“Enquri” ansamblının üzvü İlahə Talıbova ilin ən yaxşı rəqqasəsi seçilib
23 dekabr tarixində Msxeta şəhərində “Gənc Yaradıcılar Federasiyasının” təşkilatçılığı ilə “Art festival” keçirilib. Marneuli Mədəniyyət Mərkəzinin “Enquri” xoreoqrafik ansamblı da festivalda iştirak edib. “Enquri” fəal iştirakına və töhfəsinə görə xüsusi mükafata layiq görülüb.

Marneuli rayonundan “Enquri” ansamblının üzvü və solisti İlahə Talıbovaya mükafat təqdim olunub və ilin ən yaxşı rəqqasəsi seçilib. Bu barədə İlahə “Marneuli” radiosu ilə söhbəti zamanı məlumat verdi. O, qeyd etdi ki, qalib olmaq hissi onun üçün böyük sevinc idi.

“ Marneulidə yaşayıram, 22 yaşım var. “Enquri” rəqs ansamblında iştirak edirəm. Gələcəkdə karyerama rəqqasə olaraq davam etmək istəyirəm, Suxişvili rəqs ansamblında iştirakımı davam etdirmək və rəqs müəllimi olmağı arzulayıram. Bununla yanaşı, ilin ən yaxşı rəqqasəsi seçildim və qızıl medalla təltif olundum”.

Qeyd edək ki, “Enquri” qrupu Marneulidə 2008-ci ildə yaradılıb. Gənc xoreoqraf yerli sakinlərə gürcü rəqslərini öyrətmək qərarına gəlib. Ansamblın əsas hissəsi etnik azlıq nümayəndələrindən təşkil olunub. İlahə Talıbova artıq 13 ildir ki, “Enquri” rəqs ansamblında iştirak edir.


Müəllif: Gülçin İsmayılova

"Marneuli" Radiosu
Print Email
FaceBook Twitter Google