Təhsil islahatı: Etnik azlıqlar üçün əlçatanlıq riski
“Gürcü Arzusu” hökuməti təhsil sistemində həm məktəb, həm də ali təhsili əhatə edən yeni islahatları elan edib. Dəyişikliklərdən biri fakültələrin azaldılmasıdır ki, bu da şərti olaraq “bir şəhər – bir fakültə” modelinə əsaslanır.

Bu yanaşmaya əsasən, ola bilsin konkret istiqamətlər bir şəhərdə qalsın. Misal üçün, Tbilisi Dövlət Universitetində yalnız hüquq fakültəsi fəaliyyət göstərsin, eyni proqram
digər dövlət universitetlərində ləğv olunsun. Ya da humanitar istiqamət təkcə Kutaisidə əlçatan olsun və başqa şəhərlərdə tədris olunmasın.


Tələbələrin qiymətləndirməsinə əsasən, oxşar dəyişiklik xüsusilə regionlarda yaşayan gənclərin təhsilə əlçatanlığını məhdudlaşdırır. Başqa şəhərə köçmək imkanı olmayanlar üçün seçim əhəmiyyətli dərəcədə daralır. Misal üçün, Marneulidə yaşayan tələbələr üçün Tbilisi coğrafi yaxınlıqdan irəli gələrək nisbətən əlçatandır və çoxları oxumaq üçün paytaxta köçməli olmur.

Belə tələbələrdən biri Aytəkin Kərimovadır. O, TDU-ya etnik azlıqlar üçün nəzərdə tutulmuş proqramla qəbul olub və indi hazırlıq kursunda oxuyur. Bu o deməkdir ki, indi yalnız dövlət dilini öyrənir. İstədiyi fakültəyi isə bir il sonra seçəcək. Aytəkin düşünür ki, onun üçün arzuolunan proqram Kutaisidə olsa idi, orada oxuya bilməzdi. Bu isə seçim azadlığını məhdudlaşdırar və təhsilini istəmədiyi istiqamət üzrə davam etdirməyə məcbur olardı. 

“Mənim fikrimcə, məsələn Kutaisidə təhsil ciddi problemlər yaradacaq. Düzünü desəm, Tbilisiyə gələndə də adaptasiya nöqteyi-nəzərindən çox çətin oldu. Səmimi şəkildə desəm, bu düşüncə ilə razılaşmıram, çünki bu əlavə problemlər yaradacaq. Biz Tbilisiyə kənddən gəlirik və geri qayıtmaq daha asandır, nəinki Kutaisidən. Elə buna görə də düşünürəm ki, belə dəyişiklik bizim və gələcək tələbələr üçün çətin olacaq”. 

Hazırlıq kursunun Marneulidən olan başqa bir tələbəsi də eyni çətinlikdən danışır.

“Mənim üçün bu qəbuledilməzdir, ona görə ki, bəzi uşaqların valideynləri və ya ailənin böyükləri icazə vermirlər ki, oxumaq üçün belə uzağa getsinlər. Nəticədə, uşaq istəmədiyi ixtisası seçməyə məcbur olacaq”, – hazırlıq kursunun tələbəsi deyir.

Təhsil Nazirliyindən bildirirlər ki, artıq qəbul olmuş tələbələr təhsillərini hal-hazırda oxuduqları fakültə üzrə bitirəcəklər. Dəyişiklik isə 2026-cı ildə qəbul olunan tələbələrə aid olacaq.

Bununla yanaşı, təqdim olunan yeni təhsil islahatında etnik azlıqlar haqqında heç nə deyilməyib. Mövzu ilə bağlı daha ətraflı məlumat almaq üçün “Marneuli” radiosu Təhsil Nazirliyinə rəsmi məktubla müraciət etdi və “1+4” proqramı tələbələrinə hansı şərtlərin tətbiq olunacağını, özəl universitetlərdə qeydiyyatdan keçmiş “1+4” proqramı tələbələri üçün dövlət maliyyələşməsindən yararlanmaq imkanının olub-olmayacağını soruşdu. Təhsil Nazirliyinin cavabına görə, 2024–2025 tədris ili üçün azərbaycan və erməni dillərində testlər əsasında qəbul olunmuş tələbələr üçün dövlət təhsil qrantı ilə maliyyələşdirmənin həcmi artırılıb, 2025–2026 tədris ili üçün isə həmin məbləğ yenidən iki dəfə artırılıb.

