Ruslan Hacıyev, Mahmud Kamaloğlu və Aşıq Novruz Məmmədov Aşıq Kamandar medalı ilə təltif olundular
29 dekabr tarixində Tbilisidə Aşıq Kamandarın 90 illik yubileyi və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə tədbir keçirilib.

Tədbir zamanı Parlamentin keçmiş deputatı Ruslan Hacıyev, professor Mahmud Kamaloğlu və Aşıq Novruz Məmmədov Aşıq Kamandarın yaradıcılığına həsr olunmuş medalla təltif olunublar.

Ruslan Hacıyev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, mükafata layiq görülmək onun üçün qürurverici hissdir. Hacıyevin sözlərinə görə, yubiley yüksək səviyyədə keçirilib. O, bu kimi tədbirlərin tez-tez keçirilməsini arzu edir.

“Çox yüksək ab-havada Aşıq Kamandarın 90 illik yubileyini keçirdik. Azərbaycanın Gürcüstandakı səfiri, cənab Faiq Quliyev tərəfindən təşkil olunmuş bir tədbir idi. Biz də dəvət olunduq. Səfirliyə də təşəkkür edirəm ki, bu cür tədbirlərin keçirilməsində çox fəal şəkildə çalışırlar. Məsafə uzaq olsa da, tədbir iştirakçılarının hər biri böyük həvəslə gəlmişdilər. Tez-tez belə tədbirlərin keçirilməsi vacibdir. Aşıq Kamandar bizim böyük sənətkarımız olub. Aşıq Kamandar muzeyinin dövlət statusu almasında millət vəkili olaraq mənim də əməyim olduğuna görə, düşünürəm, ona görə məni Aşıq Kamandar medalı ilə təltif etdilər. Mən hər kəsə təşəkkür edirəm”.

Professor Mahmud Kamaloğlunun sözlərinə görə, Aşıq Kamandarın həyat və yaradıcılığı onun hər zaman maraq dairəsində olub. O, Aşıq Kamandarın 90 illik yubileyinə həsr olunmuş tədbirin tezliklə Türkiyədə də baş tutacağını bildirdi.

Kamaloğlu deyir ki, Aşıq Kamandar yalnız Borçalının deyil, bütün türk dünyasının unudulmaz sənətkarıdır.

“Mən Aşıq Kamandarın 90 illiyi münasibəti ilə bütün sənətsevərlərimizi, türk dünyasını təbrik edirəm. Ona görə təbrik edirəm ki, bizim Borçalı türk dünyasına Aşıq Kamandar kimi ustad sənətkar bəxş edib. Aşıq Kamandar özünün yerişi-duruşu ilə bir aşıq etalonuna çevrildi. Bu aşığın ardınca çox böyük bir Aşıq Kamandar məktəbi yarandı. Onun üzünü görməsə də, eşitməsə də, bu gün özünü Aşıq Kamandar hesab edən yüzlərlə şagird var. Bu bizim üçün çox böyük fəxrdir. Biz bu gün bunu keçiririk ki, biz bu gün qürur hissi keçiririk ki, Aşıq Kamandarı görmüşük, onun məclislərində olmuşuq. Yaxın zamanlarda, ola bilsin yanvar ayında Aşıq Kamandarın yubileyi Tbilisidə də keçirilsin. Azərbaycanda da keçirildi. İranda isə hazırda vəziyyət qarışıq olduğuna görə orada keçirilmir. Amma onların təbrik məktubları var idi. Bu günə qədər çox kitablarım çıxıb. Amma Aşıq Kamandar haqqında ayrıca bir kitabım çap olunub. Bundan başqa Aşıq Kamandar muzeyinin yenidən qurulmasında mən danışman idim və 6 ay orada işləmişəm. Mən folklorşünasam və bütün aşıqları tanıyıram. Sanki Aşıq Kamandara nisbətən daha çox vaxt ayırmışam. Gələcəkdə Hüseyn Saraçlının haqqında da bunu edəcəyəm. Hüseyn Saraçlının 100 illiyini 2016-cı ildə keçirdik. Aşıq Əmrahın da, Xındı Məmmədin də yubileyini belə keçirəcəyik. Çox yaxşı olardı ki, onların da muzeyləri olsun”.

Qeyd edək ki, medalla təltif olunan Aşıq Novruz Məmmədov sağlamlıq vəziyyəti ilə əlaqədar olaraq tədbirdə iştirak edə bilmədi. Onun mükafatı isə oğlu İspəndiyar Məmmədova təqdim olundu. O, da çıxışında atasını bu mükafata layiq gördükləri üçün təşkilatçılara təşəkkürünü bildirdi.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Mirzə Fətəli Axundovun 210 illiyinə həsr olunmuş medalla təltif edildi. Mükafatı Axundov ev muzeyinin direktoru Leyla Əliyeva tərəfindən təqdim olundu.

Onu da əlavə edək ki, 28 dekabr tarixində Axundov muzeyinin təşkil etdiyi “Gücümüz Həmrəyliyimizdədir” adlı tədbirdə Filoloq Oqtay Kazımov da Mirzə Fətəli Axundovun 210 illiyinə həsr olunmuş medalla təltif edildi. Bununla yanaşı tədbirdə çıxış edən iştirakçılara və jurnalistlərə də muzey tərəfindən xüsusi mükafatlar təqdim olundu. Jurnalistlər arasında "Marneuli" radiosunun əməkdaşı Amil Məmmədovun adı da var.

Tədbirdə Azərbaycan və Türkiyə respublikalarının səfirləri və səfirliklərin əməkdaşları, "TİKA" təşkilatının nümayəndələri, Gürcüstan hökumətinin nümayəndələri, ziyalılar, gənclər və dəvət olunmuş qonaqlar iştirak edirdilər.

Qonaqların çıxışlardan sonra tədbir aşıqların ifaları ilə davam etdi. Aşıqların çıxışları tədbir iştirakçılarının alqışları ilə qarşılandı.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Diasporuna Dəstək Fondunun və Aşıq Kamandar ev muzeyinin təşəbbüsü ilə keçirildi.

Print Email
FaceBook Twitter Google