“Gürcü arzusu”-nun qəbul etdiyi yeni qanun dövlət məmurlarına hansı təhlükəni yaradır?
“Gürcü arzusu” Parlamenti dövlət məmurlarının işdən çıxarılmasını asanlaşdıran qanunvericilik dəyişikliklərini qəbul edib. 15 dekabr tarixində üçüncü oxunuşda qəbul edilən dəyişikliyə əsasən, idarəetmə çarxının dövlət məmurlarının statusu dəyişdirilib, reorqanizasiya və məmurun qiymətləndirilməsi sistemi asanlaşdırılıb.

Bəzi dövlət məmurlarının Gürcüstanın Avropaya inteqrasiyasının dayandırılmasına və “Gürcü arzusu” hökumətinin dinc aksiyaları dağıtmasına qarşı səslərini ucaltmasından sonra “Dövlət xidməti haqqında” qanuna dəyişikliklər sürətləndirilmiş qaydada
qəbul olunub. Vətəndaş Cəmiyyəti Fondunun hüquqşünası Saba Braçveli bildirir ki, Gürcüstanın demokratik inkişafı üçün qurulmalıaqq olan ən mühüm qurumlardan biri dövlət xidmətidir. Braçvelinin sözlərinə görə, “Gürcü arzusu” hökuməti dövlət məmurlarını öz partiya sərvəti hesab edir və “Dövlət xidməti haqqında” qanunda dəyişiklik edilməsi “Gürcü arzusu” ideologiyasını bölüşməyən məmurların cəzalandırılması mexanizminə çevriləcək.

“Gürcü arzusu dövlət məmurlarını hədə-qorxu ilə sosial şəbəkələrdə nəsə paylaşmağa və yazmağa məcbur edir. Bir məsələ budur ki, “Gürcü arzusu”-nun narrativini paylaşmayan adamları işə götürmürlər, digər tərəfi isə onları işdən çıxarmaqla hədələyirlər. Bizim apardığımız Assosiasiya sazişində dəqiq yazılıb ki, dövlət məmurunun öz fikrini söyləmək, mövqeyini bildirmək hüququ var, hakimiyyətin xoşuna gəlməsə belə, onun etiraz etmək hüququ var. Bunu dövlət məmurları bilməlidirlər ki, onların öz fikirlərini ifadə etmək hüququ və azadlığı var. Əksinə, ölkəmiz Avropa İttifaqına gedən yolda belə bir çətinlikdə olduğu halda öz mövqeyini bildirməlidir", - Saba Braçveli bildirib.

Braçveli kimi, “Gürcüstan Peşəkar İttifaqı” Birliyinin sədr müavini Tamar Surmava da “Dövlət Xidməti Haqqında” qanuna dəyişikliklərin sürətləndirilmiş qaydada qəbul edilməsini zərərli hesab edir. Onun sözlərinə görə, 2013-cü ildən “Dövlət Xidməti Haqqında” qanunda dövlət məmurlarının müdafiəsini gücləndirən kifayət qədər yaxşı dəyişikliklər edilib. “Gürcü arzusu”-nun 2024-cü ildə sürətləndirilmiş şəkildə qəbul etdiyi dəyişikliklər isə dövlət məmurlarının müdafiəsini azaldıb.

“Dövlət məmurları indi həssas vəziyyətdədirlər. Bu təkcə Konstitusiyaya və beynəlxalq əmək standartlarına deyil, həm də qanunun özünün elə birinci maddədə müəyyən edilmiş məqsədinə birbaşa ziddir”, - Surmava bildirib.

“Gürcüstan Peşəkarlar İttifaqı” Birliyinin sədr müavini hansı dəyişikliklərin dövlət xidmətlərində çalışan vətəndaşlar üçün təhlükə yaratdığını izah edir.

Dövlət məmuru statusunun dayandırılması


Qanunda edilən dəyişikliyə əsasən, dövlət qurumunda ilkin struktur bölmə rəhbərləri, Marneuli meriyasının inzibati, maliyyə-büdcə xidməti və s. kimi xidmət və şöbə rəhbərləri inzibati müqavilə əsasında işə götürülənlər, yəni rəhbərin istəyi ilə təyin olunacaqlar - onlardan iş üçün müvafiq ixtisas, imtahandan keçmək tələb olunmur və s.

“Bu deməkdir ki, ilkin struktur bölməsinin rəhbəri və onun müavini bundan sonra dövlət məmuru hesab olunmayacaq. Artıq dövlət məmurları üçün nəzərdə tutulan müəyyən müdafiə vasitələri və mexanizmləri onlara şamil edilməyəcək və həmin şəxslər artıq inzibati müqavilə ilə işə götürüləcəklər”, - Tamar Surmava bildirib.

İlkin struktur bölmələrinin rəhbərlərinin və onların müavinlərinin dövlət məmuru statusundan məhrum edilməsi həm də onların bundan sonra müddətsiz vəzifəyə təyin olunmayacağı anlamına gəlir. “Dövlət Xidməti Haqqında” qanuna görə, bütün dövlət məmurları vəzifəyə müddətsiz təyin olunurlar.

