Zəlimxan həmişə xalqının, elinin, sadə insanların yanında olmağı sevərdi – Professor Mahmud Kamaloğlu
Bu gün xalq şairi Zəlimxan Yaqubun anım günüdür. Zəlimxan Yaqubun həyat və yaradıcılığı barədə Professor Mahmud Kamaloğlu “Marneuli” radiosuna məlumat verdi.

Onun sözlərinə görə, Zəlimxan Yaqub Azərbaycan poeziyasında Səməd Vurğun qədər sözünü demiş, tanınmış böyük şair olub. Kamaloğlu deyir ki, o, bütün türk dünyasının tanınmış şairi olub.

“Onun yaradıcılığını bu gün bütün türk xalqları tanıyır. Zəlimixan Borçalı mühitində indiyə qədər yetişən bütün ədiblərin içərisində ən yüksək zirvəyə qalxan və təkcə doğulduğu vətənini yox, eyni zamanda Azərbaycanı bütün dünyaya tanıtdıran dahi bir şəxsiyyət olub. Zəlimxan yaradıcılığı təkcə poeziya ilə bitmədi. O, həm də ictimai-siyasi xadimdir. Zəlimxan kiminləsə danışanda, söhbət edəndə, ya da çıxış edəndə sanki şeir deyirdi. Zəlimxana bu vergi Alah təala tərəfindən verilmişdi. Yəni onun hər bir kəlməsi sanki şeir idi. Bir adam sözün bir sinonimini tapmaqda çətinlik çəkirdisə, Zəlimxan bir sözün 10-a qədər sinonimini tapmaqda heç çətinlik çəkməzdi. Zəlimxan sadə bir insan idi. Zəlimxan xalqın sevimlisi idi. Zəlimxan özünü heç bir vaxt yüksəkdə tutmadı. Zəlimxan torpağa, türk dünyasına bağlı biri idi. O, türk, torpaq , vətən, xalq sevdalısı idi. Onu bu şərəf ucaltdı. Yəni Azərbaycan ədəbiyyatının dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi ən böyük simalardan biri Zəlimxan Yaqub oldu. Zəlimxan Yaqubla nəinki Borçalılar, nəinki Azərbaycan, eyni zamanda bütün türk dünyası qürur duyur. Və onunla qürur duymağımıza da haqqımız var. Zəlimxan bizim müasirimiz idi. Biz çox şadıq ki, Zəlimxanla dəfələrlə görüşdük. Onun məclislərində oturduq. Onun söhbətini dinlədik. Zəlimxan həmişə xalqının, elinin, sadə insanların yanında olmağı sevərdi. Zəlimxanı böyük edən bir də o oldu ki, poeziyanı, sözü zirvəyə qaldırdı. Söz də Zəlimxanı zirvəyə qaldırdı”.

Professor deyir ki, Zəlimxan Yaqub kimi dahi şairi görmək, onun şeirləri ilə yetişmək hər kəs üçün böyük bir xoşbəxtlikdir. Kamaloğlu şairin yazdığı əsərlərin əsasən aşıq poeziyası üslubunda yazıldığını bildirir.

Kamaloğlu Zəlimxan və onun kimi dahi şairlərin ölmədiyini və daim öz yazıb-yaratdığı əsərlər sayəsində yaşadıqlarını vurğulayır.

“Özümüzü çox xoşbəxt hesab edirik ki, Zəlimxanı yaxından gördük, tanıdıq və ona qulaq asdıq. Yəni eyni zamanda Zəlimxanı Zəlimxan edən aşıq poeziyası oldu. Bu da təsadüfü deyil ki, Hüseyn Arifdən sonra Azərbaycan aşıqlar birliyini o, çox yüksək zirvələrə qaldırdı. Zəlimxan Yaqub çalışırdı ki, əlində saz tutan, dili bir kəlmə söz deməyi bacaran hər hansı saz-söz adamı var idisə, onunla görüşsün. Zəlimxan boyda insanın bəlkə mən deyərdim ki, şəkillləri milyardlarladır. Çünki o, hamını sevirdi. Hamının sevgisi ona istəyirdi ki, şəkillərdə xatirə olaraq qalsın. Çünki aqillər deyib ki, bəzən bir şəkil yazılmış böyük bir xatirədən daha çox qiymətə malikdir. Necə ki, xalqımız var, türk dünyası var Zəlimxan Yaqub yaşayacaq. Zəlimxan Yaqub daima xalqın yadındadır. Bu gün o, ruhən ölməyib. Zəlimxan Yaqub bu dünyadan köçüb, onu ruhu, onun poeziyası onun sənətə bağlığı daima xlqımızın yadaşına həkk olunub. Min illərdən bəri qayalara həkk olunan yazılar ki var. Bax Zəlimxan elə bil o yazı idi”.

Mahmud Kamaloğlu bu gün Azərbaycanda olduğu kimi eləcə də Gürcüstanda bütün Zəlimxan sevərlərin bir araya toplaşaraq onu yad etməsininin vacibliyindən də danışdı.

“Mənim bir gileyim də var. Gileyim ondan ibarətdir ki, bu gün Bakıda saz-söz sevənlər, Zəlimxan sevənlər onun Azərbaycanda yaşayan dostları bu gün gedib onu orada yad edirlər. Amma mənim gileyim ondan ibarətdir ki, bu il onun yad edə bilmədik. Artıq bu il keçdi. Gələn ildən təkcə onun doğum gününü yox, eyni zamanda dünyadan köçdüyü günü də yığılıb bir yerdə qeyd etməliyik. Bu bizim səhvimizdir. Bu səhvi şəxsən mən də öz üzərimə götürürəm. Yəni bu gün də biz bir yerə yığılıb yad etməliydik”.

Zəlimxan Yaqubla bağlı planlarından da danşan professor deyir ki, bir qrup ziyalılarla birlikdə hazırda şairin doğulduğu Bolnisi rayonunun Kəpənəkçi kəndində “Zəlimxan Yaqub” poeziya evini yaratmaq üçün çalışırlar.

“Zəlimxan Yaqubun toplu şeirləri və kitabları Gürcü dilinə tərcümə olunubdur. Yəni Gürcü ictimaiyyəti, gürcü mədəniyyəti Zəlimxan Yaqubu yaxşı tanıyır. Bizim Zəlimxan Yaqubla bağlı böyük planlarımız var. Bizim bunun üzərində işləyən dəyərli ziyalarımız var. Bizim məqsədimiz budur ki, Allahın köməkliyi və izini ilə onun doğulduğu Bolnisi rayonun Kəpənəkçi kəndində Zəlimxan Yaqub poeziya evi yaradaq. Bu çoxdan gündəmdədir. Layihə hazırlanıb. Həmin poeziya evində Zəlimxan Yaqubun bütün yaradıcılığını öz əksini tapacaq. Bu Zəlimxan Yaqubun ev muzeyi olacaq. Bir poeziya evi olacaq. Burada yaşayan gənc yazarlarımız var. Yaşlılarımız var. Əli qələm tutanarın hamısı haqqında Zəlimxan Yaqub müsabiqəsi keçirəcəyik. Onu da planlaşdırırıq. Yəni bu gün Zəlimxan yaqub poeziya evinə böyük ehtiyac var”.

Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Bolnisi bələdiyyəsinin Kəpənəkçi kəndində anadan olub. Xalq şairi 2016-cı il yanvarın 9-da dünyasını dəyişib. O, Bakıda I Fəxri Xiyabanda dəfn edilib.

Print Email
FaceBook Twitter Google