26 oktyabr seçkilərinə az vaxt qalır. Oqtay Kazımov, Aqil
Mustafayev və Ceyhun Muhəmmədəli müxalifət partiyalarından
Parlament siyahısının üzvləridirlər.
Bu adamları etnik azlıq nümayəndəliyi üçün potensial səs olaraq
düşünə bilərik.
Etnik azlıqların məskunlaşdığı bələdiyyədə problemlər çoxdur. Bir
sıra araşdırmalar bunu sübut edir. Nümunə olaraq, Gürcüstanda etnik
azlıqların hüquqi statusunu tənqidi qiymətləndirən Avropa Şurasının
Milli Azlıqların Müdafiəsi üzrə Avropa
Çərçivə Konvensiyasının
(2019-2023) Məşvərət Komitəsinin dərc olunmuş hesabatına istinad
edə bilərik. Həmçinin, azlıqların mədəniyyətinin və dillərinin
qorunması və təbliği, mədəniyyətlərarası dialoq, inteqrasiya,
dövlət orqanları ilə münasibətlərdə azlıqların dillərindən
istifadə, təhsilə bərabər əlçatanlıq, sosial, iqtisadi həyatda
iştirakı da problemdir.
Bütün bunlara baxmayaraq, siyasi partiyalarda etnik azlıqlarla
bağlı məsələyə hələ də səthi baxıldığı hiss olunur.
Seçki kompası haqqında (
İzah: Seçki kompası vətəndaşların siyasi partiyaların
proqramları haqqında məlumat əldə etmələri və seçicilərə hansı
partiyanın öz fikirlərinə daha yaxın olduğunu öyrənmələrinə kömək
etmək məqsədi ilə yaradılmışdır.) dərc edilmiş məlumata görə,
altı siyasi birlik etnik azlıqların yaşadığı ərazinin sakinlərinin
azlıqların dillərində dövlət xidmətlərini ala bilməsi ilə
razılaşmırlar.

Onların arasında “Axali” (Dəyişiklik naminə Koalisiya) partiyası da
var. Partiya daha sonra yazı dərc edərək, dövlət xidmətlərinin
əlçatanlığını artırmaq etnik cəhətdən dominant olmayan qrupların
sıx məskunlaşdığı bələdiyyələrin yerli və mərkəzi qurumlarında
müvəqqəti (problem həll olunana qədər) tərcüməçi vəzifəsinin
tətbiqini tam dəstəklədiyini yazıb.
Seçki kompasına yerləşdirilmiş və partiyaların cavablandırdığı
başqa bir sual belədir:
“Məktəbdə pravoslav xristianlığın
tədrisi məcburi olmalıdır” – beş siyasi birlik bu fikrə
müsbət cavab verib. Onların arasında Lelo məsələyə üstünlük verib.
Mövzu ictimaiyyətin bir qismi tərəfindən tənqidi
qiymətləndirildikdən sonra Lelo qeyd olunan məsələ ilə bağlı
fikrini dəyişib və eyni zamanda, Lelonun bu baxışının digər partiya
üzvlərinə məlum olmadığı təəssüratı da yaranırdı.
Lelonun seçki siyahısında iyirmi ikinci yerdə olan Marneulili Aqil
Mustafayev bizə cavabında texniki səhv olduğunu bildirdi və qeyd
etdi ki, partiya din tarixinin məktəblilərin özünüinkişafı üçün
vacib olduğunu və bütün əsas dinlərin tarixinin buraya daxil
olunmasını hesab edir.
Seçkilərdə iştirak edən siyasi qurumlardan etnik azlıqlar
istiqamətində baxışlarının necə olduğunu soruşmaq qərarına gəldik.
Seçimi Marneulidə qərargahı olan partiyalarda dayandırdıq.
Zənglərimizə, mesajlara cavab verməyən iqtidar komandasının deputat
siyahısında 26-cı yerdə qərarlaşan Zaur Darğallı ilə müsahibə yaza
bilmədik.

