Erkən yaşda evlilik, sosial məhdudiyyətlər, qazanılmış peşə – Lamiyə Qəribovanın dərzilik yolu
16:59 / 19.02.2026
“Doğrudur, stereotiplər var, amma mən artıq uzun
müddətdir onlara diqqət yetirmirəm”, - erkən yaşda
ailə quran və illər sonra öz uşaqlıq xəyalını,
dərzi olmaq arzusunu iki övladı və bir azyaşlı nəvəsi ilə bərabər
reallaşdıran qadın.
45 yaşlı Lamiyə Qəribova Qardabani bələdiyyəsinin Qaratəhlə
kəndində yaşayır. Dərzi olaraq fəaliyyət göstərir. Onun uşaqlıqdan
dərzilik sahəsinə böyük marağı olub. Anası
və xalası dərzi
olduğundan bu sahə ilə daha da yaxından tanış olub. Lakin, 16 yaşda
ailə qurduğundan bu sahədə özünü inkişaf etdirə bilməyib. Ailənin
qayğısına qalmalı və iki övladını böyütməli olub. Evləndikdən illər
sonra bu sahə üzrə peşəkarlaşmaq qərarına gəlib. 40 yaşında olarkən
“Modus” kollecinə daxil olub, geyim istehsalı istiqamətində təhsil
alıb.
Hal-hazırda Rustavi şəhərində özünün tikiş emalatxanasını qurub və
orada sifarişlər qəbul edir. Dərzinin sözlərinə görə, o, buranı
açmazdan əvvəl verilən sifarişləri evdə hazırlayırmış.
“Bir paltarı bəzən 5 saata, bəzən 15 saata tikirəm. Son
illərdə müştərilər daha müasir və fərdi modellər istəyirlər. Gürcü
və azərbaycan milli geyimlərinə də üstünlük
verirlər”.
Qəribova azərbaycan milli geyimlərindən birini də Mirzə Fətəli
Axundov Muzeyinin rəhbəri Leyla Əliyeva üçün tikib. O, bu libası
“Rustavi 2” telekanalında yayımlanan çıxışı zamanı
geyinib. Məhz bu fakt dərzinin daha da tanınmasına səbəb olub.
Bundan başqa, Qəribovanın əl işləri bir sıra sərgilərdə də nümayiş
olunub. Onun tikdiyi geyimlər Amerikanın tanınmış moda jurnalı olan
“Vogue” da dərc olunub. Bu geyim amerikalı
dizayner Reva Ochuba-nın “Ifeoma” kolleksiyasının
bir hissəsi olub. Geyimlər Fransaya göndərilib, peşəkar
foto-sessiya Parisdə baş tutub. Nəticədə Lamiyənin tikdiyi iki
geyim "Vogue"-nin yay buraxılışında yer alıb.
“Əl işlərimi festivallarda, jurnallarda, layihələrdə
görəndə çox sevinirəm. Açığı, mən də eşitmişəm ki, “bu yaşda oxumaq
nədir” – deyirlər. Amma mən düşünürəm ki, öyrənməyin yaş həddi
yoxdur. İnsan özünü inkişaf etdirməlidir. Hansı yolu doğru hesab
edirsə, o yolla getməlidir.”
Lamiyə ailə və iş arasında balansı qorumağın çətin olduğunu
bildirir. O, yalnız planlı şəkildə, vaxtı düzgün böldükdə bütün
bunların öhdəsindən gələ bildiyini söyləyir. O, hər bir qadının
istedadlı olduğunu və hər hansısa bir peşəyə yiyələnməyin
vacibliyini vurğulayır.
Gender məsələləri üzrə mütəxəssis Nona Samxaradze qadınların təhsil
və iş sahəsindəki rolu ilə bağlı “Marneuli” radiosuna danışdı. O,
2010-cu ildən qadın mövzuları üzərində işləyir. Onun sözlərinə
görə, icmada hələ də qadınların təhsil almasının və bunun onların
iqtisadi cəhətdən güclənməsi üçün nə qədər vacib olduğunun sübutuna
ehtiyac duyulur.
“Deyə bilərəm ki, qadınların təhsil alması baxımından
vəziyyət xeyli yaxşılaşıb. Lakin hələ də “qadının təhsil almasına
ehtiyac varmı?” və “onun iqtisadi cəhətdən güclənməsi nə üçün
vacibdir?” kimi suallar səslənir. Digər cəmiyyətlərdə isə bu
suallar ümumiyyətlə mövcud deyil – bu proses orada təbii şəkildə
baş verir. Təbii ki, qadınlar kişilərlə birlikdə, az-çox bərabər
şəkildə təhsil alırlar və bu mövzu müzakirə predmetinə çevrilmir.
