Marneuli Mədəniyyət Mərkəzində Xocorni məktəbinin təşkilatçılığı ilə musiqi müsabiqəsi keçirilib
Bu gün, 10 may tarixində Marneuli Mədəniyyət Mərkəzində musiqi müsabiqəsi keçirilib. Müsabiqə “Və insan musiqi üçün yaradılıb” adlanıb. Tədbirin təşkilatçısı – Marneuli bələdiyyəsinin Xocorni kənd ictimai məktəbinin gürcü dili müəllimi Lali Marqianinin “Marneuli” radiosuna bildirdiyinə görə, müsabiqənin məqsədi qeyri-gürcü icmasında estetik qrup fənlərinin, gürcü dilinin tanıdılmasıdır.

“Bu gün Marneuli Mədəniyyət Mərkəzində Marneuli bələdiyyəsinin qeyri-gürcüdilli məktəblərinin müğənni şagirdlərinin günüdür. Müsabiqə Xocorni ictimai məktəbinin və mənim təşkilatçılığımla keçirilir. Ümumilikdə, Marneuli bələdiyyəsinin 8 məktəbi iştirak edir: Şaumyani 3 saylı, Yuxarı Saral, Şulaveri 2 saylı, Marneuli 8 saylı, Dəmyə Görarxı, Güllübağ və Sabirkənd ictimai məktəbləri. Bu şagirdlərdən başqa müsabiqəyə qeyri-gürcüdilli şagirdlər də qoşulub. Onlar gürcü mahnıları oxuyacaqlar”, – Lali Marqiani bildirdi.

Təşkilatçının sözlərinə görə, müsabiqə iştirakçılarını xüsusi dəvət olunmuş jürinin dörd üzvü qiymətləndirəcək. Onlar qaliblərə hədiyyə təqdim edəcəklər. Tədbirlə yanaşı şagirdlərin rəsmlərinin sərgi-satışı da aparılır.

Təşkilatçı Lali Marqianinin sözlərinə görə, bugünkü tədbir pilotdur və ola bilsin, gələcəkdə daha geniş miqyaslı formada keçirilsin.

Musiqi müsabiqəsində Marneuli bələdiyyəsinin ictimai məktəb müəllimləri və şagirdlər, dəvət edilmiş qonaqlar iştirak edirdilər.

"Marneuli" Radiosu
Print