“Bu mümkün deyil,
sən qadınsan, boşanmısan, ayıbdır” – Marneuli sakini
Samirə Əliyeva bu sözləri ictimaiyyətdən dəfələrlə
eşidib.
Xüsusən də 19 yaşında boşanıb maddi müstəqilliyə aparan çətin yola
başlayanda. O, indi keçmiş həyatına daha sadə gözlə baxdığını desə
də, 15 il əvvəlki hekayəni emosiyasız danışa bilmir. O, “xilas
olma” hekayəsini öz gücü, qarşıya qoyduğu məqsəd və yorulmadan
zəhmət çəkməsi
ilə əlaqələndirir. Samirə 2 lariyə qaş almaqla pul
yığmağa başlayıb, başqasının salonunda saç kəsməyi, saç düzümü
etməyi öyrənib və bu gün şəxsi gözəllik salonunun sahibidir.
Əliyeva bizə deyir ki, o, bütün bunlara ilk növbədə özünə inanmaqla
nail olub.
“Mən qaş almaqla başladım, bunu necə edəcəyimi belə
öyrənməmişdim. Yavaş-yavaş “müştərilər” qazandım. Bəzən saç
rəngləməyə, bəzən kəsməyə çalışdım və insanlar bunu bəyəndilər.
Dostlarımdan biri salonlardan birinə köçməyimi təklif etdi. Onda
heç nəyim yox idi, indi bütün bunları rahatlıqla deyə bilirəm, amma
bu aylar, illər, saatlar, dəqiqələr zəhmətlə keçdi. Elə oldu ki, öz
salonumu açmaq qərarına gəldim, qorxdum, amma nəticə verdi.
Uşaqlıqdan zəhmətsevərəm. Qadın çox güclüdür. Ərimdən ayrıldıqdan
sonra əlimdən gələni etməyi qarşıma məqsəd qoydum. İnsanların necə
olduğunu bilirsinizmi? Düşsən, yıxıldın – deyəcəklər, qabağa
getsən, yenə deməyə sözləri olacaq, – bax, irəli getdi –
deyəcəklər. Nə istəyirsən et, deməyə sözləri var. İnsanların
düşüncələri ilə yaşasan, geridə qalacaqsan. İşimlə ev aldım, heç
kim mənə bir tetri də vermədi”, – Samirə deyir.

Samirə Əliyeva deyir ki, salonda işləməklə onun gündəlik işləri
tamamlanmır. İndi o, Marneulidə bir çox qadına kömək edir. O, öz
təcrübəsini bölüşür, onların hüquqları barədə məlumat verir və
mümkünsüz heç nəyin olmadığını deyir.
“Həyat yoldaşımdan boşandıqdan sonra çoxları mənə dedi
ki, məsələn, uşaq üçün aliment ala bilərəm. İnanmırdım, düzünü
desəm, məhkəmələrə getməyə pulum belə yox idi. Bir səbəb də var
idi, ailədən gələn stereotip münasibət. “Bu mümkün deyil, sən
qadınsan, ayrılmısan, ayıbdır” – belə yanaşmalar. Bir neçə dostum
məni əmin etdi ki, mən bunu edə bilərəm. Dəstəyin nə qədər gözəl
olduğunu bilirsinizmi? Dəstəksiz heç nə yoxdur, mühüm bir şeydir.
Onlar mənə aliment almağa kömək edəndə və məhkəməni udanda mən
gücləndim. İndi başqa qadınlara kömək edirəm. Onların mənim yolumda
olduğunu və necə mübarizə apardıqlarını görəndə onlara kömək etmək
üçün heç nəyi əsirgəmirəm. Onların arasında mən 3 qadına kömək
etdim və indi aliment alırlar. Mən təkcə stilist deyiləm, işdən
sonra mənə güvənən, məndən məsləhətə ehtiyacı olan insanlara vaxt
ayırıram.”
Samirə Əliyevanın timsalında görürük ki, qadınların maddi
müstəqilliyinə gedən yolda əsas çətinliyi təkcə iqtisadi problemlər
deyil, həm də cəmiyyətdəki stereotiplərdir. Gürcüstan Parlamenti
2023-cü ildə “Qadınların İqtisadi cəhətdən Gücləndirilməsi Dövlət
Konsepsiyası”-nı təsdiq etsə də, onun nəticələri regionlarda az
görünür. Bir çox qadının kömək üçün müraciət etdiyi yerli gender
mütəxəssisi Nona Samxaradze də bunu təsdiqləyir.
