Azlıqların təhsil səviyyəsinin artırılması – inteqrasiya strategiyası necə dəyişməlidir?
Gürcüstanda etnik azlıqların təhsil məsələləri hələ də ciddi problem olaraq qalır. Çünki dövlətin ermənidilli və azərbaycandilli sakinlərin təhsilinə xidmət göstərəcək konkret fəaliyyət planı, yaxud strategiyası yoxdur. Bu barədə Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstan Dövlət naziri Aparatının strategiyasında söhbət açılır. Ancaq heç bir təşəbbüs real nəticəyə nail olmayıb. Strategiyada təhsillə bağlı olan iki prioritet var. İnteqrasiyaya
dəstək üçün dövlət dili və keyfiyyətli təhsilin əlçatanlığı.

Sosial Ədalət Mərkəzinin Bərabərlik Siyasəti Proqramının direktoru Tamta Mikeladzenin sözlərinə görə, etnik azlıqların məktəblərində dərsliklərin və ixtisaslı müəllimlərin çatışmazlığı, köhnə metodologiyalar, infrastrukturun zəif inkişafı kimi problemlər var. Bu amillər məktəblərdə, xüsusən də məktəbəqədər və orta təhsil pilləsində keyfiyyətli təhsilin olmamasına təsir göstərir.

“Baxmayaraq ki, hakimiyyət illərdir, etnik azlıqların təhsilinə üstünlük verilməsindən danışır. Bu siyasəti müşahidə etməyimiz göstərir ki, dövlətin ermənidilli və azərbaycandilli insanların təhsili ilə bağlı strategiyası, fəaliyyət planı yoxdur. Məhz ardıcıl, uzunmüddətli fəaliyyət planı və strateji baxış olmadığına görə görürük ki, bunun fonunda hökumət müxtəlif təşəbbüslər, layihələr irəli sürür. Ancaq bunları sona çatdırmır, ümumiyyətlə, təhsil siyasəti bu istiqamətdə müxtəlif eksperimentlərlə yüklənib, lakin bu strateji, davamlı baxış olmadığı üçün nəticə vermir”, – Sosial Ədalət Mərkəzinin Bərabərlik Siyasəti Proqramının direktoru Tamta Mikeladze bildirir.

Keyfiyyətli təhsilə əlçatanlığın artırılması üçün vətəndaş bərabərliyi və inteqrasiyası ilə bağlı dövlət strategiyasında qeyd olunur ki, etnik azlıqların sıx məskunlaşdığı regionlarda məktəbəqədər təhsil imkanlarının, əlçatanlığın genişləndirilməsi müvafiq infrastrukturun inkişaf etdirilməsini, keyfiyyətli məktəbəqədər təhsil üçün müvafiq şəraitin yaradılmasını, təhsil, resursların səfərbər edilməsini tələb edir.

Məktəbəqədər təhsilin əlçatanlığı xüsusilə problemdir, burada Kvemo Kartlidə olan infrastruktur regionun ehtiyaclarına uyğun gəlmir. Mülki Məşğulluq və Aktivizm Mərkəzinin rəhbəri Rəşan Ziyadəliyevin qeyd etdiyi kimi, Marneulidə uşaq bağçaları çatışmır, qəzalı vəziyyətdə olan məktəblərdə isə şagirdlər başqa məktəblərə köçürülür, bu da təhsilə əlçatanlığı azaldır.

“Marneulidə 14 uşaq bağçası fəaliyyət göstərir. Marneuli bələdiyyəsi Gürcüstan miqyasında ən böyük bələdiyyələrdən biridir. Mən əhali ilə ünsiyyətdə olan zaman görürəm ki, Marneuli üçün 14 uşaq bağçası həqiqətən də azdır. Biz meriyaya iki petisiya vermişik, biri Qaçağan kəndində, digəri isə Kürtlər kəndində uşaq bağçasının tikilməsi ilə bağlıdır. Bizə vəd verdilər ki, həmin kəndlərdə bağça açacaqlar, amma hələ nə zaman açılacağını bilmirik. Uşaqlar üçün bu layihələrin vaxtında yerinə yetirilməsi mühümdür”, – Rəşan Ziyadəliyev bildirdi.

Ziyadəliyevin sözlərinə görə, heç orta təhsil pilləsində də vəziyyət ürəkaçan deyil. O, bildirir ki, bələdiyyədə olan məktəblərin çoxu qəzalı vəziyyətdədir. Buna görə də şagirdlər başqa məktəblərə bölünüblər. Həmçinin, məktəblər müvafiq kabinetlər və inventar ilə təmin edilməyib. Bu da keyfiyyətli təhsilin əlçatanlığını azaldır.

Tamta Mikeladzenin sözlərinə görə, keyfiyyətli təhsilin əlçatanlığı da problemli məsələdir, çünki etnik azlıqların təkcə gürcü dilini öyrənməklə bağlı problemləri yox, ümumiyyətlə, təhsilə əlçatanlığın olmaması problemi var.