“Artıq bu dövlət məmurları konkret dövlət qurumunun rəhbərinin səlahiyyət müddətinə təyin olunacaqlar. Bundan başqa, həmin şəxslərin təyinatı müsabiqəsiz, şəxsi qərarla həyata keçiriləcək və bu şəxslərin yalnız qurum rəhbərinin təşəbbüsü ilə işdən azad edilməsi də mümkündür. Yəni, bu halda onların müdafiələri minimuma endirilir ki, bu da öz növbəsində böyük təhlükə yaradır, “Dövlət Xidməti Haqqında” qanunun məqsədinə zidd müddəadır”, - Tamar Survmava bildirir.

Dövlət xidməti rəhbəri ilkin struktur bölmələrinin rəhbərini və ya onun müavinini vəzifəsindən azad edərsə, işçilərə yalnız bir aylıq əməkhaqqı veriləcək.

Yenidənqurma


Qanununun yeni redaksiyasında yenidənqurmanın əsasları genişləndirilib, yenidənqurma zamanı dövlət məmurlarının vəzifədən azad edilməsi asanlaşdırılıb, dövlət məmurunun bərabər vəzifəyə keçirilməsi imkanları ləğv edilib, yenidənqurma müddətləri qısaldılıb və dövlət məmurunun məhkəmə yolu ilə pozulan hüququnu bərpa etməsi məhdudlaşdırılıb.

“Yeni redaksiya ilə yenidənqurma zamanı səyyarlıq məsələsi istisna olunur. Yəni bu nə deməkdir ki, əgər konkret qurumda ştatların ixtisar edilməsi nəzərdə tutulurdusa, belə olan halda, ilk növbədə həmin qurumda digər vakant vəzifələr axtarılmalı, ixtisar edilmiş kadrlar isə bu vakant vəzifələrə keçirilməlidir. Yəni yenidənqurma prosesində səyyarlıq tamamilə aradan qaldırılıb”.

Yenidənqurma yolu ilə işdən çıxarılan şəxs məhkəmədə əsassız olaraq işdən çıxarıldığını sübut etdikdə ona cəmi 3 aylıq kompensasiya ödəniləcək - köhnə varianta görə, məhkəmənin qərarı ilə qanunsuz olaraq işdən çıxarılan şəxs sınaq müddətinin bütün maaşını alırdı.

“Həmçinin məhkəmənin qərarından asılı olmayaraq yenidənqurma əsasında işdən çıxarılan şəxs işə bərpa oluna bilməz. Çünki qanunun özündə də yazılıb ki, bu şəxs işə bərpa oluna bilməz”.

Qanunun köhnə redaksiyasına görə, yenidənqurmanın əvvəlində konkret xidmət onun zəruri olduğunu və ixtisar ediləcək şəxslərin ədalətli seçildiyini işin keyfiyyətinə görə və s. əsaslandırmalıdır. Məhkəmə yenidənqurmanın qanunsuz olduğunu təsdiq etdikdə, işdən çıxarılan şəxsə tam sınaq müddəti ilə kompensasiya ödənilməlidir - əgər iki il işləməyibsə, iki illik əməkhaqqı; Eləcə də eyni işə qəbul olunmalı və ya işə qayıtma qarşılığında kompensasiya almalıdır.

“Bu qanunda işdən çıxarılan şəxsin praktiki olaraq hüquqsuz qaldığını dedikdə, onu nəzərdə tuturuq ki, yeni qanuna görə, yenidənqurma zamanı işdən çıxarılan şəxsin işə qayıtması məhdudlaşdırılıb, yəni o, işləməyəcək. Bundan əlavə, məhkəmədə iddia qaldırıldıqda onun xeyrinə qərar çıxarılarsa, burada da qanunverici məhkəmə təzminat məbləğini məhdudlaşdırıb və kompensasiyanın yalnız 3 aylıq əməkhaqqı dəyərində veriləcəyi müəyyən edilib”.

Tamar Surmavanın sözlərinə görə, qanunda edilən düzəlişlər Konstitusiyaya ziddir, çünki Konstitusiya Məhkəməsi 2015-ci ildə 3 aylıq rəsmi işdən çıxma müavinətinin Konstitusiyaya zidd olduğunu müzakirə edib.

“Dövlət Xidməti Haqqında" qanunun köhnə redaksiyasında hələ 2013-cü ildə yeni redaksiyada olan narahatçılığa görə kompensasiya ilə bağlı analoji qeyd var idi və sonra Konstitusiya Məhkəməsi bunun birbaşa Konstitusiyaya, hüquqa zidd olduğunu bildirdi. Yəni indiki qanunda artıq Konstitusiyaya zidd sayılan norma növü tətbiq edilir”, - Tamar Survmava bildirib.

“Gürcüstan Peşəkar İttifaqlar” Birliyi də tətbiq edilməsi planlaşdırılan normaların Konstitusiyaya zidd olduğunu düşündüyü üçün Konstitusiya Məhkəməsinə müraciət edib.

