“İctimai, ancaq əlçatmaz “ - Marneuli büdcəsinin müzakirəsindəki problemlər
18:18 / 30.12.2024
Bu il Marneulinin büdcəsini təsdiqləmək üçün başqa illərdə olduğu
kimi böyük konfrans zalı lazım gəlmədi.
22 noyabr tarixində Marneuli Bələdiyyə Məclisi büdcənin ictimai
müzakirəsini təşkil etsə də, orada yalnız meriya və Bələdiyyə
Məclisi əməkdaşları, jurnalistlər iştirak ediblər. Büdcə Bələdiyyə
Məclisinin iki komissiyası tərəfindən müzakirə edilib, lakin
komissiyanın iclasları haqqında ictimai məlumat olmadığı üçün
maraqlanan şəxslərə orada iştirak etmək imkanı verilməyib. 2025-ci
ilin büdcəsi nəhayət 19 dekabr tarixində təsdiqləndi.
Bələdiyyə Məclisinin iclasında büdcənin təsdiqlənməsinə 13 dəqiqə
vaxt sərf olundu - Marneuli meriyasının Maliyyə və Büdcə Xidmətinin
rəhbəri Koba Çxitunidze büdcə layihəsini deputatlara təqdim edib.
Deputatlar heç bir sual verməyiblər və “Gürcü arzusu”nun
deputatları yekdilliklə büdcənin təsdiqlənməsini
dəstəkləyiblər.
Marneuli Bələdiyyə Məclisi Aparatının rəhbəri Nino Beridze
“Marneuli” radiosuna bildirdi ki, yerli özünüidarə 2025-ci ilin
büdcəsini tam qanunlara uyğun qəbul edib.
“İki dəfə komissiyadan keçib, bir dəfə də ictimai
müzakirəyə çıxarılıb. Mer verilən iradları təqdim etdi, sonradan
səslənən bəzi iradlar da var idi, ancaq qeyri-hökumət təşkilatları
göndərməyi gecikdirdi. Bu məsələlər də əlavə olaraq göndərildi. 16
dekabr tarixində daxil oldu, komissiya toplandı, geniş iclas
keçirildi, nə bilim, büdcənin təsdiqlənməsi tam
legitimdir”, – Nino Beridze bildirdi.
Marneulinin 2025-ci il büdcəsinin yeganə ictimai müzakirəsi
noyabrın 22-də keçirilib. Marneuli Bələdiyyə Məclisi Aparatının
rəhbəri bildirir ki, vətəndaşların büdcənin müzakirəsində və
komissiya iclaslarında iştirak etməsi üçün kifayət qədər məlumatı
və vaxtı var idi, lakin onun dediyinə görə, “insanları
zorla ictimai müzakirəyə çıxarmaq olmaz”.
“Komissiyadan keçirilib və komissiyanın iclası açıqdır,
istənilən şəxs iştirak edə bilərdi, dərc olunmuşdu, gəlib iştirak
edə bilərdilər, amma siz də bilirsiniz ki, ilk iclasda
vətəndaşların iştirakı sıfır idi və heç kim gəlmədi. Hətta
qeyri-hökumət təşkilatları da gəlmədi. Keçirilib təsdiqlənəndən
sonra ajiotajlar, sonra fəaliyyətlər başlayır, dərc olunurdu, hər
kəs gəlib iştirak edə bilərdi”, – Nino Beridze
bildirir.
Marneuli Bələdiyyə Məclisi Aparatı rəhbərinin sözlərinə görə,
büdcənin Bələdiyyə Məclisi Komissiyasında müzakirəsi ilə bağlı
məlumat açıq olsa da, həmin məlumatlar Bələdiyyə Məclisinin
veb-səhifəsində dərc olunmayıb. Marneuli Bələdiyyə Məclisi büdcənin
komissiyada müzakirəsi ilə bağlı məlumatı yalnız yekunlaşdıqdan
sonra dərc edib.
Müzakirələr barədə məlumat açıqlanmadığı halda Bələdiyyə Məclisinin
vətəndaşların məlumatlandırılmasını nə dərəcədə təmin etməsi ilə
bağlı sualımıza cavab olaraq Beridze bildirir ki, bu formal
məsələdir və vətəndaşlar ilk ictimai müzakirəyə də
gəlməyiblər.
