Aleksey Navalnı cəzaçəkmə müəssisəsində vəfat edib.
Bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiya Federal Penitensiar Xidməti müxalif siyasətçi Aleksey
Navalnının ölümü ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki,
Navalnının cəzasını çəkdiyi Yamal-Nenets Muxtar Dairəsinin Karp
qəsəbəsindəki cəzaçəkmə koloniyasında gəzintidən sonra halı
pisləşib, o, huşunu itirib.
“Navalnıya bütün lazımi tibbi yardımlar göstərilib, lakin müsbət
nəticəsi olmayıb. Həkimlər məhbusun ölüm faktını qeyd ediblər”, -
Federal Penitensiar Xidmətin məlumatında qeyd olunub.
Onun ölüm səbəbi araşdırılır.
Qeyd edək ki, Aleksey Navalnı 1976-cı il iyunun 4-də Moskva
vilayətində doğulub. 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə
məşğul olmağa başlayıb.
Hazırkı dövlət başçısı Vladimir Putinin ən sərt əleyhdarı kimi
tanınan Aleksey Navalnı 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay
müddətinə şərti həbs cəzasına məhkum edilib. Dəfələrlə inzibati
həbs cəzası alıb.
20 avqust 2020-ci il tarixində Navalnı Rusiyanın Tomsk şəhərindən
paytaxt Moskvaya qayıdarkən qəfildən halı pisləşib. Təcili Omsk
xəstəxanasına yerləşdirilən müxalifətçi komaya düşüb. Rusiyada
Navalnıya maddələr mübadiləsinin pozulması diaqnozu qoyulub. Omsk
xəstəxanasının baş həkiminin müavini Anatoli Kaliniçenko bildirib
ki, xəstənin orqanizmində zəhər, yaxud zəhərlənmənin əlamətləri
aşkarlanmayıb. Yaxın ətrafı isə Navalnının zəhərləndiyi iddiasını
irəli sürüb. 2020-ci ilin avqustun 22-də səhər saatlarında onu
Almaniyanın "Charite" xəstəxanasına yerləşdiriblər.
Müalicədən sonra Navalnı 2021-ci il yanvarın 17-də
Berlin-Brandenburq hava limanından Moskvaya yola düşüb. Rusiyaya
çatan kimi həbs edilib. Buna səbəb kimi Navalnının 2014-cü ildə
cəzasının dayandırılaraq müvəqqəti azadlıq şərtlərini pozması
göstərilib. Məhkəmə Navalnıya 3,5 il həbs cəzası verib.
Navalnı sonuncu dəfə Moskvanın Lefortovski Rayon Məhkəməsində
dələduzluq və məhkəməni təhqir etmək ittihamı üzrə 9 il müddətinə
azadlıqdan məhrum edilib.