Əvvəlki Parlament seçkiləri ilə müqayisədə qadınların partiya
siyahılarında təmsil olunması azalıb, qadın seçicilərlə kişi
siyasətçilər danışırlar,
qadınlar seçkiqabağı proseslərə az cəlb olunublar. 26 oktyabr
tarixində Parlament seçkiləri keçiriləcək. Lakin Marneuli
miqyasında qadın siyasətçilərə nadir hallarda rast gəlinir.
Salome Zurabişvili 27 avqust tarixində seçkiqabağı dövrün
başlandığını rəsmən elan etdi. Zaur Darğallı 5 sentyabr tarixində
Qardabanidə keçirilən “Gürcü Arzusu”-na
dəstək konsertində ilk dəfə
olaraq siyasi xarakterli paylaşım etdi. Darğallının rəsmi
“Facebook” səhifəsində Marneulidə həyata keçirilən infrastruktur
layihələri haqqında da məlumat yayımlanıb, lakin həmin məlumatda
“Gürcü Arzusu” partiyasının adı çəkilmir.
19 sentyabr tarixində qadınlarla seçkiqabağı görüş keçirib.
“Biz seçki kampaniyası çərçivəsində qadınların
üzləşdiyi problemləri dinlədik və onların həlli yollarını birgə
müzakirə etdik. Həmçinin, qadınların cəlb edilməsinə və onların
iqtisadi imkanlarının artırılmasına diqqət
yetirildi”, – Darğallının paylaşımında qeyd
olunub.

Qeyd edək ki, qadınların ehtiyacları ilə bağlı görüşü yalnız “Gürcü
Arzusu”ndan olan kişilər aparırdı. Beş kişi – Zaur Darğallı,
Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze, Bələdiyyə
Məclisinin üzvü Vasil Xaxulaşvili, merin müavini Roin Dekanoidze və
meriyanın Maddi-Texniki Təminat Xidmətinin rəhbəri Aqil Əmircanov
qadınlarla qadınların ehtiyaclarından danışıblar. Marneuli kimi
Kvemo Kartlinin digər bölgələrində də qadın seçicilərlə yalnız kişi
siyasətçilər danışıb. Məsələn, “Gürcü arzusu”-nun nümayəndəsi Davit
Şerazadişvili Bolnisi bələdiyyəsinin Kvemo Bolnisi kəndində qadın
seçicilərlə tək görüşüb.
Qeyd edək ki, kəndlərdə keçirilən seçkiqabağı görüşləri əks etdirən
foto/video materialda qadınlar görünür, ancaq onlarla yalnız
kişilər danışırlar, çünki görüşlərə yalnız “Gürcü Arzusu”-nu təmsil
edən kişilər gedirlər.
Digər partiyalar da Marneulidə fəal şəkildə seçkiqabağı təşviqat
aparırlar. “Güclü Gürcüstan”ın təmsilçisi Aqil Mustafayev
Marneulidə görüşləri əsasən qapı-qapı formatında keçirir.
Mustafayevin rəsmi “Facebook” səhifəsində dərc etdiyi yazılara
əsasən deyə bilərik ki, seçkiqabağı təşviqat kampaniyasına əsasən
kişilər cəlb olunub. Mustafayev, Əhməd İmamquliyev və onların bəzi
tərəfdarları kəndlərdə qapı-qapı gəzib sakinlərlə görüşürlər. Buna
baxmayaraq, “Gürcü Arzusu”ndan fərqli olaraq, “Güclü Gürcüstan”-ın
qadın təmsilçisi Marneuli kəndlərində də seçkiqabağı kampaniya
çərçivəsində görüşlər keçirir. Partiyanın üzvü Lana Qaldava tez-tez
kəndlərdəki görüşlərin fotolarında görünür.

“Güclü Gürcüstan” kimi Marneuli seçiciləri ilə “Birlik – Milli
Hərəkat”-dan olan kişi siyasətçilər daha çox görüşür. Keçmiş
jurnalist Ceyhun Muhəmmədəli (Narzalov) “Birlik – Milli Hərəkat”-ın
partiya siyahısındadır. Ceyhunun sosial şəbəkədə paylaşdığı
seçkiqabağı kampaniyanın foto/video görüntülərindən onun kəndlərə
daha çox kişi tərəfdarları ilə getdiyi görünür. Seçkiqabağı
kampaniyaya partiyanın qadın nümayəndələrinin də cəlb olunduğu bir
neçə hal olub. Marneuli Bələdiyyə Məclisinin üzvü Nərgiz Əliyeva
son vaxtlar Marneulidən daha çox Qardabanidə fəallıq nümayiş
etdirsə də, Ceyhun Muhəmmədəli və partiyanın digər üzvləri ilə
birlikdə bir neçə dəfə Marneulidə keçirilən seçkiqabağı
toplantılarda iştirak edib.

