Azad, fəal cəmiyyət – bəlkə də “Marneuli” radiosunu – 18 il əvvəl,
2006-cı ildə bələdiyyədə yaranan mətbuat vasitəsini ən çox bu
sözlər təsvir edir.
Etnik azlıqların məskunlaşdığı bələdiyyədə insan haqlarından,
iqtisadi vəziyyətdən, təhsildən, özünüidarədən, mövcud
problemlərdən heç kimin danışmadığı bir vaxtda radio üçün ideya
fürsətə, azadlıq isə ən güclü silaha çevrildi. Çoxlu çətinliklərə
baxmayaraq, bu mətbuat vasitəsi
2017-ci ildə lisenziya alaraq FM
tezliyində yayına çıxa bildi.

Məsələn, bələdiyyənin Kirəç-Muğanlı, Daştəpə, Qullar, Xancığazlı,
Kürtlər və digər 84 kəndində ilk dəfə gürcü və azərbaycan
dillərində səs eşidildi. “Marneuli” radiosunun rəhbəri Kamilla
Məmmədova deyir ki, radionun əsas vəzifəsi peşəkarlıq, etika və
azadlıqdır – birlik zəncirini yaradan və Marneulidən hekayələr
danışan bu üç söz.
“2005-ci ildə yaradılan radio layihəsi burada yaşayan
insanların ideyası deyildi, Böyük Britaniyada düşünüblər ki, etnik
cəhətdən rəngarəng olan regionda insanlara onları narahat edən hər
şeydən danışmaq imkanı verəcək bir icma mediasının olması yaxşı
olardı. Etnik azlıqlar həmişə ölkədə baş verən bütün
dəyişikliklərdən kənarda qalırdılar. Mən bu layihənin adi
iştirakçısı idim və jurnalistikanın nə demək olduğunu öyrənməyə
başlayan 20 gəncin arasına düşdüm. Radio fəal işləməyə başlayan
kimi, lisenziya alan kimi, veb-səhifəni işlətməyə başladıq. Yerli
sakinlərdən bəzi şok effektlər oldu. Biz hər zaman yerli hökumətdən
hər hansı qərar ilə bağlı cavab tələb etdik və yerli əhalinin ana
dilində işləyirdik, bununla da onların başa düşdükləri dildə
məlumat almaq hüquqlarının olduğunu göstərdik”.
{{AUDIO}}
Marneuli radiosu “açıq mikrofon” prinsipi ilə işləyir və cəmiyyətin
istənilən üzvünə məkandan məqsədyönlü şəkildə istifadə etməyə imkan
verir. İstər idman, musiqi, incəsənət, ədəbiyyat üzrə müəllif
proqramları olsun, istərsə də Marneulidə müzakirə formatında mühüm
məsələlərin müzakirəsi. Bütün bunlar mübarizə ilə qazanılıb, çünki
həmişə hakimiyyət müstəqil və azad media ilə mübarizə aparır.
Media demokratik cəmiyyətin əsas sütunlarından biridir. Onun
funksiyası ictimaiyyəti məlumatlandırmaq, nəzarət mexanizmlərini
gücləndirmək, fərqli fikir və müzakirə platforması yaratmaqdır.
Hakimiyyət medianı bilərəkdən məhdudlaşdıranda həmişə hakimiyyəti
saxlamaq, tənqidi ictimai rəyi boğmaq, müstəqil institutları
zəiflətmək istədiyini göstərir. Məhz buna görə də “şəffaflıqdan”,
“rus qanunu” və ya digər təzyiq mexanizmlərindən istifadə edərək
medianın məhdudlaşdırılması ölkənin demokratik inkişafı üçün
təhlükədir.

