Kirovka sakinləri ümumi kənd toplantısında kəndə Mameyi adının verilməsini dəstəkləyiblər
14:16 / 20.11.2022
20 noyabr tarixində Marneuli bələdiyyəsinin Kirovka kəndində ümumi
kənd toplantısı keçirilib.
Toplantda sakinlər kəndin adının dəyişdirilməsi məsələsini müzakirə
edib.
“Bugünkü toplantıda sakinlər iclasın rəhbərini və
katibini seçdilər, kəndin adının dəyişdirilməsi məələsini müzakirə
etdilər. Yerli sakinlər iki ad - Mameyi və Dostluq adlarından
Mameyi adını dəstəkləyiblər. Ümid edirik ki, yerli və mərkəzi
hakimiyyət yerli sakinlərin qərarını nəzərə alacaq”,
– “Salam” platformasının üzvü Benyamin Qasımoğlu bildirdi.
Kəndin mərkəzinə toplaşmış Kirovka sakinləri kəndə Mameyi adının
verilməsini yekdilliklə dəstəkləyiblər. Yerli sakinlərin
bildirdiklərinə görə, tarixən kənd məhz Mameyi adlanıb və
istəyirlər ki, məhz həmin ad qaytarılsın.
Bələdiyyə Kirovka kəndinin adının dəyişdirilməsi prosesinə 2022-ci
ildən başlayıb. Əvvəlcə kənd sakinlərinə bir neçə ad təklif
ediblər, amma onlar arasında əhalinin tələb etdiyi “Mameyi” adı
olmayıb. Bələdiyyə Məclisinin 2022-ci il 14 noyabr tarixində
keçirilən iclasında isə Adların Verilməsi üzrə Komissiyanın üzvü
məlumat verib ki, kəndə niyə “Mameyi” adını vermək olmaz. Bələdiyyə
Məclisinin iclasında İrine Maçaraşvili bildirib ki, Kirovka
sakinlərinin tələb etdiyi ad tarixi mənbələrdə qeydə alınmayıb.
“Mamai” adı ilə bağlı bilgilər var və bu ad iki tarixi fiqurla
əlaqəli ola bilər. Maçaraşvilinin sözlərinə görə, Mamai Qızıl Orda
sərkərdəsi və ya müqəddəsin adı ilə bağlı ola bilər.
Kirovka kəndinin adının dəyişdirilməsi prosesi indiki mərhələyə
qədər davam etdirilir. Xüsusi hökumət komissiyası kənd əhalisinin
və Marneuli meriyasının təklif etdiyi adların kəndə nə dərəcədə
uyğun olduğunu müəyyən etməlidir. Marneuli meriyası kəndə iki ad
seçib. “Dostluq” – gürcü və azərbaycanlıların dostluğunu əks
etdirən ad və “Yaşıl təpə” – kənddə tarixən inkişaf etmiş
metallurgiyanın nümayiş etdirmək və artefaktları tanıtmaq üçün
seçilmiş ad.
Marneuli meriyasının nümayəndəsinin “kəndə “Mameyi” adını vermək
olmaz” açıqlamasına “Salam” platforması da münasibət bildirib və
açıqlamanı dezinformasiya adlandırıb. “Salam” platforması bələdiyyə
rəhbərliyini, mərkəzi hakimiyyəti, elmi işçiləri, beynəlxalq
təşkilatları, hüquq müdafiə təşkilatlarını və digər mülki fəalları
bu məsələ ilə maraqlanmağa və bələdiyyənin bəzi əməkdaşlarına bu
məsələ ilə manipulyasiya etməyə, dezinformasiya yaymağa imkan
verməməyə çağırıb.