“Bilmirəm”, “eşitməmişəm”,
“maraqlanmıram” – söhbət yerli özünüidarədən gedirsə,
siz bu cavabları Marneuli küçələrində keçənlərdən tez-tez eşidə
bilərsiniz. “Marneuli” radiosu tərəfindən keçirilən video sorğu
göstərdi ki, yerli əhalinin bir hissəsi təkcə öz hüquqlarını deyil,
hətta bələdiyyə meri kimdir və meriyanın hansı funksiyaları var –
onu da bilmir. Bəzilərinin isə ümidsizlik hissi var və düşünürlər
ki, özünüidarə insanların qayğısına
qalmır. Bəziləri isə bu
funksiyaları, məsələn, əməliyyatlara kömək etmək, pensiyaları
ödəmək və ya sosial status verməyi yerli özünüidarənin səlahiyyəti
hesab edir.
Bu yalnız məlumat çatışmazlığı deyil. Bu sistemli şəkildə
yadlaşmadır, hansı ki, mütəxəssislər buna “formal demokratiya”
deyirlər. Özünüidarəetmə Məcəlləsi vətəndaşlara petisiyalar vermək,
o cümlədən Bələdiyyə Məclisinin iclaslarında iştirak etmək və merin
hesabatını dinləmək imkanı verir. Lakin Marneulinin timsalında
büdcə müzakirəsi prosesi illərdir, formal xüsusiyyət daşıyır.
Meriya büdcə layihəsini veb-səhifədə yayımlayır və vətəndaşlara
qanunla müəyyən edilmiş 10 günlük müddət ərzində rəy bildirmək
imkanı verir, ancaq praktika göstərir ki, bu proses real iştirak
olmadan həyata keçirilir. Cari il də belə oldu. Bu dövr ərzində
vətəndaşlardan heç bir təklif daxil olmayıb.
İnsanların iştirakına nə maneə olur və niyə qanunla təmin olunmuş
hüquqlardan istifadə olunmur? Bələdiyyələrin Demokratik İnkişafı
Mərkəzinin direktoru, Maqda Popiaşvili bizimlə söhbəti zamanı
bildirdi ki, vətəndaşlar əksər hallarda öz hüquqlarını tanımırlar,
onlar iştirak üçün hansı alətlərə malik olduqlarını bilmirlər və
müvafiq olaraq, onlardan istifadə edə bilmirlər. İkinci problem isə
özünüidarələrin formal yanaşmalarıdır: onlar səlahiyyətlərini
yalnız kağız üzərində həyata keçirir və vətəndaşların iştirakına
fəal dəstək göstərmirlər.
“Məcəllə həm öhdəlikləri, həm də hüquqları nəzərdə
tutur. Lakin, təcrübədə, təəssüf ki, vəziyyət çox pisdir və bu,
tək-tük bələdiyyələrlə məhdudlaşmır, faktiki olaraq illərdir, bütün
Gürcüstanda eyni mənzərə müşahidə olunur. Vətəndaşlar öz
hüquqlarını bilmirlər – birincisi, insanlar bu prosesdə iştirak
etməyə maraq göstərmirlər, çünki ilk növbədə onu bilmirlər, bu isə
təbiidir. İkincisi, bələdiyyələr, qanunun tələblərini yerinə
yetirmək məcburiyyətində olsalar da, bunu formal şəkildə edirlər və
hətta merin illik hesabatı – biz bəzən bunu görə bilirik – yenə də
yalnız onun ətrafındakılarının, öz aparatının əməkdaşlarının
qarşısında təqdim olunur, yəni merin bir il ərzində gördüyü işlərin
təqdimatı kimi, elə deyilmi? Bu, nəticədə bizə həmin yadlaşma və
məlumatsızlıq vəziyyətini yaradır, yəni insanlar bir problemləri
olduqda kimə və necə müraciət edəcəklərini bilmirlər. Petisiya da
əslində yaxşı mexanizmdir ki, insanlar öz təşəbbüslərini ortaya
qoysunlar və ehtiyaclarını bu formada həll etsinlər. Ancaq insanlar
əksər hallarda özünüidarənin və mərkəzi hökumətin hansı
səlahiyyətləri olduğunu bilmirlər. Müvafiq olaraq, necə, nə cür və
kimə müraciət etməli olduqlarını başa düşə
bilmirlər”, – Maqda Popiaşvili deyir.
Yerli özünüidarənin əsas funksiyası əhalinin gündəlik
problemlərinin həllidir. Elə bir hal olub ki, Marneulinin majoritar
deputatı Zaur Darğallı Araflı kəndində əhaliyə su probleminin həll
ediləcəyini vəd edib, bundan sonra bir vətəndaş sosial şəbəkədə ona
təşəkkür edib və bu barədə paylaşım da edib.
Təbiidir ki, cəmiyyətdə sual yaranır. Bu zaman yerli hakimiyyət
harada idi? Suyun təmin olunması yerli özünüidarənin məsuliyyətidir
və əhaliyə yardım ilk növbədə onlara həvalə olunmalıdır, halbuki
deputatın müdaxiləsi birbaşa vəzifəsindən daha çox siyasi addımı
xatırladır.