“Bu məktəblərdə problemlər çoxdur, bu dərslik, müəllimlərin ixtisas problemidir. Müəllim çatışmazlığı problemidir. Bu əsasən köhnə müəllimlər kateqoriyasıdır ki, uşaqlara yeni metodika, yeni kitablar ilə dərs keçmirlər, daha çox nizam-intizamla məşğul olurlar. Burada bu reallıq həqiqətən də etnik azlıqların dərsdə iştirak, yazıb-oxumaq, dərk etmək, analitika, ümumi bilik və ya başqa ümumi qabiliyyət və digər əsas məsələlərdə daha pis nəticələr əldə etməsi faktını yaradır. Müxtəlif araşdırma təşkilatları bəzən təhsili qiymətləndirən zaman bunu vurğulayırlar”.

Mikeladze bildirir ki, Gürcüstanda artıq mərkəz və regionlar, dağ və aran, özəl və dövlət məktəbləri arasında təhsil səviyyəsində qeyri-bərabərlik var, lakin bütün parametrlərə görə etnik azlıqların məktəbləri Gürcüstandakı digər məktəblərdən geri qalır. 

Mikeladzenin sözlərinə görə, dövlət etnik azlıqların təhsil keyfiyyətinin artırılması üçün konkret fəaliyyət planı və baxışlar hazırlamalı, məktəb infrastrukturunun inkişafı, peşəkar müəllimlərin cəlb edilməsi üçün fəal işə başlamalıdır.

“Təhsil məsələlərində strategiyamızın və fəaliyyət planımızın olmaması, nizam-intizamın pozulması ilə yanaşı, gürcü dili tədrisinin keyfiyyəti də çox mühüm problemdir. Dövlətin səfərbər etdiyi resursların, maliyyə, kadr və metodoloji resursların çatışmazlığı. Hələ də görürük ki, gənclər gürcü dilini müvafiq şəkildə bilmədən məktəbi bitirirlər və deyirlər ki, hazırlıq səviyyəsində repetitorların köməyi ilə universitet üçün gürcü dilini öyrənə bilirlər. Ona görə də sistemdə problem olduğu aydındır, onu aradan qaldırmaq lazımdır”.

Sosial Ədalət Mərkəzinin Bərabərlik Siyasəti Proqramının direktoru təhsil səviyyələri arasındakı uçurumdan da danışır - uşaq bağçalarında və məktəblərdə azərbaycan dilində dərslər var, lakin Gürcüstanda azərbaycan dili fakültələri yoxdur, buna görə də azərbaycan dili müəllimlərinin çatışmazlığı illər keçdikcə özünü büruzə verir.

“Biz görürük ki, azlıqların dilində məktəblər, uşaq bağçaları var, lakin bizdə artıq ali təhsil pilləsində fasilə var. Gürcüstanda erməni və azərbaycan dili fakültələri yoxdur, ona görə də vətəndaşlarımızın praktiki olaraq bu dillərdə peşə təhsili almaq imkanı yoxdur. Nəticədə azərbaycan və erməni dilləri biliyi aşağı düşür və biz getdikcə daha çox azərbaycan və ya erməni dillərində ali təhsil almış , konkret peşə sahələrində bu dillərdə fəaliyyət göstərə bilən mütəxəssislərimizi itiririk. Ermənidilli və azərbaycandilli məktəblərdə müəllim çatışmazlığından danışanda, yaxın illərdə bizdə köhnə nəsil müəllimlərin olmayacağı bir vaxtda, ermənidilli və azərbaycandilli fakültələri bitirmiş, məktəbə və ya başqa yerlərə qayıdacaq, bu dildə sərbəst fəaliyyət göstərə biləcək adamımız olmayacaq”, – Tamta Mikeladze bildirib.

“Marneuli” radiosu siyasi partiya nümayəndələrinin etnik azlıqların maarifləndirilməsi strategiyası ilə bağlı fikirləri ilə maraqlandı. “Güclü Gürcüstan”, “Vahid Milli Hərəkat”, “Dəyişiklik Naminə Koalisiya” və “Qirçi” partiyalarını təmsil edən siyasətçilər partiyaların maarifləndirmə istiqamətində baxışlarından danışırlar.

“Güclü Gürcüstan”-ın təmsilçisi Lana Qaldava büdcə vəsaitlərinin məqsədyönlü şəkildə bölüşdürülməməsini vurğulayır və buna misal olaraq Marneuli Bələdiyyəsinin 2024-cü il büdcəsini göstərir.

“Marneulinin əhalisi 108 500 nəfərdir və Marneulinin büdcəsi 55 milyon laridir. Pulların nəyə xərcləndiyini görəndə Marneulinin büdcə prioritetlərindən necə ciddi danışmaq olar. Məsələn, büdcədə bürokratik xərclərə 16 milyon, infrastruktur layihələrinə isə 16,4 milyon vəsait nəzərdə tutulub. Aztəminatlılar üçün 2,7 milyon, mədəniyyət-gənclər istiqamətinə 9 milyon, səhiyyəyə 3 milyon, təhsilə 6 milyon. Budur, prioritetlərə görə belə bir tragikomik bölgü var. Necə ola bilər ki, büdcənin ən böyük hissəsi bürokratik xərclərdir və təhsilə cəmi 6 milyon vəsait ayrılır”.

