Ev-məktəb-ev: Kəndlərdə yaşayan qızların imkan yolları
15:59 / 18.11.2025
Ev-məktəb-ev – kənddə yaşayan qızların gün ərzində keçdiyi yol
əsasən budur.
Əksər kəndlərdə, xüsusilə də rayon mərkəzindən uzaqda yerləşən
kəndlərdə qızlar üçün inkişafa yönəlmiş sinifdənkənar xidmətlər
əlçatan deyil. Qızlar məktəbdən birbaşa evə qayıdırlar və əksər
hallarda ailə işlərində iştirak edirlər.
22 yaşlı Türkan Şahverdova Marneuli bələdiyyəsinin Böyük Muğanlı
kəndində anadan olub. Məktəbi də həmin kənddə bitirib
və sonradan
təhsilini Tbilisidə davam etdirib. Türkan deyir ki, məktəb dövründə
rayon mərkəzinə gedə bilmirmiş. İctimai nəqliyyat böyük problem
olub və eləcə də qızların uzaq məsafəyə getməsi ilə bağlı
stereotiplər mövcud olub.
Kənddə isə həmyaşıdları ilə zaman keçirmək, sinifdənkənar təhsil
almaq, müxtəlif dərnəklərə getmək, sosiallaşmaq üçün məktəbdən
əlavə yer olmadığını bildirir. O, qeyd edir ki, Böyük Muğanlıda bu
gün də belə məkan yoxdur.
Marneuli bələdiyyəsində 74 ictimai məktəb fəaliyyət göstərir. 74
məktəbdən 17-si baza məktəbidir və 2025-2026-cı tədris ilindən 9 il
əvəzinə, 10 illik təhsil olacaq. Bu deməkdir ki, Marneulinin 17
kəndində şagirdlər öz məktəblərində 10 il oxuyacaqlar. Sonra isə
ailənin qərarına uyğun olaraq təhsillərini başqa kəndin və ya
şəhərin məktəbində davam etdirməli olacaqlar. Ola bilər, qızların
və ailələrinin təhsili davam etdirmək istəyi olsun, amma maddi
çətinlik, ictimai nəqliyyatın natamam xidmətinə görə onlar bu
imkandan məhrum idilər.
Vətəndaş Bərabərliyi Platformasının sədri Samirə İsmayılovanın
sözlərinə görə, kəndlərdə yaşayan qızlara fərdi inkişaf üçün həyati
əhəmiyyət daşıyan bu yaxşılıqlar daha az əlçatandır. Təhsil, fərdi
inkişaf və ya səhiyyə xidmətləri kəndlərdə yaşayan qızlara nisbətən
şəhərdə yaşayan qızlara daha çox əlçatandır.
“Kəndlərdə yaşayan qızlarla bağlı mühit də daha
stereotiplidir, daha qapalı şəraitdə yaşamalı olurlar. Ona görə də
kəndlərdə yaşayan qızların problemləri böyük şəhərlərdə yaşayan
qızlar üçün əksər hallarda aktual olmaya, yaxud ikinci dərəcəli ola
bilər”, – Samirə İsmayılova bildirdi.
Vətəndaş Bərabərliyi Platformasının sədrinin açıqlamasına görə,
kəndlərdə yaşayan qızların hüquqları da çox pozulur. Bu erkən yaşda
evlilik hallarında da təsvir olunub.
“Kəndlərdə yaşayan qızların hüquqi vəziyyəti statistika baxımından
əksər hallarda pozulur. Eləcə də bizim regionda spesifik uşaq
evliliyi məsələsinə toxunsaq, görərik ki, faktlar daha çox
kəndlərdə qeydə alınır. Məlumat və müxtəlif xidmətlərin əlçatan
olduğu böyük şəhərlərdə uşaq evliliyi daha azdır. Şəhərlərdə
təhsilin əlçatanlığı və səhiyyə xidmətləri də daha yaxşı inkişaf
edib. Əgər kənddə yaşayırsansa və sənə səhiyyə xidmətləri
lazımdırsa, yaxud oxşar xidmətlər yoxdursa, ya da misal üçün
reproduktiv xidmətlərlə bağlı stereotip yanaşma
varsa”, – Samirə İsmayılova deyir.