Eyni zamanda, bir çox inkişaf etmiş cəmiyyətlərdə qadınlar və
kişilər iqtisadi fəaliyyətlərə bərabər şəkildə cəlb olunublar.
Təhsil hər bir insana özünü reallaşdırmaq, imkanlarından istifadə
etmək, ictimai gündəmdə bərabər şəkildə iştirak etmək və digər
insanlarla rəqabət aparmaq gücü verir.”
Nona xeyli vaxt bundan əvvəl məktəblərdən birinin həyətindən
qaçırılan qızı xatırlayır. Onun çox istedadlı olduğunu, təhsilini
davam etdirməyi və peşə sahibi olmağı planlaşdırdığını
vurğulayır.
“Bu gün həmin qız təhsil ala bilməyib, yalnız evdar
qadındır. Halbuki onun bacısı təhsil alıb və kifayət qədər
reallaşmış, güclü bir insana çevrilib. Həmin qız tez-tez deyir ki,
bacısı ilə müqayisədə o, özünü o qədər güclü və savadlı hiss etmir.
Təəssüf ki, təhsil ala bilməməsi və erkən yaşda ailə qurması onun
imkanlarını əlindən aldı. Bu, onu göstərir ki, heç kim bilmir,
həmin qız sonda hansı peşəyə sahib ola bilərdi və necə güclənə
bilərdi. Mən düşünürəm ki, onun şansı əlindən alındı və cəmiyyətdə
bərabər rəqabət aparmaq imkanı itirildi.”
Samxaradze qadının ailədaxili və cəmiyyətdə zorakılığa məruz qalma
baxımından daha çox risk altında olduğunu və iqtisadi cəhətdən
müstəqil olmasının vacibliyini ön plana çəkir. Zorakılığa məruz
qalmamaq və ilk növbədə özünü qoruya bilmək üçün qadının təhsilə,
peşəyə, işə ehtiyacı olduğunu söyləyir. Bütün bunlara nail olmaq
üçün isə iqtisadi güclənmənin zəruri olduğunu və təhsilsiz olmağın
bu imkanları ciddi şəkildə məhdudlaşdırdığını vurğulayır.
Gürcüstanda gender və qadınların işlə təmin olunması ilə bağlı
çoxlu sayda araşdırma mövcuddur. Milli Statistika Xidmətinin
araşdırmasına əsasən, Gürcüstanda kişilərin məşğulluq səviyyəsi
qadınlara nisbətən daha yüksəkdir. 2020-ci ildə qadınlar və kişilər
arasında məşğulluq göstəriciləri üzrə gender fərqi 15,6 faiz təşkil
edib.
Birləşmiş Millətlər Təşkilatının Gender Bərabərliyi və Qadınların
Gücləndirilməsi (UN Women) təşkilatının 2022-ci ildə dərc etdiyi
araşdırmadan aydın olur ki, qadınlar ev işlərinə həftədə 45 saat,
kişilər isə 15 saat sərf edirlər.
“Qadınların 49 faizi işsizliyinin əsas səbəbi kimi ailə
işlərinə görə məsuliyyəti göstərir. Ailədə uşaqların olması
qadınların iqtisadi iştirakının azalması, eyni zamanda kişilərin
əmək bazarında iştirakının artması ilə əlaqələndirilir. Bundan
əlavə, ödənişsiz qayğı əməyinə dair məsuliyyətlər, körpələr evi və
uşaq bağçalarının yetərsiz olması səbəbindən əmək bazarını tərk
etməyə məcbur qalan qadınlar sonradan əmək bazarına qayıtmaqda və
iş tapmaqda daha çox çətinlik çəkirlər. Nəticədə, onlar uzun müddət
işsiz qalırlar və əgər rəsmi olaraq məşğul deyillərsə, iqtisadi
cəhətdən qeyri-aktiv kimi təsnif olunma ehtimalı daha yüksək
olur”, – araşdırmada deyilir.
Gürcüstanın əmək bazarında kişilərin və qadınların məşğul olduqları
peşə və sahələr baxımından orta səviyyəli seqreqasiya mövcuddur.
Əmək bazarında qadınların iştirakına mane olan əsas baryer əməyin
gender üzrə bölgüsüdür.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Bizi "TikTok"da
izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.