Məmurun qiymətləndirilməsi


“Dövlət xidməti haqqında” qanunun köhnə redaksiyasına görə, dövlət məmurunun qiymətləndirilməsi ildə bir dəfə aparılırdı və dövlət məmurunun işdən çıxarılması iki mənfi qiymətləndirmə ilə mümkün olurdu. Qanunun yeni redaksiyasında dövlət məmurunun iki mənfi qiymətləndirmə olduğu halda vəzifədən azad edilməsi imkanı qüvvədə qalıb, lakin işçilərin qiymətləndirilməsi şərtləri dəyişdirilib - yeni redaksiya ilə dövlət məmuru hər altı aydan bir qiymətləndirilməlidir.

“Dövlət məmurunu birbaşa rəhbəri qiymətləndirir, lakin qanunun yeni redaksiyasına görə, dövlət qurumunun rəhbəri məmurun qiymətləndirməsini dəyişə bilər. Qurumun rəhbəri birbaşa rəhbərin qiymətləndirməsindən sonra bir ay ərzində verilən qiymətləndirməni dəyişdirmək səlahiyyətinə malikdir ki, bu da riskləri artırır. İşçinin həyata keçirdiyi fəaliyyətlər ən yaxşı rəhbəri tərəfindən bilinə bilər və onun rəhbəri birbaşa keçmiş dövrü tam qiymətləndirmək üçün daha çox məlumata malikdir”, – hüquqşünas bildirib.

Qanunun yeni redaksiyasına əsasən, dövlət məmurlarının qanuni şəkildə işdən azad edilməsi üçün nəzərdə tutulan müddət azaldılıb. Əgər köhnə redaksiyaya görə, vəzifəli şəxs ildə bir dəfə qiymətləndirilirdisə və işdən azad olunmaq üçün iki ardıcıl qeyri-qənaətbəxş qiymətləndirmə tələb olunurdusa, deməli, dövlət məmurunun işdən çıxarılması üçün iki il vaxt lazım olurdusa, yeni redaksiya ilə bu bir dəfəyə endirilib.

Hüquqşünas Tamar Surmavanın fikrincə, “Dövlət Xidməti Haqqında” qanuna edilən dəyişikliklər dövlət məmurlarının vəziyyətini pisləşdirir və onların peşəkarlığının inkişafına mane olur. Surmava kimi, Vətəndaş Cəmiyyəti Fondunun hüquqşünası Saba Braçveli də hesab edir ki, dövlət məmurları yeni qanuna əsasən indikindən daha məhdud olacaq. Eyni zamanda Braçveli izah edir ki, “Dövlət Xidməti Haqqında” qanunda düzəliş Gürcüstanın Avropa İttifaqı ilə Assosiasiya sazişindən çıxmasıdır, çünki bu Avropa İttifaqının normalarına ziddir.


Dövlət məmurlarının, xüsusən də özünüidarə orqanlarında çalışanların əksəriyyəti sədaqətləri və hakim partiyadan qorxmaları ilə seçilirlər. Tez-tez məmurların partiyanın müxtəlif tədbirlərində iştirak etməyə və ya partiyayönümlü fikir bildirməyə məcbur edilməsi halları olur. “Dövlət Xidməti Haqqında” yeni qanun “Gürcü arzusu”-nun liderləri üçün arzuolunmaz dövlət məmurlarını işdən çıxarmaq üçün daha yaxşı vasitə olacaq.

Parlament “Dövlət Xidməti Haqqında” qanuna dəyişikliklərlə yanaşı, toplaşma və nümayiş hüququnu məhdudlaşdıran yeni qanunlar da qəbul edib. Həmin qanunlara əsasən şəhərin görünüşünə ziyan vurmaq (bu cür hərəkətlər divarlara etiraz yazılarının yazılması və s.) kimi hallara görə cərimələr artırılıb. Buraya aksiya zamanı yolu bağlamaq, avtomobillə aksiyaya gəlmək və s. də daxildir.

Prosessual olaraq, Parlamentin qəbul etdiyi qanun 7 gün ərzində Prezidentə göndəriləcək, onun imzalaması üçün 10 gün vaxt var. Prezident qanunu imzalamasa, Parlamentin sədri onu imzalayacaq və bundan sonra qanun rəsmən qüvvəyə minəcək.

Gürcüstan Prezidenti Salome Zurabişvili oktyabrın 26-da keçirilmiş Parlament seçkilərini və müvafiq olaraq həmin nəticələr əsasında toplanmış Parlament seçkilərinin nəticələrini tanımır. O, həmçinin “Gürcü arzusu” Parlamentinin qəbul etdiyi qanunları, o cümlədən “Dövlət Xidməti Haqqında” qanunda dəyişiklikləri tənqid edib.

20 gündən artıqdır ki, Gürcüstan Parlamenti yaxınlığında genişmiqyaslı, dinc aksiyalar keçirilir. Aksiya iştirakçılarının əsas tələbi seçkilərin yenidən keçirilməsi, aksiyaların zorakılıqla dağıdılması zamanı həbs olunan etirazçıların azad edilməsidir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google