“İctimai, ancaq əlçatmaz “ - Marneuli büdcəsinin müzakirəsindəki problemlər
Bu il Marneulinin büdcəsini təsdiqləmək üçün başqa illərdə olduğu kimi böyük konfrans zalı lazım gəlmədi. 22 noyabr tarixində Marneuli Bələdiyyə Məclisi büdcənin ictimai müzakirəsini təşkil etsə də, orada yalnız meriya və Bələdiyyə Məclisi əməkdaşları, jurnalistlər iştirak ediblər. Büdcə Bələdiyyə Məclisinin iki komissiyası tərəfindən müzakirə edilib, lakin komissiyanın iclasları haqqında ictimai məlumat olmadığı üçün maraqlanan şəxslərə orada iştirak
etmək imkanı verilməyib. 2025-ci ilin büdcəsi nəhayət 19 dekabr tarixində təsdiqləndi.

Bələdiyyə Məclisinin iclasında büdcənin təsdiqlənməsinə 13 dəqiqə vaxt sərf olundu - Marneuli meriyasının Maliyyə və Büdcə Xidmətinin rəhbəri Koba Çxitunidze büdcə layihəsini deputatlara təqdim edib. Deputatlar heç bir sual verməyiblər və “Gürcü arzusu”nun deputatları yekdilliklə büdcənin təsdiqlənməsini dəstəkləyiblər.

Marneuli Bələdiyyə Məclisi Aparatının rəhbəri Nino Beridze “Marneuli” radiosuna bildirdi ki, yerli özünüidarə 2025-ci ilin büdcəsini tam qanunlara uyğun qəbul edib.

“İki dəfə komissiyadan keçib, bir dəfə də ictimai müzakirəyə çıxarılıb. Mer verilən iradları təqdim etdi, sonradan səslənən bəzi iradlar da var idi, ancaq qeyri-hökumət təşkilatları göndərməyi gecikdirdi. Bu məsələlər də əlavə olaraq göndərildi. 16 dekabr tarixində daxil oldu, komissiya toplandı, geniş iclas keçirildi, nə bilim, büdcənin təsdiqlənməsi tam legitimdir”, – Nino Beridze bildirdi.

Marneulinin 2025-ci il büdcəsinin yeganə ictimai müzakirəsi noyabrın 22-də keçirilib. Marneuli Bələdiyyə Məclisi Aparatının rəhbəri bildirir ki, vətəndaşların büdcənin müzakirəsində və komissiya iclaslarında iştirak etməsi üçün kifayət qədər məlumatı və vaxtı var idi, lakin onun dediyinə görə, “insanları zorla ictimai müzakirəyə çıxarmaq olmaz”.

“Komissiyadan keçirilib və komissiyanın iclası açıqdır, istənilən şəxs iştirak edə bilərdi, dərc olunmuşdu, gəlib iştirak edə bilərdilər, amma siz də bilirsiniz ki, ilk iclasda vətəndaşların iştirakı sıfır idi və heç kim gəlmədi. Hətta qeyri-hökumət təşkilatları da gəlmədi. Keçirilib təsdiqlənəndən sonra ajiotajlar, sonra fəaliyyətlər başlayır, dərc olunurdu, hər kəs gəlib iştirak edə bilərdi”, – Nino Beridze bildirir.

Marneuli Bələdiyyə Məclisi Aparatı rəhbərinin sözlərinə görə, büdcənin Bələdiyyə Məclisi Komissiyasında müzakirəsi ilə bağlı məlumat açıq olsa da, həmin məlumatlar Bələdiyyə Məclisinin veb-səhifəsində dərc olunmayıb. Marneuli Bələdiyyə Məclisi büdcənin komissiyada müzakirəsi ilə bağlı məlumatı yalnız yekunlaşdıqdan sonra dərc edib.

Müzakirələr barədə məlumat açıqlanmadığı halda Bələdiyyə Məclisinin vətəndaşların məlumatlandırılmasını nə dərəcədə təmin etməsi ilə bağlı sualımıza cavab olaraq Beridze bildirir ki, bu formal məsələdir və vətəndaşlar ilk ictimai müzakirəyə də gəlməyiblər. 

