Borçalı aşığının səsi Türkiyə serialında – Nargilə Mehdiyevanın ifası “Çırak”da səsləndi (VİDEO)
14:07 / 12.02.2025
Türkiyə televiziyasında yayımlanan “Çırak” serialının
musiqisini aşıq Nargilə Mehdiyeva ifa edib.
O, “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, türkiyəli
aktyor və “Çırak” serialının ssenari müəlliflərindən biri olan Ozan
Akbaba və ailəsi onunla çox yaxındır. Mehdiyevanın sözlərinə görə,
Ozan Akbabanın bacısı onun yaxın dostudur.
“Ozan və ailəsi mənə çox yaxındır. Bacısı Bilgihan
mənim ən yaxın və
səmimi dostumdur. O, ürəyi istədiyində bizə qonaq
gələr, mən də onlara gedərəm. Türk kanallarında mənim Türkiyədə
olduğum zaman elə kanallara dəvət alaram. Bilirsiniz ki, mən
Türkiyənin hər bir şəhərində keçirilən aşıqlar bayramına hər zaman
dəvət alıram. Televiziya mənim üçün yad deyil. Ozan və ailəsi mənim
səsimi ilk dinləyəndə kövrəldilər. Onlara soyumuzun, kökümüzün
Borçalıdan olduğunu söyləyəndə istər istəməz gözləri önünə gəldi bu
əhvalat. O an mənim özlərinə nə qədər doğma olduğumu hiss etdilər.
Ailəsi məni 4-cü övladları kimi bağırlarına basdılar. Bir sözlə,
mənə doğma bir ailə oldular”.
Nargilə Mehdiyevanın dediyinə görə, Ozanın yeni layihəsi olub. Amma
istədiyi musiqiyə səs tapa bilməyib.
“Ozanın “Çırak” adlı hazır şəkildə layihəsi var idi.
Amma o, istədiyi musiqiyə səs tapa bilmirmiş. Mənə dedi ki,
Nargilə, gir studiyada nə istəyirsən, oxu və ifa et. Ozanın
İzmirdəki ailəsinin evində bir otağında studiyası var. Mən,
Bilgihan və Ozanın qardaşı Ozanla zarafat edə-edə Ozan ya bizim
sonumuza çıxacaqsan, ya da nə isə edəcəksən, dedik. Ozanla zarafat
əsnasında səsimizi yazdırdıq. Deyinə-deyinə, zarafat edə-edə Ozan
bəs etmirmi dedik. O, da “bekleyin çocuklar, sabırlı olun, güzel
şeyler olacaq” deyə, həm vokal, həm saz, həm də öz bəstələrimdən
ifa edərək oxudum. Sonucu siz də, mən də gördüm. Onlar mənə səsimin
qeyri-adi olduğunu dedilər. Ozan mənə dedi ki, “hər kəs səni
tanımalı və sənin haqqında bilməlidir”. Ozan belə bir iş gördü. 10
bölümdən ibarət olan serialda səsim və sazım səsləndi. İnşallah
istəyə görə ikinci sezon da olacaq. Davamı gələcək. Bunu da
bildirim ki, “Azizim” və “Yalvarır” öz bəstələrimdir və çox
sevildi. Hər kəs tam versiyasını gəzir və səbirsizliklə ikinci
sezonu gözləyir. Dəvətlərimiz və solo konsertlər gözləyir. Bu da
sürpriz olaraq qalsın”.
Qeyd edək ki, Aşıq Nargilə Mehdiyeva 12 yaşından aşıq sənəti ilə
məşğul olmağa başlayıb. O, ilk dəfə 1995-ci ildə Azərbaycanın Tovuz
şəhərində keçirilən qadın aşıqları müsabiqəsində birinci yerə layiq
görülüb. Daha sonra Gürcüstanda keçirilən festivalda iştirak edib
və unikal ifaçı adına layiq görülərək, 1-ci yerə çıxıb. Mehdiyeva
bir çox yerli və xarici festivallarda uğurla iştirak edib.