Marneulidəki seçkilərdə nələr baş verib
Xarici pasportlara yapışdırılmış şəxsiyyət nömrələri, dövrə vuran “karusellər”, dırnaqların işarələnməməsi, bülletenlərin qutulara doldurulması, yüksək vəzifəli məmurlar tərəfindən məntəqələrə nəzarət, müşahidəçilərə təzyiqlər, seçkiyə maneçiliklər – Parlament seçkilərində Marneulidə işləyən müşahidəçilərin və media nümayəndələrinin qeydə aldıqları pozuntulardır.

Marneuli həmişə seçki xəritəsində qaynar nöqtələrdən biri hesab olunur, bu ilki seçkilər də istisna deyildi. İqtidar partiyası burada əvvəlki illərlə müqayisədə aşağı fəallıq
ilə 79,619% səs toplayıb.

“Mənim səsim”-in nümayəndəsi İrakli Çumburidze seçkiləri müşahidə etmək üçün Marneulinin Sadaxlı kəndinə gəlib.

Sadaxlı, 69 saylı seçki məntəqəsi

Fərqli gözləntiləri olub, amma gördüklərinin onun gözləntilərini üstələdiyini deyir.

“Mən Marneuli haqqında eşitmişdim ki, seçkilər zamanı həyəcan var, amma düzünü desəm, gördüyüm reallıq əvvəllər eşitdiklərimdən qat-qat üstün idi. Mən seçici fəallığının yüksək olacağını gözləyirdim. Seçkiqabağı dövrdə insanların qorxudulması, müharibə və sülh plakatları yaxşı işləyirdi, amma yenə də mən nədənsə inanırdım ki, insanlar bu reallığı görüb, qorxu həlledici amil olmayacaq və seçkiyə gələcəklər. Mən bu prosesin iştirakçısı olmaq, insanların səsini qorumaq istəyirdim”.

5 saniyəlik video İrakli Çumburidzeyə məxsusdur və bu 69-cu məntəqənin ləğvi, bağlanması üçün səbəbinə çevrilib. O, Marneuli Bələdiyyə Məclisinin sədr müavini Rövşən İsgəndərovun bir neçə bülleteni seçki qutusuna necə atdığını müşahidə edib.


Rövşən həmin məntəqədə siyasi partiyadan müşahidəçi olub. İrakli Çumburidze deyir ki, onun ərazidə görünməsi narazılığa səbəb olub, əvvəldən foto və video çəkmək, 2 metr radiusda qeydiyyatçının masasına yaxınlaşmaq qadağan edilib.

“Mən əraziyə daxil olan kimi müşahidə etdim ki, qeydiyyat masasında nə isə baş verir, yəqin ki, karuseldir, insanlar qrup halında içəri girib sonuncu qeydiyyatçı masasına gedirlər, çünki əvvəlcədən mənə 2 metr radiusda yaxınlaşmaq qadağan edilmişdi. Ona görə də bilmək çox çətin idi ki, bu adamlar öz pasportları ilə, yoxsa başqasının pasportu ilə olublar. Bülletenlərin çəkilişinə gəlincə, əslində foto rejimi ilə (canlı funksiya) 5 saniyəlik video çəkdim, yaxşı heç nə olmayacağını dərhal anladım, hətta bir az da utandım, çünki belə böyük bir hadisənin şahidi olmamışam, bu mənim ilk təcrübəm idi. Mənə yaxınlaşdılar, məni dartdışdırdılar və bayıra çıxmağımı istədilər. Müşahidəçi olduğumu dedim, özü də müşahidəçi olsa da, mənimlə açıq danışdı. Sakitliyim xoşuna gəlmədi və məni zorla çölə çıxardılar. Əllərimi qaldırıb dedim ki, məndən nə istəyirsən, müşahidəçiyəm. Nəhayət məni içəri buraxdılar və ərazidən getməyimi istədilər. Əşyalarımı götürmək üçün qayıdanda, sədr məni qovdu və rəsmən yazıb ki, məni foto-video çəkməyə görə qovub. Məni 3-5 dəqiqəyə dartıb çıxardıqları vaxt polis gəldi. Polis ərazini mühasirəyə alıb, nə baş verdiyini, necə baş verdiyini soruşdu və məni tək qoyub getdilər. Ərazidə idim, bir az qorxdum, çünki bu insanlar geri qayıda bilərdilər. Məni döymədilər, amma demək istəyirəm ki, bunu edə bilərdilər. Əgər həqiqətən sübutum olduğunu bilsəydilər, yəqin ki, telefonumu sındırardılar. Bundan sonra məntəqədən çıxıb getdim”.

Demək olar ki, seçki günü reallıq əvvəlki dövrün nəticəsidir. “Gürcü Arzusu”-nun nümayəndəsi Zaur Darğallı Marneulidə hakim partiyanın nümayəndələri ilə birlikdə kənd-kənd gəzib. Çox cəhdlərə baxmayaraq, “Marneuli” radiosuna görüşlərin heç birini işıqlandırmaq imkanı verilməyib. Darğallının əhali ilə “isti” görüşlər keçirdiyini ancaq onun paylaşdığı paylaşımlardan bilirik.

Materialları müşahidə edən zaman bir çox inzibati resurslardan istifadə halları qeydə alınıb ki, bunu da müəllimlərin iştirakı ilə izah etmək olar. Hakim partiya üzvlərinin Marneuli seçiciləri ilə danışdıqları barədə bir neçə müəllim bizə bildirdi ki, ən çox müharibə mövzusu vurğulanıb. Əgər “Gürcü arzusu” seçilməzsə, müharibə başlayacağını deyirdilər. Əslində bu ümumi seçkiqabağı narrativ idi. Gürcüstanın müxtəlif bələdiyyələrində “Müharibə və sülhü analiz edən” reklam lövhələri nümayiş etdirilib. 

Qonşu ölkə Azərbaycan vətəndaşlarının da seçkiqabağı dövrə cəlb olunması baş verib. “Gürcü Arzusu”-nun nümayəndəsi Davit Şerazadaşvili Bolnisi bələdiyyəsində Azərbaycanda çalışan insanlarla birlikdə bir sıra seçkiqabağı görüşlər keçirib.

Hüquq müdafiəçisi Samirə Bayramova deyir ki, bu, təsdiqini tapmış üsuldur.

Samirə Bayramova hesab edir ki, Gürcü Arzusunun təbliğatı əhaliyə yaxşı təsir edib, bu məlumatı dağıtmalı olan müxalifət spektri seçicilərə alternativ təklif edə bilməyib.

“İnsanlarla görüşlər daha çox təbliğat xarakteri daşıyırdı. Müharibədən, sülhdən danışdılar, seçicilərini aldadırdılar. Əslində təbliğatla qalib gəldilər. Qeyd edək ki, bu təbliğata qarşı mübarizədə, seçki öncəsi əhalinin məlumatlandırılmasında müxalifət kifayət qədər zəif idi. Onların zəifliyi və az iştirak etməsi də hakim partiyanın təbliğatının genişlənməsinə səbəb oldu. Onlar müxalifətdən daha çox xalq ilə fəal təmasda idilər. Ümumiyyətlə, heç bir vətəndaşın seçkiyə gəlmədiyi kəndlər var idi, hətta Marneulidə seçkinin qeyri-aktiv olduğunu qeyd etdilər. Bəziləri müxalifət namizədlərini ümumiyyətlə tanımırdı. Dəfələrlə mənə yazmışdılar ki, bu adam kimdir, nəyi təmsil edir, haralıdır, seçki gününə qədər müxalifət nümayəndələrini tanımırdılar”, – Samirə Bayramova bildirir.

Samirə Bayramova bir neçə dəfə Marneulidə seçki prosesini müşahidə edib. O, saxtakarlıq proseslərinin də şahidi olub, bu il belə halların misli görünməmiş çoxluq təşkil etdiyini və bu prosesə əsasən gənclərin, dövlət məmurlarının cəlb olunduğunu düşünür.

“Bu günə qədər komissiyanın üzvü olanlar, müxtəlif təşkilatların adı ilə qeydiyyatdan keçən gizli, saxta müşahidəçilər, bu həmişə olub, amma bu il bütün bunların pik nöqtəsi idi. İnsanlar seçkiləri saxtalaşdırmaqdan çəkinmirdilər və müxtəlif üsullara əl atırdılar. Saxtalaşdırma proseslərinə çoxlu gənclər cəlb olunmuşdu, savadlı, biliyi olanlar, müxtəlif görüşlərdə, təlimlərdə iştirak etdilər və biz düşündük ki, onlar işıq gələn yerdir, lakin məlum oldu ki, bu insanlar saxtalaşdırma prosesinə yüksək səviyyədə qoşulublar. Düşünürəm ki, onlar da gördülər ki, bizdə biliyə, namusa, təhsilə dəyər verilmir. Onlar müxtəlif məmurlara, onların keçmişinə, vəzifələrinə necə gəldiklərinə, insanların onları necə qarşıladıqlarına baxırlar. Bütün bunlar sözsüz ki, öz təsirini göstərib, hətta yəqin ki, fikir dəyişikliyinə gətirib çıxarıb. Bu çox kədərlidir. Həmçinin, seçki günü seçki məntəqələrində dövlət məmurlarını gördük ki, əgər onlar özləri yaxın olmasa da, onların ailə üzvü və ya yaxın adamları, təşviqatçı rolunda idilər, yaxud başqa vəzifələri var idi”, – Samirə Bayramova bildirir.

Seçkiləri Marneuli Mülki İştirak və Aktivizm Mərkəzinin rəhbəri Rəşan Ziyadəliyev də müşahidə edib. O, “Mənim səsim” monitorinq missiyasının üzvü olub. Müşahidəçi deyir ki, müşahidə etdikləri qanun pozuntuları komissiya üzvlərinin qıcıqlanmasına səbəb olub, buna görə də “Mənim səsim”-in bir çox müşahidəçiləri fiziki hücumların və ya mübahisələrin qurbanı olublar.

“Biz onların bir sxem çərçivəsində işlədiyini gördük. Məsələn, seçki məntəqəsinə gələn seçicilərdən bəzilərinin pasportunda başqasının şəxsi nömrəsi yazılmış kağız olub. Həmçinin, seçicilərin məntəqələrə işarələmə yoxlamaları aparılmadan buraxılması, işarələmə mayesindən istifadə olunmaması, işarələmə zamanı manipulyasiya, xüsusilə də işarələmə zamanı seçicinin barmağının kağız salfetlə örtülməsi, işarələmə mayesinin seçicinin barmağına düşməməsi halları müşahidə edilib. Məntəqədə müşahidəçilərimiz üçün düşmən mühit yaradılıb. Müşahidəçilərimizə qarşı fiziki, şifahi və psixoloji zorakılıq və təhdid cəhdləri qeydə alınıb”, – Ziyadəliyev bildirir.

Marneuli 22 saylı Dairə Seçki Komissiyasına ümumilikdə 41 şikayət daxil olub. Onların arasında məntəqələrin nəticələrinin ləğvi, komissiya üzvlərinin intizam məsuliyyətinə cəlb edilməsi, bir neçə məntəqənin nəticələrinin yenidən hesablanması da var. Marneuli Dairə Seçki Komissiyasının sədri Lela Kristesiaşvili deyir ki, məntəqələrin ləğvi ilə bağlı şikayətlərin heç biri təmin edilməyib.

Marneulidəki 81 seçki məntəqəsindən yalnız birində nəticələr Bələdiyyə Məclisi sədrinin müavini tərəfindən bülletenlərin qutuya atılması faktı qeydə alındığı zaman, elə seçki günündəcə ləğv edilib. Rövşən İsgəndərov hazırda həbsdədir, onun Marneuli Bələdiyyə Məclisi üzvlüyü və sədr müavini vəzifəsi dayandırılıb. Onun növbəti məhkəməsi dekabrın 25-nə təyin edilib.

Bir sıra monitorinq təşkilatları Parlament seçkilərində səsvermənin məxfiliyinin pozulması ilə bağlı məsələ qaldırıb, lakin onların heç birinin tələbi təmin edilməyib. Oğurlanmış seçkilərə, müsadirə edilmiş səslərə etirazlar bu gün də davam edir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!

Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google