Peyvənd olunan təqaüdçülər hökumətdən 200 lari əlavəni
nə vaxt və necə alacaqlar
Statistik məlumatlarla yanaşı, hökumətin son dövrlərdə başlatdığı
təşviqat kampaniyaları koronavirus peyvəndinin 60 yaşdan yuxarı
əhali arasında populyarlaşdırılması üçün daha çox dəstəyə ehtiyac
olduğunu göstərir. Bir çox hallarda Covid-19-un ağırlığını yaş
amili müəyyən edir. "Onlar ilk növbədə mənim yaşımda ölürlər", -
Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktor müavini Paata
İmnadze noyabrın 4-də hökumət administrasiyasında keçirdiyi
brifinqdə deyib.
Koordinasiya Şurası peyvənd olunanların sayının artırılması və ölüm
hallarının azaldılması məqsədilə peyvəndlə bağlı müxtəlif
kampaniyaları, o cümlədən yaşı 60-dan yuxarı olan vətəndaşların
peyvənd olunmasının təşviq edilməsi ilə bağlı qərar qəbul edib –
peyvəndin ilk dozası vurdurulduğunda dövlət tərəfindən birdəfəlik
200 lari yardım veriləcək.
Hökumət tərəfindən verilən pensiyaya əlavəni kimlər ala
biləcək?
Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən, yanvarın
1-dək koronavirusa qarşı peyvənd olunacaq pensiyaçılara hökumət
tərəfindən 200 lari məbləğində birdəfəlik pensiya əlavəsi
veriləcək.
Pensiyaya əlavəni nə vaxt və necə alacaqsınız?
Koordinasiya Şurasının qərarı noyabrın 8-də qüvvəyə minib. Sosial
Xidmət Agentliyinin rəhbəri vəzifəsini icra edən Levan Qoqodzenin
sözlərinə görə, 8-15 noyabr tarixlərini əhatə edən birinci
mərhələdə əlavəni alan şəxslərin məlumatları noyabrın 15-in sonunda
Sosial Xidmət Agentliyinə veriləcək. 5 iş günü ərzində
pensiyaçıların “Liberty Bank”dakı pensiya hesablarından 200 lari
köçürüləcək. Növbəti tarix dekabrın 1-i olacaq. Pensiya yaşına aid
olmayan 60-65 yaş arası kişilərə gəlincə, Sosial Xidmət
Agentliyinin qərarına əsasən, onların hamısının adına “Liberty
Bank”da müqavilə əsasında sosial hesab açılacaq. Belə ki, 60-65
yaşlı kişilər pullarını “Liberty Bank”ın istənilən filialında
şəxsiyyət vəsiqəsi ilə komissiyasız ala biləcəklər.
Kampaniya dekabrın 31-dək davam etdiyinə və tarixlərin Yeni il
bayramlarına təsadüf etdiyinə görə, 28-29-30-31 dekabr tarixlərində
peyvənd olunmuş vətəndaşlar artıq 2022-ci ilin yanvar ayının
əvvəlində pensiyaya əlavəni alacaqlar.
Əgər siz artıq bir doza vurdurmusunuzsa və ya “buster”
dozası vurdurursunuzsa və yaşınız 60 və daha çoxdursa, bu halda nə
olacaq
Artıq birinci doza ilə peyvənd olunmuş və ya tam peyvənd olunmuş və
“buster doza” qəbul edən 60 və ya daha yuxarı yaşlı vətəndaşlar
birdəfəlik əlavə pul ala bilməyəcəklər. 200 lari yalnız noyabrın
8-dən dekabrın 31-dək ilk doza ilə peyvənd olunacaq şəxslərə
veriləcək.
Gürcüstanda yaşı 60-dan yuxarı olan 796 min vətəndaş yaşayır. Son
məlumatlara görə, 276 678 nəfər və ya 34,7% iki doza peyvənd
olunub. Pandemiya zamanı pensiya yaşına çatmış insanlar ən həssas
qrup olsa da, onların yarım milyondan çoxu peyvənd olunmayıb.
Səhiyyə üzrə mütəxəssislər hesab edirlər ki, bu səbəbdən ölkəmizdə
ölüm halları yüksəkdir.
Gürcüstanda Covid-19-a qarşı peyvənd “Pfizer”, “Sinovac” və
“Sinopharm” vaksinləri ilə mümkündür.