“Fəallar Gələcək Naminə” siyasi hərəkatından “Dəyişikliklər naminə
Koalisiya”-nın siyahısına daxil olan Oqtay Kazımov seçkiqabağı
görüşlərini qapı-qapı prinsipi əsasında keçirir. “Fəallar Gələcək
Naminə” etnik azərbaycanlı gənc fəallar tərəfindən yaradılan
hərəkatdır və qadın üzvləri də var. Oqtay Kazımovun rəsmi
“Facebook” səhifəsində yayımlanan paylaşımlarda “Fəallar Gələcək
Naminə”-ni təmsil edən qadınların da Marneuli kəndlərində
seçicilərlə qapı-qapı görüşlərdə iştirak etdiklərini görmək
olar.

Qadın İnformasiya Mərkəzinin idarə heyətinin sədri Yelena
Rusetskaya bildirir ki, qadınlar xüsusilə məlumat çatışmazlığı və
ya dil baryeri olan regionlarda bir çox maneələrlə üzləşirlər. Ona
görə də Rusetskaya hesab edir ki, siyasi partiyaların nümayəndələri
qadın seçicilərlə daha çox danışmalıdırlar. O, qadınların öz
problemlərini daha rahat danışa bilməsi üçün qadın siyasətçinin
qadın seçici ilə söhbətinin vacib olduğunu qeyd edir.
“Mövcud mədəni, ənənəvi və ya dini maneələr qadınların
daha çox məlumat əldə etmələrini məhdudlaşdırır. Seçkiqabağı dövrdə
görürük ki, kişilər kişilərlə görüşür, yəni kişilər bir-biri ilə
danışır, qadınlar ilə nadir hallarda görüşürlər, görüşəndə də
qadınlar ilə kişilər danışır. Belə olan halda da qadının açıq olub,
məsələn, siyasi partiyalara onları birbaşa maraqlandıran sualları
verməsi ehtimalı azdır. Bütün icmalarda, o cümlədən etnik
azlıqların icmalarında qadın və kişilərin ehtiyacları
fərqlidir”, – Rusetskaya bildirib.
Yelena Rusetskayanın sözlərinə görə, siyasi partiyanın
nümayəndələri qadın seçicilər ilə fəal görüşməsə və onlara
seçkiqabağı vədlər barədə məlumat verməsə, qadınların səsi iki
səbəbdən itirilə bilər.