Belə bir şəraitdə medianın üzərinə təkcə informasiya yaymaq deyil,
həm də azad düşüncə, müzakirə və hakimiyyətin şəffaflığını təmin
etmək vəzifəsi düşür. “Marneuli” radiosunun tarixi də məhz bu
mübarizəni əks etdirir – 2005-ci ildə başlayan ideya 2017-ci ilə
qədər əvvəlki hökumət dövründə lisenziya ala bilmədi, ancaq indiki
hökumətin dövründə “rus qanununun” təsiri ilə media və söz azadlığı
yeni problemlər qarşısındadır.
Bütün bunlara baxmayaraq, “Marneuli” radiosu ictimaiyyəti obyektiv
informasiya ilə təmin etmək, dialoq platforması yaratmaq və
demokratiyanın əsas təməli olan söz azadlığını qorumaq üçün
mübarizəsini davam etdirəcək.
Marneuli vətəndaş sektorunun nümayəndəsi Mariam Samxaradze
obyektivliyi və qərəzsizliyi müstəqil medianın əsas aspektləri
hesab edir.
“Mən həmişə deyirəm ki, radio jurnalistləri
qəhrəmandırlar. Ola bilsin ki, biz vətəndaş sektoru da danışırıq,
amma mən şəxsən sizə deyim ki, nə vaxtsa mən qorxa bilərəm və
istədiyimi deməyə, yaxud yazmaya bilərəm, ancaq radio həmişə bu
tənqidi materialları yazır. Eləcə də tenderlər, özünüidarənin
fəaliyyəti, Bələdiyyə Məclisinin xəbərlərini işıqlandırmaq çox
vacibdir. Radio vasitəsilə biz Bələdiyyə Məclisinin nəyi müzakirə
etdiyini öyrənirik. Tənqidi rəy eşidilməlidir, bu mütləqdir və
yerli hakimiyyət həmişə narahat olmalıdır. Biz həm mərkəzi, həm də
yerli səviyyədə mətbuata ümid bəsləyirik”, – Mariam
Samxaradze bildirib.

Mariam Samxaradze kimi, hüquq müdafiəçisi Samirə Bayramova da hesab
edir ki, regionda müstəqil medianın yaranması dönüş nöqtəsi oldu,
çünki bu yerli əhaliyə informasiya almaq və öz məkanını yaratmaq
üçün alternativ yol verdi.

“Ümumiyyətlə, radionun rayonda meydana çıxması ayrıca
önəmli xəbər idi. Kimin üçünsə, ola bilsin, dil maneəsinə görə
televiziya əlçatan deyildi. Radio bu insanlar üçün çıxış
yollarından biri idi. Sosial media vasitəsilə izləyə, radionun
özünü isə dinləyə bilərlər. Radionun unikallığı ondan ibarətdir ki,
etnik azlıqlara, rəngarəngliyə, mədəniyyətə çox süjetlər həsr
olunurdu ki, bu da bizim üçün bir tərəfdən arxiv materialıdır.
Bizim muzeyimiz, mədəniyyətin qorunub saxlanması üçün bərabər
hüququmuz yoxdur, ona görə də bu materiallar gələcək nəsil üçün
keçdiyimiz yolun unikal kadrları olacaq”.
Vətəndaş sektorunun nümayəndəsi Rəşan Ziyadəliyev hesab edir ki,
müstəqil media cəmiyyətdə mühüm rola malikdir, çünki o, obyektiv
informasiyanın yayılmasını təmin edir, vətəndaşların demokratik
proseslərə cəlb olunmasını təşviq edir. Müxtəlif qrupların
problemlərini dilə gətirmək imkanının olduğu platforma yaradır.

“Müstəqil medianın olması demokratik cəmiyyət üçün vacib
komponentlərdən biridir. Xüsusilə regional səviyyədə. Gündəlik çox
şeyin baş verdiyi bələdiyyəmiz məncə Gürcüstanın ictimai-siyasi
məkanlarından biridir və ona görə də müstəqil, neytral medianın
olması xüsusilə etnik azlıqlar üçün çox vacibdir. Bizi narahat edən
məsələlər çox vaxt mərkəzi mediadan eşidilmir. 2005-ci ildən
radionun yaranmasını xatırlayıram və hesab edirəm ki, bu vətəndaş
cəmiyyətinin güclənməsinə, ümumilikdə yerli demokratiyanın
yaradılmasına böyük təsir göstərib”.
Marneuli radiosu yaranana qədər bələdiyyədə cəmi bir media var idi.
O vaxtdan bəri başqa veb-səhifələr, onlayn nəşrlər yaradılıb ki,
radio onların qorxularını dəf etmək, buna hüquqlarının olduğunu
dərk etmək üçün təkan olub. Marneuli radiosu indi üç dildə xəbərlər
yayımlayır: gürcü, azərbaycan və erməni. Bəlkə də bu media
vasitəsinin özünəməxsusluğu budur ki, əhaliyə biz sizi eşidirik,
bizə etibar edin, bizim ardımızca gəlin desin.
“Marneuli” radiosunun jurnalistləri idmanda qızlar, fiziki
imkanları məhdud şəxslərin hüquqları, gender problemləri kimi
xəbərləri işıqlandırıb gündəmə gətirdiklərinə görə bir çox
mükafatlar qazanıblar. Radio yenidən insanların öz bacarıq və
ideyalarını reallaşdırmaq imkanı olan məkandır, - radio yalnız
xalqa və onların ehtiyaclarının müəyyən edilməsinə məxsusdur.