Bununla belə, nazirlikdən qeyd edirlər ki, ali təhsil sisteminin islahatının milli konsepsiyası çərçivəsində 2026-cı ildən yalnız 2026-cı ilin vahid milli imtahanlarının nəticələrinə əsasən dövlət ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanan tələbələr maliyyələşdiriləcək. Dövlət maliyyələşdirilməsi artsa da, aydın cavab yoxdur ki, islahatın nəticəsi olaraq seçimi məhdudlaşa biləcək tələbələr maliyyələşdirməni saxlayacaqlar, yoxsa yox.

Uyğun olaraq, etnik azlıq nümayəndəsi olan gənclər üçün hələ də yeni islahat onların təhsildə real seçim imkanlarını azaldıb-azaltmayacağı sualı açıq olaraq qalır.

Təhsil üzrə mütəxəssis Şalva Tabatadze deyir ki, islahatın nəticələri haqqında konkret proqnoz vermək çətindir, çünki qərarların əhəmiyyətli hissəsi hələ də qaranlıqdır. Tabatadzenin sözlərinə görə, ən ciddi problem əlçatanlıq mövzusudur ki, bu da islahat nəticəsində daha da kəskinləşəcək. Belə ki ərazi prinsipinin dəyişməsi və təhsil habının şərti olaraq Kutaisiyə köçürülməsi etnik azlıq nümayəndələri üçün real bariyerə çevrilə bilər.

“Bir şey demək və proqnozlaşdırmaq bir qədər çətindir, çünki məlumat tamamilə qaranlıqdır. Məncə, özləri də tam məlumat sahibi deyillər. Proqramların sayına, qeydiyyatdan keçəcək tələbələrin sayına dair heç bir məlumat yoxdur və s. Ümumiyyətlə, heç kim etnik azlıq nümayəndələrini və 1+4 proqramını qeyd etmir. Tutaq ki, 1+4 eyni formatda davam edəcək, nəzərdə tutulur ki, mövcud olan nisbətlər qalacaq – amma hələlik qəbul edilmiş ali təhsil qanununda bu maddə ilə bağlı dəyişiklik olmayıb. Dövlət universitetlərində mövcud olan nisbətlər böyük ehtimalla pozulacaq və əlçatanlıq faktiki olaraq problem olacaq. Pozuntu dedikdə, mövcud olan 5-5 faizin qala biləcəyini nəzərdə tuturam, amma biz faktiki olaraq etnik azlıqların hansı universitetlərə paylandığını və necə olduğunu bilirik. Yəni, bu Tbilisi universitetləridir. Digər tərəfdən, Samtsxe-Cavaxeti universiteti tam doludur. Bu baxımdan, habın Kutaisiyə köçürülməsi ərazi prinsipi baxımından əhəmiyyətli dərəcədə əlçatanlıq problemi yaradacaq. Çünki Kutaisi universiteti etnik azlıqlar üçün əvvəllər hədəf olmayıb. 1+4 proqramında tələbələrin sayı yalnız COVID dövründə artıb, həmin dövrdə onlayn təhsil mümkün idi və bu müddət ərzində oraya daxil olmuş tələbələr təhsilini davam etdirirdilər. Digər hallarda onların sayı çox deyil və buna görə də, eyni Telavi universitetindən və ya Samtsxe-Cavaxeti universitetindən olan tələbələr üçün alternativ Kutaisi deyil”, – Şalva Tabatadze deyir.

Mütəxəssis hesab edir ki, regional seçimin məhdudlaşdırılması şəraitində yüksək rəqabət bahasına Tbilisi hələ də yeganə real istiqamət olaraq qalacaq.

