Gürcüstanda bir sıra dövlət orqanlarının məlumat bazasında “Novruz”
bayramı “İslam” bayramı kateqoriyasından çıxarılıb və “Bahar”
bayramı (Novruz Beynəlxalq Gün, Gürcüstanda Xalq Bayramı) kimi qeyd
olunub.
Bu barədə “Marneuli” radiosu ilə söhbəti zamanı mülki fəal Samirə
Bayramova məlumat verdi. Onun sözlərinə görə, o, bir sıra dövlət
orqanlarına müraciətindən və sübutundan sonra “Novruz”la bağlı
məlumatlar dəyişdirilərək bazalarına əlavə edilib. Bayramovanın
dediyinə görə, o, 12 mart 2021-ci il tarixində Gürcüstan
Parlamentinə müraciət edərək, “Novruz” bayramının qeyri-iş günü
kimi qeyd olunmasını tələb ediblər.
Samirə Bayramovanın sözlərinə görə, “Novruz” bayramı ilə bağlı bir
sıra dövlət saytlarında və orqanlarında da problemlər var. Bununla
bağlı da müraciətlər olunub və dövlət orqanlarından cavab gözləyir.
Bayramova düşünür ki, bu kimi səhvlər aradan qaldırılana kimi
mübarizə aparacaq və gələcəkdə oxşar problemlər onlara maneçilik
törətməsin.
Samirə Bayramova onu da əlavə etdi ki, “Novruz” bayramı Gürcüstanda
qeyri-iş günü kimi qeyd olunana qədər mübarizə aparacaqlar.
Qeyd edək ki, müraciətdə 31 Dekabr Dünya Azərbaycanlılarının
Həmrəylik gününün də başqa bayramlar siyahısına daxil edilməsi
tələb olunub. Amma bu tələb qəbul olunmayıb.