“Qadınların seçki proqramına əlçatanlığı yoxdur.
Kiminsə oturub proqramı oxumaq şansı azdır. Qadının qarşısında iki
yol qalır, ya media vasitəsilə proqramı başa düşə bilər, ya da
siyasi partiya proqrama hansı prioritetləri qoyduğunu izah edə
bilər. Təəssüf ki, bu tərəf çox zəifləyəcək”, –
Yelena Rusetskaya bildirir.
Rusetskaya qadınların siyasi həyatda iştirakından danışan zaman,
demokratik yolla seçilmiş ilk müsəlman deputat olan etnik
azərbaycanlı qadın Pəri xanım Sofiyevanı xatırlayır. Rusetskaya onu
nümunə gətirərək qeyd edir ki, Gürcüstanda və dünyada qadınların
seçkilərdə səsvermə hüququ bir müddət əvvəl əldə edilib. 1918-ci
ildə isə etnik azərbaycanlı qadın yerli Bələdiyyə Məclisində öz
icmasını təmsil edə bilib.
Pəri xanım Sofiyevanın seçilməsindən 100 ildən çox vaxt ötüb –
etnik azərbaycanlı qadın siyasətçilərə indi yerli səviyyədə
Bələdiyyə Məclislərində rast gəlinir. Marneuli Bələdiyyə Məclisində
ümumilikdə 6 qadın var, onlardan 4-ü etnik azərbaycanlıdır, lakin
qeyd etmək lazımdır ki, əksər hallarda onlar ictimai toplantılarda
az görünürlər.
Etnik azərbaycanlı qadın siyasətçilərin yerli səviyyədə fəallaşması
gender kvotasının müsbət nəticəsidir. Əvvəlki Marneuli Bələdiyyə
Məclisində bir qadın siyasətçi yox idi.
Yerli Bələdiyyə Məclislərində etnik azlıqdan olan qadınlara rast
gəlmək mümkün olsa da, Gürcüstanın heç bir çağırış Parlamentində
etnik azərbaycanlı qadın siyasətçi olmayıb. Bu seçkilərdə də heç
bir partiyanın siyahısında etnik azərbaycanlı qadın siyasətçi
yoxdur.
Əvvəlki seçkilərdən fərqli olaraq, 2024-cü il Parlament
seçkilərində seçki siyahılarında olan qadınların sayı azalır, belə
ki, hakim “Gürcü Arzusu” və “Qirçi” partiyası birgə gender
kvotasını ləğv edib.
Sosial Ədalət Mərkəzinin yaydığı məlumata görə, Gürcüstanın hazırkı
siyasi və Konstitusiya sistemində qadınların, etnik azlıqların
adekvat siyasi təmsilçiliyini, iştirakını təmin edəcək xüsusi
müsbət mexanizmlər yoxdur.
“Parlament seçkiləri ilində, 4 aprel 2024-cü ildə hökumətin 4 il
əvvəl qəbul etdiyi məcburi gender kvotası qaydası ləğv edildi və
bununla da ölkədə gender demokratiyasını, bərabərliyi təmin etmək
üçün mövcud olan institusional təminatlar aradan qaldırıldı. Bu
dəyişiklik nəticəsində qadınların siyasi təmsilçiliyinin və
iştirakının təmin edilməsi siyasi partiyaların istəyindən asılı
oldu. Lakin Gürcüstanda partiyaların daxili demokratiyasının çox
kövrək olduğu, partiyalar daxilində oliqarx və iri kapital
maraqlarının hökmranlığının hələ də göründüyü bir şəraitdə
qadınların ədalətli tanınması, siyasi birliklər daxilində
güclənməsi çox çətin olacaq”, – Sosial Ədalət
Mərkəzinin məlumatında deyilir.
Ən az qadın “Gürcü Arzusu” partiya siyahılarının ilk
iyirmiliyindədir. Burada cəmi beş qadın var. Sosial Ədalət
Mərkəzinin məlumatına görə, qadınların “Gürcü Arzusu”nun
siyahısında təmsil olunması 2020-ci il seçkiləri siyahısı ilə
müqayisədə xeyli pisləşib.
“Əgər 2020-ci il seçkilərində “Gürcü arzusu”-nun proporsional
siyahısının ilk 60-lığında (25%) 15 qadın var idisə, hakim
partiyanın cari il seçkiləri üçün (tam proporsional qaydada
keçiriləcək) təqdim etdiyi siyahının ilk 60-lığında cəmi 8 qadın
namizəd var (13,3%)”, – Sosial Ədalət Mərkəzinin məlumatında
deyilir.
Partiya siyahısında ilk iyirmilikdə yer alan qadınların sayı
aşağıdakı kimidir:
Qadın İnformasiya Mərkəzinin idarə heyətinin üzvü Elene Rusetskaya
gender kvotalarının ləğvini mənfi qiymətləndirir. Onun sözlərinə
görə, qadınlar Parlamentdə gender kvotası qəbul olunmaq üçün çox
zəhmət çəkiblər.
“Qadınların gender kvotası alması üçün müəyyən mübarizə
aparması lazım idi. Parlamentdə altı və ya daha çox cəhd oldu və
nəhayət, biz bu nəticəni əldə etdik ki, bu da qadınların
təmsilçiliyini artırdı. Qərar qətiyyən düşünülməyib, çünki
ləğvetmənin əsas arqumenti ondan ibarət idi ki, bizdə artıq nəticə
var, ancaq nəticənin olduğunu deyə bilmərik. Biz görürük ki,
ümumiyyətlə, iqtidar partiyası bütün dövrlərdə, bir qayda olaraq,
öhdəliyi yoxdursa, qadınları siyahılara daha az salmağa çalışır.
“Milli Hərəkat” dövründə də belə olub. Çünki güc onların əlindədir
və ona görə də kvota olmadığı halda balansda saxlanıla biləcək
miqdarda qadınları gətirmirlər. Bugünkü məlumatlar buna sübutdur,
çünki görürük ki, əslində qadınlar çox azdır. İqtidar partiyasının
siyahısında təmsil olunan, hətta öndə gedən və partiya lideri olan
qadınlar da var. Həmin qadınları da “görüşə gedənlər” siyahısında
görmədik”.
Qadın İnformasiya Mərkəzinin İdarə Heyətinin üzvünün sözlərinə
görə, təkcə seçkiqabağı dövrdə deyil, həmişə qərar qəbul edilərkən
partiyaların fəallaşması, qadın seçicilərlə fəal görüşlər keçirməsi
vacibdir.
Gürcüstanda 3 495 789 seçici qeydə alınıb. Seçicilərin 53%-ni
qadınlar təşkil edir, bu isə o deməkdir ki, qadınların seçkilərdə
iştirakı əhəmiyyətli dəyişiklik ola bilər. Marneulidə ümumilikdə
101 572 seçici qeydiyyatdadır və onların əksəriyyətini qadınlar
təşkil edir. Buna baxmayaraq, görürük ki, siyasi partiyaların ön
sıralarında qadın namizəd yoxdur, partiyalar qadın seçicilərlə fəal
işləmirlər.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415