Marneuli Bələdiyyə Məclisi Aparatının rəhbəri Marneuli sakinlərinə
irad bildirir ki, bələdiyyənin büdcəsi onları maraqlandırmır.
Bizimlə söhbətləri zamanı vətəndaşlar qeyd edirlər ki, büdcə ilə
bağlı heç bir məlumatları yoxdur, büdcənin ictimai müzakirəsi ilə
bağlı meriya və ya Bələdiyyə Məclisi nümayəndələri onlara məlumat
verməyiblər.
Mülki İştirak və Aktivizm Mərkəzinin rəhbəri Rəşan Ziyadəliyev
bildirir ki, ötən ildən fərqli olaraq bu il vətəndaşların büdcənin
müzakirəsi prosesində fəal iştirak etmək imkanı olmayıb.
Ziyadəliyevin sözlərinə görə, büdcəni planlaşdırarkən əhali ilə
məsləhətləşmək, kənd yığıncaqları keçirmək lazımdır.
“Təəssüf ki, bu il kənd toplantılarını görmədim.
Məsələn, keçən il büdcə planlaması zamanı kənd yığıncaqları çox
intensiv keçirilirdi. Ola bilsin ki, ölkədə gedən proseslərlə və ya
başqa səbəblərdən bu görüşlər keçirilə bilmədi və ya keçirilmədi
ki, bu da sonda büdcənin qəbul edilməsi prosesinə, vətəndaşların
fəal iştirakına böyük təsir göstərir. Bu səbəbdən büdcənin ictimai
müzakirəsinin lazım olduğu kimi getmədiyini gördük. Əlavə olaraq
qeyd edək ki, hər ilin oktyabr ayına kimi merlər il ərzində həyata
keçirdikləri işlər barədə hesabat təqdim etməlidirlər, biz bunu
görmədik. Bundan əlavə, Yerli Özünüidarə Məcəlləsində Bələdiyyə
Məclisi üzvlərinin də illik hesabat verməsi nəzərdə tutulub, lakin
biz bunu da görmədik”, – Rəşan Ziadəliyev
bildirir.
Ziyadəliyev kimi Beynəlxalq Şəffaflıq Gürcüstannın Zuqdidi regional
ofisinin koordinatoru Arçil Todua da büdcənin qəbul edilməsi
prosesinin pisləşməsindən danışır. Toduanın sözlərinə görə, son bir
il yarım ərzində Gürcüstanda bələdiyyələrin tədricən qapalı
təşkilata çevrilməsi təcrübəsi formalaşıb. Todua bildirir ki, həmin
proses “rus qanunu”nun ilk təşəbbüsündən sonra fəal başlayıb.
“Bizdə ötən illərdə təcrübə var ki, bir sıra
bələdiyyələr bu prosesi düzgün və səmərəli aparıblar, lakin son
vaxtlar bu vəziyyət kökündən dəyişib və ciddi problemdir.
Konstitusiyada da deyilir ki, özünüidarə vətəndaşın hüququ və onu
əhatə edən problemləri həll etmək imkanıdır, bələdiyyənin nümayəndə
və ya icra orqanı büdcə prosesini vətəndaşların iştirakını təmin
etmədən apardıqda bu hüququn reallaşmasının qarşısı alınır. Təbii
ki, komissiyanın iclasları açıq, şəffaf olmalıdır və istənilən
şəxsin iclasda iştirak etmək hüququ olmalıdır”, –
Arçil Todua bildirir.
Beynəlxalq Şəffaflıq Gürcüstanın nümayəndəsinin fikrincə, yerli
özünüidarə orqanları vətəndaşların yanına getməli, onların
iştirakını artırmağa çalışmalı və büdcəni vətəndaşların iştirakı
ilə qəbul etməlidirlər, lakin Gürcüstanın əksər regionlarında
özünüidarə orqanları bunu etmir.
Arçil Toduanın sözlərinə görə, vətəndaşların iştirakını artırmaq
üçün müxtəlif yollar və təcrübələr var. Yerli özünüidarə orqanları
vətəndaşların iştirakını maksimum dərəcədə artırmaq üçün mövcud
imkanlardan istifadə etməlidirlər.