Onun sözlərinə görə, şəhərlərdən fərqli olaraq kəndlərdə demək olar
ki, qızların qeyri-formal tədbirlərə qoşulacağı, fərdi inkişaf
edəcəyi təşkilatlar və müəssisələr yoxdur. Qeyri-formal və formal
təhsil gənclərin bacarıqlarını inkişaf etdirməyə kömək edir. Bu isə
onların işlə təmin edilməsi və rəqabətlilik səviyyəsini artırır.
İşlə təmin olunmaları qızların iqtisadi imkanlarını gücləndirir, bu
isə birbaşa ölkənin iqtisadi artımına da təsir göstərir.
Kəndlərdə və şəhərlərdə yaşayan gənclərin imkanlarının fərqliliyini
müxtəlif tədqiqatlar da təsdiq edir. Gürcüstanda 2014-cü ildən
sonra gənclərin milli tədqiqatı aparılmayıb. Burada konkret fərqlər
və göstəricilər qeyd olunur. Müxtəlif tədqiqatlarda kəndlərdə
yaşayan qadınların, gənclərin və onların imkanları haqqında
məlumatlar qeyd olunmayıb.
Fridrix Eberti Fondu (FES) tərəfindən 2023-cü ildə aparılmış
tədqiqata əsasən, təhsil və işlə təmin olunmanın əlçatanlığı
baxımından qeyri-bərabərlik qeydə alınır. Kəndlərdə yaşayan gənclər
şəhərlərdə yaşayanlara nisbətən təhsillərini ali təhsil
müəssisələrində daha az davam etdirirlər və təhsili dayandıran
gənclər arasında çoxluq təşkil edirlər. Həmin araşdırmaya görə,
Tbilisidə yaşayan gənclərin karyera inkişafı üçün kəndlərdə yaşayan
gənclərdən daha çox imkanları var.
“Başqa şəhər və kəndlərdə yaşayan gənclərə nisbətən
(hər qrupda 30%) Tbilisidə yaşayan gənclər daha çox işlə təmin
olunublar (45%). Gürcüstanda qadınlara nisbətən daha çox gənc
kişilər işlə təmin olunub (43%). Sorğuda iştirak edən qadınların
təxminən dörddə biri (26%) işlə təmin olunub”, –
araşdırmada qeyd olunub.
BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı FAO tərəfindən 2025-ci
ildə hazırlanmış “Gürcüstanda kənd təsərrüfatı və kəndlərdə yaşayan
milli gender profili” araşdırmasına əsasən, İstanbul
Konvensiyasının həyata keçirilməsi haqqında Gürcüstanın nail olduğu
tərəqqinin sonuncu müzakirəsi diskriminasiya problemini aydın
şəkildə aşkar etdi və kəndlərdə yaşayan milli və ya etnik azlıqlara
mənsub qadınlar, qızlar, xüsusilə isə uzaqda yerləşən kəndlərdə,
dağlıq məntəqələrdə yaşayanların müdafiəsiz olduğu amilini diqqətə
yetirdi.
FAO-nun araşdırması qadın və kişilərin rolunun, imkanlarının və
kənd təsərrüfatında, Gürcüstanda kənd həyatında çatışmazlıqları
müzakirə edir.
“Bu yerlərdə yaşayan qadınlar məlumatsızdırlar və
xidmətlərə, imkanlara, iqtisadi gücləndirmə, işlə təmin olunma
vasitələrinə əlçatanlıqları yoxdur. Hüquq-mühafizə orqanlarına
qarşı etibarsızlıq var. Bu isə kənddə yaşayan, yardıma ehtiyacı
olan qadınlara qarşı ya da ailəyə zorakılıq hallarında maneələr
yaradır”, – araşdırmada qeyd olunub.
Qadın və qızların hüquqları üzrə işləyən yerli, beynəlxalq
təşkilatlar da kəndlərdə yaşayan qızların şəhərlərdə yaşayanlara
nisbətən az imkana sahib olduğunu etiraf edirlər.