“Alternativ hələ də Tbilisi olacaq, burada bir tərəfdən rəqabət yüksək olacaq, digər tərəfdən isə biz bilirik ki, xüsusilə ermənidilli abituriyentlər arasında “1+4” proqramında iştirak artmışdı, amma məsələn, azərbaycandilli əhali arasında olduğu kimi bu qədər kəskin deyildi. Bunun əsas amillərindən biri ərazi prinsipi idi. Samtsxe-Cavaxeti Tbilisidən uzaqdır və Samtsxe-Cavaxetinin özündə, əgər düzgün xatırlayıramsa, 36 yer vardı və bu 36 yer daim dolurdu – yəni ərazi prinsipi yerli səviyyədə maliyyə baxımından böyük əhəmiyyətə malikdir və buna görə ya ali təhsili davam etdirməyi seçmirdilər, ya da Ermənistana gedirdilər, bu isə həmin qrup üçün əlçatanlığı əhəmiyyətli dərəcədə azaldır. Xüsusi universitetlərə gəldikdə isə, təhsil üzrə mütəxəssis izah edir ki, birillik proqramlar burada həmişə məhdud şəkildə təqdim olunub. Onların əsas funksiyası dövlət universitetlərində məcburi idi, buna görə xüsusi universitetlərdə 1+4 proqramının tətbiqi təbii olaraq problemli idi. Bir neçə universitetdə az miqdarda təqdim olunub, məsələn, Qafqaz Universiteti bu proqramı işlətmək istəyirdi və akkreditasiyanı aldı, amma dövlət artıq bu istiqamətləri maliyyələşdirmədiyi üçün xüsusi universitetlərdə “1+4” proqramının yayılması problemli idi və əsasən dövlət universitetlərinə aid idi. Buna görə bu baxımdan böyük dəyişikliklər gözləmirəm. Yəni bu proqram xüsusi universitetlərə daha az yönəldilmişdi. Amma xüsusi universitetlərlə bağlı nə olacağı və onların tələbələri qeydiyyatdan necə keçirəcəkləri hələlik çox qeyri-müəyyəndir, çünki onlar da dəqiq bilmirlər ki, dövlət universitetlərində paylanma necə olacaq və buna uyğun olaraq strategiyalarını hazırlamalıdırlar. Çünki bilirik ki, dövlət maliyyələşdirilməsi artıq xüsusi universitetlərə ümumiyyətlə getmir. Əvvəlki kimi qrant şəklində dövlət maliyyəsi verilirdisə, indi həmin maliyyə də götürülüb”, – Şalva Tabatadze deyir.

Tabatadzenin sözlərinə görə, təqdim olunan dəyişikliklər həqiqi islahat olaraq sayıla bilməz, bu, əsasən, siyasi məqsədlərə xidmət edir. Onun qiymətləndirməsinə görə, pulsuz dövlət universitetlərinin ritorikasına baxmayaraq, həqiqi əlçatanlıq problemi mövcuddur. Xüsusilə regionlarda yaşayan tələbələr və sosial vəziyyəti aşağı olan qruplar zərər görəcəklər.

“Bu, əslində siyasi qərarlardır, hansı ki, siyasi və maliyyə elitasına xidmət edir və onların maraqlarına uyğunlaşdırılıb. Problemlər bütün sahələrdə mövcuddur. Əlçatanlıq baxımından etnik azlıqlar kontekstində danışdıq, amma problem çoxlu qruplarda yaranır, xüsusilə də bölgələrdə təhsil alan və aşağı sosial-iqtisadi statusa malik olan qruplarda, çünki burada dövlət universitetində yerlərin sayı əhəmiyyətli dərəcədə məhdudlaşdırılır və dövlət bugünə qədər maliyyələşdirdiyindən daha çox tələbəni maliyyələşdirməyəcək. Faktiki olaraq bir fakültə, bir şəhər yaranır, hər hansı seçim imkanı olmadan və bu mühüm problemdir. Xüsusilə də dövlət maliyyələşdirməsini özəl universitetlərdə əldə edə bilməyəcəklər və bu keyfiyyət baxımından da mühüm problem olacaq, çünki rəqabətin olmaması şəraitində, dövlət universitetlərinin beynəlxalq tələbələri qəbul etmək və beynəlxalqlaşmaq imkanları olmayacaq, bu isə birbaşa keyfiyyətə zərbə vuracaq.”

Şalva Tabatadzenin sözlərinə görə, bu dəyişikliklər sistemli təhsil məqsədlərinə deyil, başlıca olaraq siyasi maraqlara xidmət edir. Onun qiymətləndirməsinə əsasən, islahat kəskin şəkildə universitetlərin müstəqilliyini və akademik azadlığını məhdudlaşdırır. Bu isə təhsil prosesinə və tələbələrin imkanlarına birabaşa təsir göstərir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google