“Hazırda ərinin ailəsindən çıxan, oxşar ehtiyacları
olan bir qadın var, onun öz evi yoxdur və bir neçə nəfər onun
mənzilinin kirayəsini ödəyirik. İşi tapdı, amma uşaqlara baxmağa,
məhsul almağa və uşaqları dərnəklərə aparmağa vaxtı yoxdur. Buna
görə uşaqları atasının yanına qoymağa məcburdur. Bu da həmin qadın
üçün böyük travmadır. 18 yaşında ailə qurub, peşəsi yoxdur, bir gün
də işləməyib, özünü işçi kimi realizə etmək bacarığı yoxdur. İndi
biz bu problemlərlə məşğuluq. Qızların əvvəlcə peşə sahibi olması
çox vacibdir ki, sonradan işləmək problemi olmasın. Evli olduqları
halda özlərini bir gün də işsiz təsəvvür etməməlidirlər. Maddi
müstəqillik çox vacibdir. Təəssüf ki, biz tez-tez fiziki, psixoloji
və iqtisadi zorakılığa məruz qalırıq. Bütün bunların öhdəsindən
gəlmək üçün iqtisadi güclənmə vacibdir”, – Nona
Samxaradze bildirir.

Gender üzrə mütəxəssis hesab edir ki, qadınların ehtiyaclarını
ödəmək üçün yerli özünüidarəetmə orqanlarında konkret proqramlar
həyata keçirmək, dəstək sistemləri yaratmaq lazımdır.
“İndi biz bir qıza beynəlxalq təşkilatın dəstəklədiyi
qrant müsabiqəsində iştirak etməyi məsləhət gördük. 7000 lari
maliyyə verirlər. Dırnaqlara qulluq mərkəzi açmaq istəyir.
Həmçinin, beynəlxalq təşkilatların köməyi ilə manikür-pedikür
mütəxəssisi olmaq üçün həftədə 4 saat dərslərə gedir. Bu qız bu
kömək olmadan bunu edə bilməzdi. Yerli özünüidarə oxşar proqramları
təkcə zorakılıq qurbanı olan qadınlar üçün həyata keçirməməlidir.
Qadınların iqtisadi imkanlarının artırılması proqramlarına dəstək
vermək lazımdır. Beynəlxalq təşkilatla birlikdə müxtəlif
ehtiyacları olan qadınlarla işləmişəm. Onların arasında fiziki
imkanları məhdud, sosial cəhətdən həssas, zorakılıq qurbanlarıda
var idi və onların iqtisadi cəhətdən güclənməsi üçün bir çox
ehtiyaclar müəyyən edilib. Yerli özünüidarəetmə hədəf qruplarını
dinləməlidir ki, onların ehtiyaclarına uyğun olaraq
gücləndirilməsinin qayğısına qalsın”, – Nona
Samxaradze bildirir.
Birləşmiş Millətlər Təşkilatının Qadınlar Təşkilatı
tərəfindən hazırlanmış 2023-cü il Gender Bərabərliyi Portfoliosuna
əsasən, qadınlar, xüsusilə də kənd yerlərində yaşayanlar və
həssas qruplar, kasıblığa düşmək, yoxsulluqdan çıxa bilməmək riski
ilə daha çox üzləşirlər. Çünki maddi resurslar onlar üçün az
əlçatandır.
Sosial müdafiə proqramlarından faydalananların əksəriyyəti
qadınlardır. Qadınların əmək bazarında və həyatın müxtəlif
mərhələlərində qarşılaşdıqları problemlər onları daha həssas və
sosial müdafiə sistemindən asılı vəziyyətə salır. Mövcud sosial
müdafiə proqramları bütün hədəf qruplarının, o cümlədən kənd
yerlərində yaşayanların, fiziki imkanları məhdud şəxslərin, məcburi
köçkünlərin, münaqişə qurbanlarının, məişət zorakılığı
qurbanlarının və tək valideynlərin ehtiyaclarını tam ödəmir.
Gender Bərabərliyi Portfoliosuna əsasən, qadınların iqtisadi
fəallığının səviyyəsi kişilərin iqtisadi aktivlik səviyyəsindən (64
faiz) əhəmiyyətli dərəcədə aşağıdır (41,5 faiz). Qeyd etmək
lazımdır ki, 25-34 yaş qrupunda olan qadınların demək olar ki,
yarısı (46,4 faizi) iqtisadi cəhətdən qeyri-aktivdir.
Həmçinin, Gürcüstanda qadınlar ödənişsiz ev işlərinə və qayğı
göstərməyə kişilərə nisbətən beş dəfə çox vaxt sərf edirlər. Ölkədə
qadınların iqtisadi fəallığına mane olan əsas amillər qadın və
kişilər arasında ödənişsiz qayğı işinin qeyri-bərabər bölgüsü,
mövcud sosial normalarla yanaşı, əlçatan və keyfiyyətli qayğı
xidmətlərinin olmamasıdır.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415