Marneuli Bələdiyyə Məclisi Aparatının rəhbəri Marneuli sakinlərinə irad bildirir ki, bələdiyyənin büdcəsi onları maraqlandırmır. Bizimlə söhbətləri zamanı vətəndaşlar qeyd edirlər ki, büdcə ilə bağlı heç bir məlumatları yoxdur, büdcənin ictimai müzakirəsi ilə bağlı meriya və ya Bələdiyyə Məclisi nümayəndələri onlara məlumat verməyiblər.


Mülki İştirak və Aktivizm Mərkəzinin rəhbəri Rəşan Ziyadəliyev bildirir ki, ötən ildən fərqli olaraq bu il vətəndaşların büdcənin müzakirəsi prosesində fəal iştirak etmək imkanı olmayıb. Ziyadəliyevin sözlərinə görə, büdcəni planlaşdırarkən əhali ilə məsləhətləşmək, kənd yığıncaqları keçirmək lazımdır.

“Təəssüf ki, bu il kənd toplantılarını görmədim. Məsələn, keçən il büdcə planlaması zamanı kənd yığıncaqları çox intensiv keçirilirdi. Ola bilsin ki, ölkədə gedən proseslərlə və ya başqa səbəblərdən bu görüşlər keçirilə bilmədi və ya keçirilmədi ki, bu da sonda büdcənin qəbul edilməsi prosesinə, vətəndaşların fəal iştirakına böyük təsir göstərir. Bu səbəbdən büdcənin ictimai müzakirəsinin lazım olduğu kimi getmədiyini gördük. Əlavə olaraq qeyd edək ki, hər ilin oktyabr ayına kimi merlər il ərzində həyata keçirdikləri işlər barədə hesabat təqdim etməlidirlər, biz bunu görmədik. Bundan əlavə, Yerli Özünüidarə Məcəlləsində Bələdiyyə Məclisi üzvlərinin də illik hesabat verməsi nəzərdə tutulub, lakin biz bunu da görmədik”, – Rəşan Ziadəliyev bildirir.

Ziyadəliyev kimi Beynəlxalq Şəffaflıq Gürcüstannın Zuqdidi regional ofisinin koordinatoru Arçil Todua da büdcənin qəbul edilməsi prosesinin pisləşməsindən danışır. Toduanın sözlərinə görə, son bir il yarım ərzində Gürcüstanda bələdiyyələrin tədricən qapalı təşkilata çevrilməsi təcrübəsi formalaşıb. Todua bildirir ki, həmin proses “rus qanunu”nun ilk təşəbbüsündən sonra fəal başlayıb.

“Bizdə ötən illərdə təcrübə var ki, bir sıra bələdiyyələr bu prosesi düzgün və səmərəli aparıblar, lakin son vaxtlar bu vəziyyət kökündən dəyişib və ciddi problemdir. Konstitusiyada da deyilir ki, özünüidarə vətəndaşın hüququ və onu əhatə edən problemləri həll etmək imkanıdır, bələdiyyənin nümayəndə və ya icra orqanı büdcə prosesini vətəndaşların iştirakını təmin etmədən apardıqda bu hüququn reallaşmasının qarşısı alınır. Təbii ki, komissiyanın iclasları açıq, şəffaf olmalıdır və istənilən şəxsin iclasda iştirak etmək hüququ olmalıdır”, – Arçil Todua bildirir.

Beynəlxalq Şəffaflıq Gürcüstanın nümayəndəsinin fikrincə, yerli özünüidarə orqanları vətəndaşların yanına getməli, onların iştirakını artırmağa çalışmalı və büdcəni vətəndaşların iştirakı ilə qəbul etməlidirlər, lakin Gürcüstanın əksər regionlarında özünüidarə orqanları bunu etmir.

Arçil Toduanın sözlərinə görə, vətəndaşların iştirakını artırmaq üçün müxtəlif yollar və təcrübələr var. Yerli özünüidarə orqanları vətəndaşların iştirakını maksimum dərəcədə artırmaq üçün mövcud imkanlardan istifadə etməlidirlər.


Marneuli Bələdiyyəsinin 2025-ci il büdcəsi 64 644 000 milyon lari təşkil edir ki, bu da 2024-cü il büdcəsindən 9 milyon lari çoxdur.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print Email
FaceBook Twitter Google