Samirə İsmayılovanın qeyd etdiyinə görə, kəndlərdə yaşayan
gənclərin, xüsusilə də qızların imkanlarının artırılması üçün
yerlərdə gənclər mərkəzlərinin açılması böyük rol oynadı. Ancaq
mərkəzlərin əksəriyyəti Gürcüstan hakimiyyəti və “Gürcü arzusunun”
Parlamenti tərəfindən qəbul edilmiş qanunvericilik dəyişikliklərinə
görə kəndlərdə işləyə bilmirlər, fəaliyyətlərini dayandırmalı
olurlar. Bu isə qızların məruzələr dinləyəcəyi, bir-biri ilə söhbət
edəcəyi, qeyri-formal təhsil alacağı məkanları əllərindən alır.
"Əlbəttə ki, icma mərkəzləri gənclərin şəxsi inkişafına
böyük müsbət təsir göstərib. Onların böyük bir hissəsi beynəlxalq
qrantların və yerli QHT-lərin dəstəyi ilə yaradılıb. Son iki ildə
bu məkanlarda yaradılan yaxşı şeylərin praktik olaraq yoxa
çıxdığını gördük. Bu gün icmada müxtəlif proseslərə qoşulan bir çox
gənc qız-oğlanlar görürük. Dövlətin bu mərkəzləri dəstəkləmək
siyasəti olsaydı və bu proses uzunmüddətli olsaydı, kəndlərdə
vəziyyət daha yaxşı olardı", – Samirə İsmayılova qeyd
edir.
Gürcüstandakı 3600 kənddən təxminən 250-də icma mərkəzləri var idi.
İcma mərkəzlərinin əsas məqsədi yerli icmanın problemləri üzərində
işləmək və vətəndaşlarla yerli özünüidarəetmə arasında bir növ
əlaqə yaratmaqdır. İcma mərkəzləri həmçinin Marneuli və Bolnisidə
də fəaliyyət göstərir.
Bolnisi və Marneuli qonşu rayonlar olsa da, bu bələdiyyələrdə icma
təşkilatlarının yaradılması və fəaliyyət göstərməsi təcrübəsi
bir-birindən xeyli fərqlənir. Samirə İsmayılovanın sözlərinə görə,
Gürcüstanda öz hesabına icma mərkəzlərini maliyyələşdirən və
yaradan yeganə bələdiyyə Bolnisi bələdiyyəsidir – bələdiyyə Bolnisi
şəhərində, Kazreti qəsəbəsində, Naxiduri, Kvemo Bolnisi, Talaveri
və Darbazidə icma mərkəzləri açıb.
Marneulidə fəaliyyət göstərən icma mərkəzlərinin böyük əksəriyyəti
qeyri-hökumət təşkilatları tərəfindən açılıb və onların gəlirləri,
fəaliyyətinin əsas mənbəyi beynəlxalq donorlardan alınan qrantlar
olub. Qanunvericilik dəyişiklikləri səbəbindən onlar artıq qrant
ala bilmirlər və işlərini adi formatda davam etdirə bilmirlər.
İcma mərkəzlərində kənd yerlərində yaşayan gənclər qeyri-rəsmi
təhsil ala, ekologiya, kənd təsərrüfatının inkişafı, fərdi inkişaf
və digər mövzularla bağlı layihələrdə iştirak edə bilirdilər. İcma
mərkəzləri tez-tez qızlar üçün toplaşa, ümumi problemləri müzakirə
edə və onları həll etməyin yollarını tapa biləcəkləri pulsuz bir
məkana çevrilirdi. Mərkəzlər həmçinin gənclərə kompüter sahəsi,
kitabxana və təlim prosesinə hazırlaşmağa kömək edəcək digər
xidmətlər təklif edirdi.
Samirə İsmayılovanın sözlərinə görə, dövlət kənd yerlərində yaşayan
gənclərin, xüsusən də qızların inkişafı üçün aydın siyasət
hazırlamalı və icma təşkilatlarının nümayiş etdirdiyi yaxşı
təcrübələrdən istifadə etməlidir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Bizi "TikTok"da
izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.