“Gürcü Arzusu”-nun yerli nümayəndəsi Zaur Darğallının etnik
azlıqlar istiqamətində hansı baxışları var? Əslində o, icmadakı
problemləri yaxşı başa düşməlidir. Onun partiyasının prizmasından
baxsaq, seçki kompası ilə bağlı verilən cavablara görə, “Gürcü
Arzusu” məktəblərdə pravoslav xristianlığın öyrədilməsi və
azlıqların məskunlaşdığı ərazinin sakinlərinə azlıqların dillərində
dövlət xidmətlərinin göstərilməməsi öhdəliyini dəstəkləyir.
Oqtay Kazımov “Dəyişikliklər naminə Koalisiya”-nın Parlament
siyahısında 10-cu yeri tutur (Qvaramiya, Melia, Qirçi, Droa). Seçki
kampaniyasında iştirak edən qurum dil baryerini etnik azlıqlar üçün
əsas problemlərdən biri kimi müəyyən edir. İnsanların dövlət
qurumları ilə ünsiyyət qurmasını məhdudlaşdıran maneə. O, hesab
edir ki, agentliklərdə tərcüməçi xidməti olmalıdır ki, bu da
insanlara bir neçə istiqamətdə kömək edəcək:

“İnteqrasiya çətin və mürəkkəb məsələdir, onu ardıcıl
siyasətlə bir neçə ildən sonra həll etmək olar. İnteqrasiyaya mane
olan ilk şey əhalinin ümumən məlumatlandırılmamasıdır. Onlar dövlət
xidmətlərini ana dilində ala bilmirlər ki, bu da dilin tədrisi
probleminə gətirib çıxarır. Dövlət etiraf edir ki, gürcü dilini
öyrədə bilmir, ona görə də “1+4” proqramı var, bu proqram
çərçivəsində öz vətəndaşlarından dilin tədrisinə görə ildə 2250
lari alır ki, bu da yolverilməzdir. Dili bağçada, heç məktəbdə də
öyrədə bilmirsənsə, öz vətəndaşından dili öyrətmək üçün bu qədər
pul götürməməlisən. Seçicilərə söz veririk ki, 1+4 proqramı üzrə
gürcü dili tədrisi kursu pulsuz olacaq. Fiziki imkanları məhdud
şəxslər istiqamətində xeyli problemlər var, çünki dil problemi və
məlumatsızlıq ucbatından dövlət xidmətləri barədə vaxtında məlumat
ala bilmirlər. Ona görə də yenə ərizə yazmağa qayıdırıq. Onlar
tələb edirlər ki, ərizə gürcü dilində olsun, bunu hər kəs edə
bilmir, ona görə də biz tələb edirik ki, dövlət xidmətləri
insanların öz dilində də əlçatan olsun. Xüsusilə, mən tərcüməçinin
mövqeyini nəzərdə tuturam ki, o, həm yerli, həm də mərkəzi
səviyyədə mövcud olmalıdır. Vətəndaşın yazdığı ərizə gürcü dilinə
və cavab həmin vətəndaşın dilinə tərcümə olunmalıdır və ünsiyyət
baş tutacaq. Sənin gürcü dilini müvafiq şəkildə öyrədə bilmədiyin
şəraitdə bunun mütləq gürcü dilində olmasını tələb edirsənsə, təbii
ki, dil bilməməyiniz maneə olmamalıdır”, – Oqtay
Kazımov bildirir.
Dəyişikliklər naminə Koalisiyanın nümayəndəsi onu da bildirir ki,
seçki kampaniyası çərçivəsində bir çox kəndlərə gedir, insanların
ehtiyacları ilə yaxından tanış olur, əsas və ümumi problemlərdən
biri kimi işsizliyi qeyd edir.
Marneulili Aqil Mustafayev “Güclü Gürcüstan” partiyasının
siyahısında 22-ci yeri tutur. Namizədin əsas baxışı inteqrasiya
siyasəti ilə bağlıdır. Onun fikrincə, siyasət hələ də
birtərəflidir.

