Tbilisidə mifologiya mövzusunda sərgi açılıb
Tbilisidə gənc rəssam Şənay Sadiqin “Dünya mifologiyaları və mədəniyyət” adlı fərdi sərgisi açılıb.

Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı ilə Axundov İncəsənət Qalereyasında təşkil olunan tədbir 18 May - Beynəlxalq Muzeylər Gününə həsr edilib.

Sərgidə Yunanıstan, Misir, Skandinaviya ölkələri, Türkiyə, Hindistan mifologiyasına aid Paseydon, Zevs, Alahçın xatun, Asena kimi mifik personajlar və müxtəlif motivlərin təsvir olunduğu akril boya ilə çəkilmiş 15 əsər təqdim edilib.

Mədəniyyət Muzeyinin direktor müavini Leyla Əliyeva bildirib ki, bugünkü sərgi istedadlı rəssamın ilk fərdi sərgisidir. O, muzey adından Ş.Sadiqə sənət uğurları arzulayıb.

Ş.Sadiq 9 yaşından rəssamlıqla hobbi kimi məşğul olduğunu bildirib: "15 yaşından rəssamlığı özüm üçün peşə kimi seçdim. Məktəb illərimdən miflər haqqında elmə böyük marağım olub. Mifologiya personajları və motivlərinə rəsmlər həsr etmək arzum olub. Bugünkü sərgidə əsərlərimi təqdim etməklə arzum həyata keçmiş oldu".

O, sərginin ərsəyə gəlməsinə dəstək göstərmiş M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinə təşəkkürünü bildirib.

Mərasimdə Azərbaycanın Gürcüstandakı səfirinin müşaviri Eldar Bayramov, diplomatik korpus nümayəndələri, Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin əməkdaşları, azərbaycanlı və gürcü ziyalılar və gənclər iştirak ediblər.

Azərbaycanın Gürcüstandakı səfirliyi, SOCAR şirkətinin Gürüstan nümayəndəliyinin dəstəyi ilə keçirilən sərgi mayın 25-dək davam edəcək. Sərgini ziyarət ödənişsizdir.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google