2023-cü ildə Marneuli bələdiyyəsində tikinti qaydalarının pozulması
ilə əlaqədar 208 fakt qeydə alınıb.
Bu barədə meriyanın Nəzarət Xidmətinin Bələdiyyəyə Nəzarət Şöbəsi
“Marneuli” radiosunun məktubuna cavab olaraq bildirib.
Statistik göstəricilərdə qeyd olunub ki, bir il ərzində 208
pozuntudan 151-i icazəsiz tikinti ilə bağlıdır, 57-si isə icazə
qaydalarının pozulması ilə əlaqədardır. Yazılmış cərimə
sanksiyalarının ümumi miqdarı 218 000
lari təşkil edib.
“Marneuli meriyasının Nəzarət Xidmətinin Bələdiyyəyə
Nəzarət Şöbəsi 2023-cü il ərzində Marneuli bələdiyyə miqyasında
tikinti qaydalarının pozulması ilə bağlı 208 fakt aşkarlayıb. Həmin
qayda pozuntularından 151-i icazəsiz tikinti, 57-si isə icazə
şərtlərinin pozulması ilə əlaqədardır. Aparılan tədbirlər
nəticəsində yazılmış cərimə sanksiyaları 218 000 lari, 2023-cü ildə
ödənilən cərimə sanksiyaları isə 343 609 lari (ödənilmiş
cərimələrin müəyyən qismi 2022-ci ildə yazılmış cərimə
sanksiyalarıdır) təşkil edib”, – meriyadan verilmiş
məlumatda qeyd olunub.
Qeyd edək ki, Marneuli bələdiyyəsinin Nəzarət Xidməti 2022-ci ilin
6 ayı ərzində icazəsi tikinti ilə bağlı 18, icazə şərtlərinin
pozulması ilə bağlı isə 36 fakt aşkar edib. 2021-ci il ərzində
tikinti qaydalarının pozulması ilə bağlı 202 fakt aşkarlanıb və
ümumilikdə 272 770 lari cərimə yazılıb.
Qanunsuz tikinti nə deməkdir?
- Qanunsuz tikinti hüquqi əsası (icazə) olmayan tikintiyə
deyilir.
- Qanunsuz tikinti həm də çərçivəsində qanunvericiliyin
tələblərinin əsaslı şəkildə pozulduğu, xüsusən də binanın
funksiyasının dəyişdirildiyi və/və ya tikinti intensivliyi
nisbətinin aşıldığı tikinti hesab edilir.
Tikinti icazəsinin pozulması nə deməkdir?
- Tikinti sənədləri və tikinti reqlamenti ilə müəyyən
edilmiş tikinti/icazə şərtlərinin qanunla müəyyən edilmiş icazə
verilən düzəliş hüdudlarından kənara çıxılması.
- Bu icazəsiz tikintidən onunla fərqlənir ki, bu halda
tikinti hüquqi əsasa – icazəyə malikdir, ancaq bu icazədə nəzərdə
tutulmuş şərtlər pozulur.