“Etnik azlıqlara gəlincə, biz illərdir, inteqrasiya
problemimiz olduğunu görürük. Bir neçə ildir ki, proqramlar
fəaliyyət göstərsə də, müxtəlif addımlar atılıb, amma təəssüf ki,
bu proses yaxşı getmir. Dövlət inteqrasiyanın baş tutması üçün
formal olaraq işlər görür. Fikrimcə, inteqrasiya birtərəfli deyil,
ikitərəfli olmalıdır, bu bizim gördüyümüz prosesdir. Hər iki tərəf
bir-birinin mədəniyyətini və tarixini bilməlidir. Proqramımız
çərçivəsində dövlət dili hər yaşda olan insanlar üçün əlçatan
olmalıdır, belə olmasa, inteqrasiyaya nail ola bilməyəcəyik. Biz bu
ölkənin övladlarıyıq və dövlət bizə deyir ki, biz pul verməliyik.
Dünyanın heç bir yerində bu baş vermir. Avropadakı mühacirlər belə
dövlət dilini öyrənmək üçün pul ödəmirlər. Bizim proqramda yazılıb
ki, ümumiyyətlə pulsuz olacaq. Hamımız bilirik ki, etnik azlıqların
yaşadığı yerdə heç də hamı dövlət dilini bilmir, ərizə yaza bilmir,
problemləri həll edə bilmir. Fikrimizcə, etnik azlıqların yaşadığı
bütün bələdiyyələrdə bələdiyyə xidmətləri onların dilində
olmalıdır”.
Vahid Milli Hərəkatın seçki siyahısında 34-cü yerdə olan Marneulili
Ceyhun Muhəmmədəlinin etnik azlıqlarla bağlı öz baxışı var.
Ceyhunun sözlərinə görə, etnik azlıqlarla bağlı əsas baxış onların
siyasi və sosial həyata daxil edilməsi və stereotip yanaşmaların
aradan qaldırılmasıdır.

“Ümumilikdə Gürcüstanda qadınların hüquqları
ilə bağlı vəziyyəti bilirik. Bu baxımdan etnik azlıqlarda bu
problem ikiqat və dörd dəfə kəskin ola bilər. Burada qismən dil
maneəsi, stereotiplər var. Bir səbəbdən irəli gələrək, dövlət
baxışından baş vermir və sistemdən asılıdır. Hətta ailələrin
özlərində də problem var ki, guya qızla siyasət hardasa
utancvericidir. Bir münasibət var, get, oxu, diş həkimi ol.
Siyasətlə bağlı stereotiplər var ki, onu sistemin özü yaradır və
ictimai-siyasi məkanda qadınların səsini boğur. Açıq şəkildə
çəkinməyən, heç nədən qorxmayan qadınlarımız barmaqla göstəriləcək
saydadır. Məsələn, Samirə Bayramova, Samirə İsmayılova. Lakin bu
kifayət deyil. Nə siyasətdə, nə də qərar qəbul edən dairələrdə
etnik azərbaycanlıların səsi eşidilmir. Partiyamızın əsas
baxışlarından biri odur ki, bu insanlar həmişə ölkənin ehtiyac
duyduğu yerdə təmsil olunsunlar. Mən təkcə azərbaycanlılar yaşayan
kəndlərə getmirəm, bu partiyanın atdığı yaxşı addımdır və bunu
alqışlayıram. Gürcülərlə, azərbaycanlılarla görüşəndə mən həmişə
qeyd edirəm ki, azərbaycanlı üçün azərbaycanlı, gürcü üçün gürcü,
erməni üçün erməni olmamalıdır, biz hamımız bir-birimiz üçün
olmalıyıq, əks halda demokratik dövlət yarana bilməz. Nə Baş nazir
yanında etnik azlıq nümayəndəsi var, nə də Prezident
Administrasiyasında işləyən var. Onlar hər yerdə təmsil
olunmalıdırlar, çünki bu insanlar özlərini ikinci dərəcəli hiss
edib, başqa dövlətlərdə təsəlli axtarırlar ki, bu da ölkəmizə ziyan
vurur. Davamlı, inkişaf etmiş, güclü, təhlükəsiz ölkə istəyiriksə,
dövlət öz vətəndaşlarını mümkün qədər
qorumalıdır”.
2024-cü il Parlament seçkiləri fərqli
formatda keçiriləcək. Tamamilə proporsional sistem və 5% -lik
baryer ilə. Bu deməkdir ki, Parlamentə majoritar qayda ilə daxil
olmaq ləğv edilir. Seçicilərin 90%-i səslərini elektron qaydada
verməli olacaq.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil
olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415