Lana Qaldavanın sözlərinə görə, “Güclü Gürcüstan”-ın əsas planlarından biri inzibati/bürokratik xərcləri azaltmaq və ayrılan vəsaiti təhsil kimi digər prioritet sahələrə yenidən bölüşdürməkdir. Siyasi birlik planına pulsuz məktəb yeməklərinin olması və müəllimlər üçün saatlıq ödəniş sisteminə dəyişikliklər daxildir, ali təhsil haqqında danışan zaman Qaldava ali təhsil müəssisələri üçün həvəsləndirici proqramlara diqqət yetirir.

Qaldava kimi, “Dəyişiklik Naminə Koalisiyası”nın nümayəndəsi Oqtay Kazımov da universitetlərdə erməni və azərbaycan dili kafedralarının yaradılmasının müsbət addım olacağını hesab edir. Kazımov bildirir ki, etnik azlıqların sıx məskunlaşdığı ərazilərdə və qeyri-gürcüdilli məktəblərdə müəllim çatışmazlığı var, kadrlar yaşlıdır və vəziyyət yaxın illərdə daha da pisləşə bilər.

“Mən də hesab edirəm ki, müxtəlif universitetlərdə kafedraların açılması daha faydalı olardı. O vaxt indiki İlia Uiversitetində, o vaxtlar Puşkinin adına Pedaqoji İnstitutda azərbaycandilli müəllimlər hazırlayan kafedra var idi. Amma bildiyimə görə, yalnız dil, ədəbiyyat, tarix fənləri hazırlanırdı, texniki fənlər yox idi. Bu məsələ artıq narahatlıq doğurur, çox diqqət tələb edir və biz aydın mövqe tutmalı, bu məsələni necə həll edəcəyimizi söyləməliyik. Bu barədə daha çox düşünmək lazımdır”, – Oqtay Kazımov bildirir.

“Vahid Milli Hərəkatın” nümayəndəsi Ceyhun Muhəmmədəli (Narzalov) azərbaycandilli məktəblərdəki problemlərdən danışır. O, məktəblərdə yaşlı müəllimləri gənc müəllimlərlə əvəz etməyin çətin olduğunu, gənclər arasında texniki fənlərin tədrisinə həvəsin olmadığını bildirir.

“Bu problem müəllimə yetərincə qiymət verilməməsindən irəli gəlir. Partiyamızın planlarından biri də odur ki, müəllimlərin minimum maaşı 2000 lari olmalıdır, fərqlənən müəllimlərə mənzil veriləcək. Həmçinin, tələbələrə müvəqqəti yaşayış üçün subsidiyalar olacaq. Əgər sən müəllimə, şagirdə layiqincə qiymət verməsən, biliyə dəyər verilməsə, təbii ki, onun müəllim olmaq həvəsi olmayacaq. Gərək dövlət öz resursunu qoysun, qonşu ölkələrdən gətirilən kitablarla uşaqlara dərs keçməsin. Problem buradan başlayır və ilk bu həll olunmalıdır”, – Ceyhun Məhəmmədəli bildirib.

“Qirçi”-nin nümayəndəsi Qiorqi Çauçidze bildirir ki, problem təkcə azərbaycanlı və ya erməni tələbələrin təhsili baxımından deyil, həm də bütövlükdə universitet təhsili baxımındandır.

“Əslində gürcülər də gürcü dilini yaxşı öyrənmirlər. Müəllim, əsl müəllim, uşaqlarla işləmək üçün müəllim hazırlamaq – bu ümumi problemdir. Bu, universitetlərin problemidir, bizim sistemimizin problemidir. Onların arasında maliyyə və hökumət nə qədər çox söz versə ki, biz universitetləri daha çox maliyyələşdirəcəyik və yaxşı fakültələr edəcəyik, daha da pis olacaq. İstənilən halda, boşa xərclənmiş pul olacaq”, – Qiorqi Çauçidze bildirir. 

Gürcüstan hökumətinin bu məsələni prioritet elan etməsinə baxmayaraq, etnik azlıqların təhsil keyfiyyətinin yüksəldilməsi ilə bağlı dəqiq strategiya və ya fəaliyyət planı yoxdur. Sosial Ədalət Mərkəzinin nümayəndəsi Tamta Mikeladze vurğulayır ki, ermənidilli və azərbaycandilli məktəblərdə təhsilin əlçatanlığı ilə bağlı problemlər var, davamlı addımlar atılmır. Kvemo Kartlidə, xüsusən də kənd yerlərində ciddi çatışmazlıq olan məktəbəqədər təhsilə əlçatanlıq məsələlərini də qeyd etmək lazımdır. 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər