Zərərli erkən nikah təcrübəsi Gürcüstanda problem olaraq
qalmaqdadır.
Erkən nikah zorakılığın bir növüdür, buna görə uşaqlar təhsillərini
davam etdirmək və müstəqil həyat sürmək imkanından məhrum olurlar.
Son illərin statistik məlumatlarına görə, erkən nikahlara görə
uşaqların məktəbdən yayınma halları azalsa da, qeydiyyatda olan
yetkinlik yaşına çatmayan valideynlərin sayı çoxdur.
2019-2020-ci illərlə müqayisədə nikaha görə məktəbi tərk edən
uşaqların
sayı xeyli azalıb. 2019-2020-ci illərdə 56 qız və 4
oğlan, 2021-2022-ci illərdə isə 7 qız erkən nikaha görə məktəbi
tərk edib.
2022-ci ildə rəsmi məlumatlara görə, yetkinlik yaşına çatmayan
valideynlərin qeydiyyatda olan sayı 434 nəfərdir. Onlardan 5 halda
hər iki valideyn yetkinlik yaşına çatmamışdır, 5 halda yetkinlik
yaşına çatmamış valideyn oğlan, qalan hallarda isə yetkinlik yaşına
çatmamış valideynlər qız olub. Qeyd etmək lazımdır ki, qeydə alınan
hamiləlik və yetkinlik yaşına çatmayanların uşaq dünyaya
gətirməsinin yüksək göstəricisi Kvemo Kartlidə qeydə alınıb.
Səhiyyə Nazirliyinin statistik məlumatlarına görə, 2022-ci ildə
Kvemo Kartlidə 271 erkən yaşda hamiləlik halı qeydə alınıb,
Tbilisidə isə belə halların sayı 231 olub.
“Etnik azərbaycanlı qızların 39 faizi doqquz illik baza
təhsildən sonra məktəbi tərk edir ki, bu da uşaq nikahı və uşaq
əməyi ilə bağlı problemlərlə əlaqələndirilə bilər”, –
2023-cü ilin “Gender Bərabərliyi Profili”-ndə qeyd olunub.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun təhsil şöbəsinin
rəhbəri Natia Coxadze “Marneuli” radiosu ilə söhbəti zamanı
bildirdi ki, erkən yaşlarda nikahın qarşısının alınmasında həm
formal, həm də qeyri-formal təhsil çox mühüm rol oynayır.
“Həm qızlar, həm də oğlanların eyni şəkildə
gücləndirilməsi çox mühümdür. Formal təhsil, eləcə də qeyri-formal
təhsil ilə. Bu məktəbdən kənar təhsil və sosial proseslər ilə ola
bilər. Əgər bu imkanlar şəhər gəncləri üçün daha əlçatandırsa, bir
sıra şəraitə görə kiçik yaşayış məntəqələrində daha az əlçatandır
və ona görə də bu xidmətlərin xüsusilə qeyri-formal təhsil
vasitəsilə belə kiçik, dağlıq və ya ucqar yaşayış məntəqələrində
yaşayan gənc oğlan-qızlar üçün əlçatan olması çox vacibdir.
Məktəbdən kənar sosial və ya təhsil proqramlarında iştirak etmək
üçün vasitələr və imkanlar artırılmalıdır”, – Natia
Coxadze bildirib.
Etnik azlıqlar və kənddə yaşayan qızlar üçün məktəb çox vaxt bilik,
bacarıqların əldə oluna biləcəyi yeganə yerdir, lakin bu proses
müəyyən maneələrlə müşayiət olunur. Marneuli bələdiyyəsinin Algeti
kənd ictimai məktəbinin “Mən və icma”, gürcü dili ikinci dil kimi
müəllimi Ayşən Qızbəsova kənd yerlərində yaşayan uşaqların
keyfiyyətli təhsilə əlçatanlıq problemindən danışır. Qızbəsova
qızların inkişafı və imkanlarının artırılmasında məktəbin rolunu
vurğulayır. O, bildirir ki, təhsil müəssisəsi qızlara məktəbin
şagirdlərə verməli olduğu bacarıq və imkanları vermir.
“Kənddə məktəbin rolu daha önəmlidir, çünki məktəb
qızların getdiyi yeganə yerdir. Yəni qızlar ailədə, ailədən kənarda
isə məktəbdə olurlar. Qızların həqiqətən də başqa yerləri,
sosiallaşmaq üçün başqa mühitləri yoxdur. Ona görə də müəllimlərlə,
sinif yoldaşları ilə münasibətlər, bütün bunlar onların gələcək
həyatına təsir edir və qeyd etdiyim kimi, birbaşa olaraq şəxsi
formalaşmasına təsir göstərir”, – Ayşən Qızbəsova
deyir.
Qızbəsovanın sözlərinə görə, indiki cəmiyyətdə qızlar bəlkə də
10-15 il əvvəlkindən daha çox inkişaf edib, amma bu məktəbin
xidməti deyil. O, qızların məktəbdən kənarda – internet vasitəsilə
və ya qeyri-formal təhsil vasitəsilə əlavə bacarıqlar əldə etdiyini
bildirir.

“Biz texnologiyadan çox istifadə etmirik. Demək olar
ki, istər kompüter olsun, istərsə də başqa qurğular olsun, daha
əlçatandır, amma tədris prosesində ondan az istifadə edirik. Burada
vaxt amili də var. Çünki mən dərs verməzdən əvvəl hazırlaşmalıyam,
amma proyektora sahib olmaq imkanım yoxdur. Hətta kompüter artıq
sinifdə olsa belə, kompüteri və proyektoru gətirməzdən əvvəl, onu
işə salmazdan əvvəl nə isə ilişib qala bilər və bütün dərs pozula
bilər. Bilirəm ki, çox məktəblərdə belədir. Həqiqətən də bizim üçün
belə dərslərin keçirilməsi çox çətindir – əksər hallarda maneələr
olur”.
Qızbəsova öz müşahidəsini bölüşür və bildirir ki, Marneuli
şəhərində qızların inkişaf etmək üçün daha çox imkanları var, çünki
burada müxtəlif mərkəzlər var və onların qeyri-formal təhsil almaq
imkanı var, kənd yerlərində yaşayan qızların isə qeyri-formal
təhsil almaq imkanı yoxdur.
Marneuli 3 saylı ictimai məktəbinin ingilis dili və vətəndaş
təhsili müəllimi Nilufər Qurbanova məktəblərdə vətəndaşlıq
tərbiyəsinin gücləndirilməsinin vacibliyinə diqqət çəkir. Məktəbdə
vətəndaş təhsili çərçivəsində gender bərabərliyi, qızların
səlahiyyətlərinin artırılması, insan hüquqları, uşaq hüquqları və
s. mövzuların tədris olunduğunu bildirir. Buna baxmayaraq,
Qurbanova qeyd edir ki, bir çox hallarda vətəndaş təhsili məktəbdə
keyfiyyətli tədris oluna bilmir, buna görə də uşaqlar lazımi
məlumatdan məhrum olurlar.

“Düşünürəm ki, hər bir məktəbdə vətəndaş təhsili
klubları olmalıdır. Digər fənlərin müəllimləri də birləşib bu
istiqamətdə çoxlu layihələr həyata keçirməlidirlər. Təəssüf ki, bu
Gürcüstanın əksər bölgələrində populyar deyil. Qızlar daha çox
məktəbdən kənarda gücləndirilir, ancaq qızların məktəb daxilində
gücləndirilməsi də çox vacibdir. Məktəb bunu təmin edə bilmirsə, ən
azı qızlara istiqamət verməlidir – onlara məktəbdən kənar keçirilən
təlimlər haqqında məlumat verməlidir, müxtəlif layihələrdə iştirak
etmək imkanı yaratmalıdır və s.”, – Nilufər Qurbanova
deyir.
Qurbanovanın sözlərinə görə, Marneulidə qızların müxtəlif
bacarıqlara yiyələnməsinə və gücləndirilməsinə kömək edən uğurlu
məktəb nümunələri var, lakin bələdiyyənin əksər məktəblərində
şagirdlərin belə imkanları yoxdur. Ayşən kimi Nilufər də hesab edir
ki, əsasən qeyri-hökumət təşkilatları müxtəlif layihələr həyata
keçirməklə qızların gücləndirilməsinə və müstəqil qərarlar qəbul
etmələrinə kömək edir. Belə layihələrdən biri çərçivəsində
gənclərin ehtiyaclarını müəyyən etmək, onları gücləndirmək və
aktivləşdirmək məqsədilə “Marneuli Qızlar Klubu” yaradılıb.
Mariam Baxturidze və Aytəkin Allahverdiyeva məktəb dövründə “Qızlar
klubu”-na üzv olublar. Onlar 4 il ərzində müxtəlif sektorlardan
uğurlu qadınlarla tanış olub, onların inkişafı üçün zəruri olan
müxtəlif mövzularda təlimlərdə iştirak ediblər.
“Əslində Qızlar Klubunun əsas məqsədi qızların
gücləndirilməsi və onların ictimai həyata daha çox cəlb
edilməsidir. Artıq uğur qazanmış qadın sahibkarlarla tez-tez
görüşlər keçirirdik və onlar öz təcrübələrini bizimlə bölüşürdülər.
Təbii ki, bu təcrübəni eşitmək bizim üçün vacib idi. Həmçinin, bizə
müxtəlif mühüm mövzularda təlimlər keçirilirdi və bu da mənim üçün
çox maraqlı oldu”, – Mariam Baxturidze bildirir.
Mariam kimi Aytəkin də hesab edir ki, qızlar klubuna qoşulmaq ona
əlavə bacarıqlar – təkcə məktəbə getməklə əldə edə bilməyəcəyi
bilik və təcrübə qazandırıb.
“Qızlar klubu mənim ilk fəaliyyətim idi və onun
vasitəsilə layihələrdə fəal iştirak etməyə başladım. Bu kluba
qoşulmaq həyatımı, həqiqətən, dəyişdi. Çox şey eşitdim, çox şey
öyrəndim. Məni şəxsi və peşəkar olaraq inkişaf etdirən çoxlu yeni
təcrübələr əldə etdim”, – Aytəkin Allahverdiyeva
bildirir.

Ümumi təhsil sisteminə gender aspektinin inteqrasiyası hələ də
problemdir. Qızların bərabər təhsil almaq hüququ olsa da,
dərsliklərdə, gender əlaməti ilə zorakılıq və məişət zorakılığının
aşkarlanması istiqamətində, insanın yaşa uyğun seksuallıq,
sağlamlıq haqqında təhsilinin olmaması ilə bağlı problemlər hələ də
mövcuddur.
Keyfiyyətli təhsilin əlçatanlığı şəhər və kənd, etnik çoxluq-
azlıq, oğlan- qızlar arasında fərqlənir. Şəhər yerlərində şagirdlər
kənd yerlərindən daha keyfiyyətli təhsil alırlar, oğlanlar
ümumiyyətlə qızlardan daha çox imkanlara malikdirlər və etnik
azlıqlar arasında təhsilin keyfiyyəti etnik çoxluqlara nisbətən
aşağıdır.
Gürcüstanın təhsil sistemindəki problemlər baxımından ən həssas
qrup kənd yerlərində yaşayan məktəbli qızlardır. Gürcüstanın
2023-cü il “Gender Bərabərliyi Profili”-nə əsasən, etnik azlıqların
uşaqları və fiziki imkanları məhdud olan uşaqlar keyfiyyətli təhsil
almaq məsələsindən əlavə müxtəlif problemlərlə üzləşirlər ki,
bunlar arasında ixtisaslı müəllimlərin, əlçatan təhsil
resurslarının olmaması da var.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415