Hökumət teatrların, muzeylərin və idman infrastrukturunun, o cümlədən stadionların bərpasına başlayır
Gürcüstan hökuməti ölkədəki bütün teatr binalarını təmir edəcək. Bunun üçün xüsusi layihə hazırlanıb.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin 18 aprel tarixində keçirilən iclasında bildirib.

Hökumət başçısı deyib ki, teatrların təmiri ilə bağlı mədəniyyət naziri Tea Tsulukiani ilə birlikdə layihə hazırlanıb. Layihədə ölkə üzrə bütün teatrların bərpası əksini tapıb.

Onun sözlərinə görə, ilk növbədə, bu il ölkə üçün çox mühüm əhəmiyyət kəsb edən Şalva Amiranaşvili adına İncəsənət Muzeyinin təmirinə və binanın bərpasına başlanılacaq.

Hökumət başçısı ölkədə idmanın inkişafı üçün də mühüm işlərin görüləcəyini, yeni idman meydançalarının tikiləcəyini və köhnə bina və meydançaların əsaslı təmir olunacağını bildirib.

“Teatr və idman infrastrukturunun yenilənməsi və bərpasının 2027-ci ilədək başa çatdırılması nəzərdə tutulub”, – deyə İrakli Qaribaşvili vurğulayıb.

Qeyd edək ki, Gürcüstanda ciddi təmirə ehtiyacı olan mədəni obyektlərdən biri də Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrının binasıdır. Teatr üçün yeni binanın tikintisi məqsədilə ərazi nəzərdə tutulub. Lakin köhnə, qədim binanın ciddi təmirə ehtiyacı var.

Print Email
FaceBook Twitter Google