Nə soruşdular və nə cavab aldılar – Marneulinin 2023-cü il büdcəsinin birinci müzakirəsi
21 noyabr tarixində Marneuli meriyasının konfrans zalında 2023-cü ilin büdcə layihəsinin birinci ictimai müzakirəsi baş tutub.

Büdcə gəlirlərinin ilkin versiyası, prioritetlərə əsasən planlaşdırılmış proqramlar və infrastruktur işləri ilə bağlı meriyanın Maliyyə-Büdcə Xidmətinin nümayəndəsi Levan Qabadze təqdimat edib. Təqdimatdan sonra iştirakçıların sual vermək və büdcəyə daxil ediləcək qeydlər barədə danışmaq imkanı var idi. 2023-cü il büdcəsinin müzakirəsində əsasən meriya və Bələdiyyə Məclisinin əməkdaşları iştirak edirdilər.

Müzakirədə bir neçə təşkilat iştirak edirdi, onlar öz təkliflərini təqdim ediblər. Mülki İştirak və Aktivizm Mərkəzinin rəhbəri Rəşan Ziyadəliyevin əsas sualı Marneulidə məktəbəqədər təhsil müəssisələrinin əlçatanlığı ilə bağlı idi.

“Saparinin adı ilə verdiyimiz vahid layihə odur ki, biz əhalinin ehtiyacları ilə bağlı araşdırma apardıq və gördük ki, Qaçağan, Ağməmmədli kənd sakinlərinə uşaq bağçası lazımdır. Bu mövzuda özünüidarə nümayəndələri ilə də görüşümüz oldu. Orada da qeyd etdilər ki, büdcədə Qaçağan kəndində yeni bağçanın tikilməsi nəzərdə tutulub. Sakinlər də ərizə veriblər. Xatırladığıma görə, 2023-cü il büdcəsində nəzərdə tutulmuşdu, amma büdcənin təqdimatında bunu eşitmədim”.

Ziyadəliyevin sualına bələdiyyənin bir neçə əməkdaşı cavab verməyə çalışdı. Bələdiyyə Məclisinin deputatı Adil Əliyev bildirdi ki, büdcədən bağçaların tikintisini məktəbəqədər təhsil müəssisələrinin tikinti öhdəliyini İnfrastruktur Nazirliyi üzərinə götürdüyünə görə çıxarıblar. Tikiləcək obyektlərin siyahısında Qaçağan bağçası da var.

“Uşaq bağçalarının tikintisi planlaşdırılır. Ancaq mərkəzi büdcədən maliyyələşdiriləcək. Kürtlər, Sabirkənd məktəbi necə tikildisə, bu da elə. Mərkəzi hakimiyyət bildirdi ki, iki il ərzində bir neçə bağça tikməlidirlər”
, – Adil Əliyev bildirdi və qeyd etdi ki, Qaçağan bağçasının tikintisi 2023-2024-cü illərdə planlaşdırılıb.

Büdcənin müzakirəsi zamanı Mülki İştirak və Aktivizm Mərkəzinin daha bir üzvü, Naşir Orduxanov gənclər proqramı ilə bağlı sual verdi.

“Məni gənclərlə bağlı konkret hansı proqramların olduğu maraqlandırır. Ötən illə müqayisədə bu il hansısa yeniliklər və ya proqramlar var, yoxsa yox. Bələdiyyə Məclisi gənclərlə bağlı büdcəni artırmağı müzakirə edəcəkmi?”

Orduxanovun sualına meriyanın Maliyyə-Büdcə Xidmətinin rəhbər səlahiyyətlərini icra edən Maia Naveriani cavab verdi.

“Proqramlar barədə biz heç nə deyə bilmərik, biz nəzərdə tutduğumuz rəqəmləri deyə bilərik. Hansı proqramların olması artıq sahə xidmətinin işidir. Yazılı şəkildə müraciət edə bilərsiniz və yazılı olaraq da cavab alacaqsınız”.

Büdcənin müzakirəsində Sosial Ədalət Mərkəzinin regional hüquqşünası Eter Kopaliani də iştirak edirdi. O, Marneuli bələdiyyəsinin nə planlaşdırdığı və 2023-cü ilin büdcəsində sosial siyasətin, dil baryerinin aradan qaldırılması üçün hər hansı xidmətlər tətbiq etməyi nəzərdə tutub-tutmadığını soruşdu.