Yerli özünüidarə mütəxəssisinin sözlərinə görə, vətəndaşlar və
hakimiyyət arasında əlaqə əksər hallarda məhduddur. Onun
bildirdiyinə görə, bu əlaqə əsasən dörd ildən bir – seçkilər zamanı
aktivləşir. Məhz həmin vaxt vətəndaşın ehtiyacı hakimiyyət üçün
prioritetə çevrilir. Digər vaxtlarda bələdiyyə nümayəndələrinin
əhali ilə ünsiyyəti və onları fəallaşdırması faktiki olaraq baş
vermir.
“Baxmayaraq ki, illərdir, mülki sektor da çox çalışır
ki, vətəndaş fəallaşsın, heç nə alınmır, çünki bu, təktərəfli
proses ola bilməz. Buna ikitərəfli istək və ikitərəfli hazırlıq
lazımdır. Bələdiyyə orqanları bunun üçün hazır deyilsə, hətta fəal
vətəndaşı olanı belə müəyyən şəkildə basdırmaq və onun fəallıq
istəklərini əlindən almaq üçün hər şeyi edirlərsə, aydın olur ki,
burada uğurdan danışmaq sadəcə mümkün deyil. Bu məhz onu göstərir
ki, insanlar üçün, birinci növbədə, feysbukda və ya veb-saytda bir
şey paylaşmaq onun çoxları tərəfindən görüləcəyi anlamına gəlmir,
elə deyil? Merin nümayəndələri məlumatı çatdırmaq və daha sonra
əhalidən meriyaya geri məlumat çatdırmaq üçün mövcuddur. Amma
yalnız feysbukda və ya veb-saytda büdcə layihəsini yerləşdirib hər
hansı təklif gəlməsini gözləsəniz, əlbəttə ki, heç bir təklif
gəlməyəcək, çünki birincisi, əhali məlumatsızdır və ikincisi,
büdcədə nə, necə və hansı formada yazıldığını ümumiyyətlə bilmir.
Kim əhaliyə öyrədib, kim illər boyu işləyib ki, vətəndaş nə edə
bilər, hansı dəyişiklikləri edə bilər, necə edə bilər, hansı
təşəbbüsü irəli sürə bilər ki, bu büdcədə əks olunsun. Büdcə ilə
bağlı, yeri gəlmişkən, çox yaxşı praktik nümunə illər əvvəl məhz
Marneulidə olub, çünki o, iştirakçı büdcələşdirmə proqramı tətbiq
olunan ilk yerlərdən biri idi”, – Popiaşvili
bildirir.
Maqda Popiaşvilinin sözlərinə görə, yerli özünüidarə gündəlik
mühitin yaxşılaşdırılmasına yönəlib. Vətəndaş proseslərdə iştirak
etmədikdə, təbii olaraq, problemlər onları narahat etdiyi şəkildə
nə müəyyənləşdirilir, nə də həll olunur.
“Məcəllə birbaşa izah edir ki, özünüidarəetmə
vətəndaşların hüququ və imkanıdır ki, öz ehtiyaclarını və onları
narahat edən məsələləri özü həll etsin. Bunu ölkədə heç bir yerli
hakimiyyət məmuru anlamayıb: özünüidarəetmə vətəndaşdır, məmur
deyil, onu yalnız seçkilər zamanı vətəndaşlar müvəqqəti olaraq öz
hüquqlarını, daha doğrusu, ehtiyaclarını həll etmək üçün işə
götürür. Məhz buna görə də bizim özünüidarəetmədə və əhalinin
rifahı ilə bağlı real problemlərimiz mövcuddur”.
Yerli özünüidarəetmənin fəaliyyətində mühüm rollardan birini merin
nümayəndələri tutur. Lakin Maqda Popiaşvilinin sözlərinə görə,
onlar tez-tez üzərlərinə qoyulan vəzifələri lazımi şəkildə yerinə
yetirmirlər.
“Merin nümayəndələrinin əsas məqsədi, fəaliyyət sahəsi
və funksiyası odur ki, ehtiyacların öyrənilməsi və nəzərə alınması
üçün bir tərəfdən bələdiyyənin yeniliklərini əhaliyə çatdırsınlar,
digər tərəfdən isə əhalinin ehtiyaclarını meriyaya çatdırsınlar.
Lakin təəssüf ki, merin nümayəndələri tez-tez bu funksiyanı kifayət
qədər yerinə yetirə bilmirlər. Əvəzində isə həqiqətdə onların işi
olmayan funksiyanı mükəmməl yerinə yetirirlər. Seçkiləri nəzərdə
tuturam. Yenə də, onlar hakim partiya üçün səslərin toplanmasını,
vətəndaşlara təsir göstərməyi, təzyiq etməyi, tez-tez qorxutmağı,
bəzən isə rüşvət verməyi və s. olduqca yaxşı
bacarırlar”, – Popiaşvili deyir.
Mütəxəssislərin qiymətləndirməsinə əsasən, çıxış yolu mer
nümayəndələrinin gücləndirilməsi və onların əhali ilə ünsiyyətdə
olmasındadır. Nümayəndə yalnız “siyasi həlqə” olmamalı, xalqın
gündəlik səsinə çevrilməlidir. Petisiyalar, iştirakçı büdcə və
ictimai iclaslar isə kağız üzərində yazılmış hüquqlar olaraq
qalmamalıdır. Bunlar vətəndaşın öz kəndini və ya icmasını birbaşa
özü idarə etməsi üçün nəzərdə tutulan alətlərdir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Bizi "TikTok"da
izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.