Avropa İttifaqı (Aİ) ölkələri yekdilliklə Rusiyaya qarşı
sanksiyalar paketini qəbul etmək qərarına gəliblər.
Bunu Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali
nümayəndəsi Jozef Borrel bildirib.
Onun sözlərinə görə, Donbasın müstəqilliyinə səs verən Dövlət
Dumasının 351 deputatı Aİ-nin qara siyahısına salınıb.
Aİ, həmçinin Rusiyanın Donbasdakı əməliyyatlarını maliyyələşdirən
bank və təşkilatlar da daxil olmaqla 27 fiziki və hüquqi şəxsi qara
siyahıya salıb.
Borrel Almaniyanın “Şimal axını 2”nin sertifikatlaşdırılmasını
dayandırmaq qərarını alqışlayıb.
Ali komissar qeyd edib ki, Avropa İttifaqı Rusiyanı danışıqlar
masasına qaytarmaq üçün, xüsusən də BMT və ATƏT-də diplomatik
səylərini davam etdirəcək.
Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti
Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində
yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla
bağlı fərman imzalayıb.
Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu
addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu
açıqlayıblar.
Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım
yardımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.
Mənbə: report.az