“Gürcü Arzusu” parlamentin və nazirliklərin “Arsenal dağında”
yerləşdirilməsini və hazırkı inzibati binaların özəlləşdirilməsini
nəzərdən keçirir.
Bunun üçün Bələdiyyə İnkişaf Fondu bazarın araşdırılması məqsədilə
tender elan edib.
“Arsenal dağı” Tbilisinin Çuğureti rayonunda yerləşir və bu ərazidə
əvvəllər hərbi hissə fəaliyyət göstərirdi.
Elan olunan tenderə əsasən, “Hökumət şəhərinin” baş planının və
eskiz layihələrinin hazırlanması üçün xidmətin satın
alınması
nəzərdə tutulub. Hökumət şəhərinin yaradılması təxminən 77
hektarlıq ərazidə planlaşdırılır.
Hökumət şəhərində yerləşdirilməsi nəzərdə tutulan binalar:
• Parlament binası – ən azı 31 350 m²
• Hökumət Administrasiyası – ən azı 7000 m²
• Tədbirlər zalı – ən azı 10 000 m²
• Xarici İşlər Nazirliyi – ən azı 7500 m²
Bu obyektlərin təhlükəsiz və fasiləsiz fəaliyyəti üçün ətrafında
hasar nəzərdə tutulmalıdır.
Ofis binaları:
• İnfrastruktur Nazirliyi – ən azı 20 700 m²
• Regional İnkişaf Nazirliyi – ən azı 3200 m²
• Qaçqınlar, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi – ən azı 51
900 m²
• İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi – ən azı 23 800 m²
• Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi – ən azı
47 400 m²
• Təhsil, Elm və Gənclər Nazirliyi – ən azı 7600 m²
• Mədəniyyət Nazirliyi – ən azı 3600 m²
• Tbilisi Meriyası – ən azı 59 900 m²
• Gürcüstan Dövlət Mühafizə Xidməti – ən azı 7000 m²
• Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə
dövlət naziri aparatı – ən azı 1800 m²
• Təsərrüfat və yardımçı təyinatlı tikililər
Tender şərtlərinə görə, bazar araşdırılması üçün 4 ay ayrılıb.
Bugün, 10 dekabrda, “Gürcü Arzusu”nun baş naziri İrakli Kobaxidze
bildirib ki, mövcud inzibati binaları elə qiymətə satmağı
planlaşdırırlar ki, yeni binaların tikintisini maliyyələşdirmək
mümkün olsun.
“Bizim dövlət qulluqçularının çox zaman iş şəraiti qənaətbəxş
deyil. Buna görə belə planımız var ki, bəzi qurumların binaları
satılsın və həmin məbləğ hesabına yeni binalar inşa edilsin. Bu,
iqtisadi aktivliyi ikiqat artıracaq. Hələlik hansı qurumlara aid
olacağı dəqiqləşdirilməyib. Bir tərəfdən yeni tikililər iqtisadi
inkişafı stimullaşdıracaq, digər tərəfdən inzibati binaların
investisiya məqsədilə özəlləşdirilməsi də iqtisadi aktivliyi
artıracaq. Yəni, sıfırdan başlayaraq bu layihə ilə ikiqat iqtisadi
canlanma əldə edə bilərik ki, bu da əlavə olaraq iqtisadi artıma
töhfə verəcək,” – deyə Kobaxidze bildirib.
______________________________________
Hökumət şəhərinin tikilməsi ideyası “Gürcü Arzusu” hakimiyyəti
tərəfindən ilk dəfə 2017-ci ildə səsləndirilmişdi. O vaxtkı baş
nazir Qiorqi Kvirikaşvili bildirmişdi ki, hökumət şəhəri Ortaçala
ərazisində tikiləcək və demək olar ki, bütün nazirliklər burada
yerləşəcək. Hazırda Ortaçalada Maliyyə, Ədliyyə və Daxili İşlər
nazirlikləri və bir çox dövlət qurumu fəaliyyət göstərir. Eləcə də
“Gürcü Arzusu”nun yeni mərkəzi ofisi bu ərazidə yerləşir.
2025-ci ilin avqustunda baş nazir İrakli Kobaxidze Bələdiyyə
İnkişaf Fonduna hökumət şəhərinin tikintisi üçün lazım olan detallı
layihə-smeta sənədlərinin (o cümlədən şəhərsalma sənədlərinin)
hazırlanması xidmətinin satın alınmasını tapşıran sərəncam
imzalayıb.
“Arsenal dağı” ilə bağlı isə, Tbilisi meri Kaxa Kaladzenin şirkəti
2007-ci ildə “Milli Hərəkat” hakimiyyəti dövründə bu ərazidəki 78
hektar torpağı 38 milyon ABŞ dollarına almışdı və burada
çoxfunksiyalı kompleks tikilməliydi. Kaladze məbləğin 19 milyonunu
ilk ildə ödəmişdi, qalan hissə isə 2008-ci ilin sonunadək
tamamlanmalı idi. Lakin “Arsenal Development” müddətə uyğunlaşa
bilmədi və bunu dünya iqtisadi böhranı və 2008-ci il
Rusiya–Gürcüstan müharibəsi ilə izah etdi. 2011-ci ildə
İqtisadiyyat Nazirliyi şirkətlə müqaviləni ləğv etdi.
2024-cü ildə Kaxa Kaladze bəyan etmişdi ki, 2011-ci ildən sonra bu
şirkətlə onun heç bir əlaqəsi yoxdur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415