“Era Teatrı” Marneulidə “Qaranlıq Xətt” Tamaşasının Premyerasına Hazırlaşır
“Era Teatrı” növbəti səhnə əsərinin – “Qaranlıq Xətt” adlı yeni tamaşanın premyerasına hazırlaşır. Tamaşa 27 aprel tarixində saat 15:00-da Marneuli Mədəniyyət Evinin səhnəsində təqdim olunacaq.

Tamaşanın müəllifi və quruluşçu rejissoru Anar Rafiqoğludur. O, “Marneuli” radiosuna verdiyi müsahibəsində bildirib ki, “Qaranlıq Xətt” psixoloji dram və detektiv janrında səhnələşdirilib:

“'Qaranlıq Xətt' tamaşası baş qəhrəmanın qaranlıq və sirli keçmişindən
bəhs edən detektiv janrda bir əsərdir. Rollarda teatrımızın aktyorları Elnur Vəlizadə və İsnar Fərzəliyev çıxış edəcəklər.”

Rejissorun sözlərinə görə, bu tamaşa ilk dəfə səhnələşdirilir və premyerası da məhz Marneulidə baş tutacaq. O əlavə edib ki, “Era Teatrı” paralel olaraq digər tamaşa və layihələr üzərində də çalışır:

“Hazırda başqa səhnə əsərləri və layihələrlə də məşğuluq. Onlarla bağlı yeniliklər olduqda ictimaiyyətə məlumat veriləcək. 'Qaranlıq Xətt' tamaşasına giriş sərbəstdir, bilet satışı nəzərdə tutulmayıb. Tamaşanı izləmək istəyən hər kəs göstərilən tarix və saatda gəlməklə ödənişsiz şəkildə izləyə bilər.”

Qeyd edək ki, bu tamaşa "Regionlarda teatr mədəniyyətinin təbliği və inkişafı" layihəsi çərçivəsində Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi tərəfindən dəstəklənir.

Anar Rafiqoğlu bildirib ki, artıq bir neçə aydır bu layihə üzərində işləyirlər və onun sözlərinə görə, tamaşaçıların ürəkdən gələn alqışları onların zəhmətinin ən böyük mükafatıdır.

Quruluşçu rejissor əlavə edib ki, tamaşa may ayında Qardabanidə də nümayiş olunacaq.

Xatırladaq ki, “Era Teatrı”nın son tamaşası 2024-cü ilin 7 və 11 noyabr tarixlərində Tbilisidə səhnələşdirilmiş “Zoopark Əhvalatı” idi. Psixoloji dram janrında olan həmin tamaşada baş rolları Elnur Vəlizadə və İdris Rüstəmov canlandırıblar. Tamaşanın quruluşçu rejissoru və pyesin tərcüməçisi də Anar Rafiqoğlu olub.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google