Əliyevanın gürcü dilində ifasına şübhə ilə yanaşan münsiflər heyəti Azərbaycan dilində ifasından sonra həyəcanlarını gizlədə bilməyiblər
25 fevral tarixində, Tbilisidə, “Rustavi 2” telekanalında yayımlanan “Səsini Göstər” müsabiqəsində iştirak edən Mirzə Fətəli Axundov adına Azərbaycan mədəniyyət muzeyinin işçisi Leyla Əliyeva Azərbaycan xalq artisti Sara Qədimovanın “Küsüb Getdi” mahnısını səsləndirib. Əliyeva Azərbaycan musiqisini ifa etmək üçün rəfiqəsindən xahiş edib və onlar da şərait yaradıblar.

“Məqsədim Azərbaycan milli musiqisinin təbliği və tanıdılması idi. İlk öncə səhnədə
“Sarı Gəlin” ifa olunacaqdı. Daha sonra “Laçın” bəstəsini seçdik. Bu iki mahnı ifa olunacaqdı. Anidən bu qərarın dəyişdirilməsini tələb etdilər. Mən də tez, sevdiyim bəstələrdən olan “Küsüb Getdi” mahnısını seçdim. Bu çəkiliş günü oldu. Sözlərini də yaxşı bilmirdim. Bütün Azərbaycan milli musiqiləri dünyanın ən gözəl musiqilərindəndir".

O, bu sahəyə marağının olduğunu və sadəcə həvəskar müğənni kimi müsabiqədə iştirak etdiyini vurğuladı.

“Modelyer Lamiyə xanım var. Onunla danışdım Azərbaycanımızın naxışlarından olan gözəl geyim ilə çıxış etmək istədiyimi bildirdim. Hər kəs həmin geyimimi çox bəyəndi. Mən müğənni deyiləm sadəcə bu sahəyə marağım var. Müğənnilik etməyi düşünmürəm. Mən gürcülərə Azərbaycan mahnılarını öyrədirəm. Gürcü müğənnilərə “Laçın”, “Sarı Gəlin” mahnılarını oxutmuşam. Gürcüstan azərbaycanlılarının mədəniyyətini tanıdıram”.

Əliyeva “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, çıxışını bitirdikdən sonra oradaca tanınmış gürcü müğənnilər tərəfindən duet təklifləri gəlib.

“Onlardan təkliflər gəldi, amma qəbul etmədim. Bu Azərbaycan milli musiqisi və qadının geyimi, duruşunun təbliği idi. Mən orada maksimum şəkildə çalışdım ki, əsl Azərbaycan xanımını təmsil edim. Mən ilk dəfə səhnəyə çıxdıqda gürcü mahnısı ifa etdim, lakin münsiflər heyəti buna inanmadılar. Dedilər bu xanım bunu ifa etmir. Səhnəyə çıxan zaman orada ad və soyadımı səsləndirmişdilər.. Çox gözəl ifa etmişdim. Sara Qədimovanın mahnısı ilə çıxış etdikdə artıq münsiflər heyəti həyəcanı gizlədə bilmədilər ki, əslində gürcü mahnısını da mən oxumuşam. Mən gürcü və Azərbaycan musiqisini səsləndirib getdim. Əslində bu qədər insanın sevgisini və gözəl rəyini alacağımı gözləmirdim. Mənimçün əlbəttə ki, çox oldu”,- Leyla Əliyeva dedi.

Qeyd edək ki, “Səsini göstər” verilişi həftədə bir dəfə keçirilir. Burada 6 obraz iştirak edir. Qalib 3000 lari məbləğində mükafatla təltif olunur. Leyla Əliyeva onlara 3000 larini qazanmaq istəmədiyini, sadəcə olaraq Azərbaycan musiqisini səsləndirmək istədiyini söyləyib. 

Print Email
FaceBook Twitter Google