“Mən bələdiyyənin siyasi məsələlərlə bağlı baxışları maraqlandırır. Həmçinin, dil siyasəti və etnik azlıqların siyasi nümayəndələri. Bizim təşkilat “Salam”-la, eləcə də digər təşkilatlarla birlikdə iki mühüm məsələ ilə bağlı təklif irəli sürmüşük. Biri tərcüməçi resursları və ümumiyyətlə dil siyasəti ilə bağlıdır. Bizim təşkilatın ehtiyaclarla bağlı apardığı araşdırma, etnik azərbaycanlıların təxminən, 69%-nin dövlət dilində danışa bilmədiyinə görə ümumiyyətlə yerli özünüidarəyə müraciət etməməsindən yarandı. Bizim təklifimizdə bir neçə istiqamətdə dil siyasətinin yerli özünüidarə tərəfindən inkişaf etdirilməsi qeyd olunmuşdu. Bu veb-səhifənin tərcüməsi, şikayətlərin hazırlanması, sənədlərin təqdim edilməsi, işin ümumiyyətlə etnik azlıqların dilində aparılmasının mümkünlüyüdür. Bu istiqamətdə sizin baxışlarınız məni maraqlandırır və 2023-cü ilin büdcəsində hansı tip maliyyələşdirmə planlaşdırılır”.

Eter Kopalianinin sualına özünüidarənin bir neçə əməkdaşı cavab verməyə cəhd göstərdi. Onların hamısı bələdiyyəyə getmiş vətəndaşın dil baryerinə görə hansısa xidmətdən yararlana bilməməsi ilə bağlı hər hansı hadisəni xatırlamadıqlarını arqument gətirdilər. Yaxşılaşdırılmış xidmətin təmin edilməsi üçün isə Zaur Darğallının merliyi dövründə irəli sürülmüş layihənin davam etdirilməsindən danışdılar. Darğallının təşəbbüsü ilə birinci mərtəbədə üçdilli məkan yaradılacaqdı və vətəndaşlar istədikləri məlumatı öz dillərində alacaqdılar. Meriyanın Maliyyə-Büdcə Xidmətinin rəhbəri səlahiyyətlərinin icraçısının sözlərinə görə, layihə yenidən qüvəddədir.

“Birinci mərtəbənin bərpası üçün 261 000 lari nəzərdə tutulub. Bir neçə tender baş tutmadı, yenidən elan olunacaq. Orada artıq vətəndaşlara kömək edən gənclər nəzərdə tutulub. Siz bilirsiniz, banklarda belə təcrübə var və məlumat almağa, tərcüməyə kömək edirlər. Meriyada məsləhətçilər olacaqlar və kömək edəcəklər”.

Vahid Milli Hərəkatın üzvü Laşa Kveladze büdcənin birinci versiyasında dəyişiklik edilməsini istəyir. O, bildirir ki, 2023-cü ilin büdcəsində sosial paketlərin artırılmasını istəyir.

“Vahid Milli Hərəkat Fraksiyası olaraq meriyaya yazılı şəkildə müraciət etdik. Müraciətdə sosial paketlərin arıtırılmasını tələb edirik. Buna sosial yardımın, veteranlar, tələbələr üçün yardımın artırılması daxildir. Sona qədər mübarizə aparacağam ki, bizim təşəbbüs qəbul olunsun və büdcədə nəzərə alınsın”.

Bələdiyyənin 2023-cü il büdcəsinin ilk müzakirəsi sona çatan zaman Bələdiyyə Məclisinin üzvü Teona Parciani qeyd etdi ki, müzakirə zamanı təqdim olunmuş təşəbbüs və qeydlər 25 noyabra qədər meriyaya göndəriləcək. Büdcə layihəsinin həmin və ya düzəldilmiş variantını bələdiyyə meri 10 dekabra qədər Bələdiyyə Məclisinə təqdim edəcək.


Büdcə müzakirəsinin prosesini tam olaraq buradan izləyə bilərsiniz:


Print Email
FaceBook Twitter Google