiz səhnəyə qayıtmaq idi. Aktyor səhnəsiz dura bilmir. Artıq səhnəyə qayıtmağa sayılı günlər qalıb. Amma təəssüflər olsun ki, yenə də məhdudiyyətlərdən danışırlar. Yenə də biz həvəsdən düşmürük. Böyük həvəslə bu tamaşanın premyerasına hazırlaşırıq”.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutacaq premyera Azərbaycan dilində olacaq. Gələcəkdə bu tamaşanın digər bölgələrdə də nümayiş etdirilməsi planlaşdırılır.

"Marneuli" Radiosu
Print