Kobaxidzenin yeznəsi, nazir Davit Patsatsiya 6 ildir ki, toy hədiyyəsi olaraq pul alır
İrakli Kobaxidzenin bacısının həyat yoldaşı Davit Patsatsiya Abxaziya Muxtar Respublikası Hökumətində nazir vəzifəsini tutur.

Davit Patsatsiya 2017-ci ilə qədər qeyri-hökumət təşkilatlarında və özəl şirkətlərdə çalışıb. Onun rəsmi tərcümeyi-halına əsasən, o, dövlət sektorunda 2019-cu ildən fəaliyyətə başlayıb. Məhz həmin il, 2019-cu il iyunun 22-də o, İrakli Kobaxidzenin bacısı Ketevan Kobaxidze ilə ailə həyatı qurub.

Abxaziya hökumətinin
veb-saytında dərc olunmuş rəsmi CV-yə əsasən, Davit Patsatsiya 2001–2004-cü illərdə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) və ABŞ Təhsil və İnkişaf Akademiyasının (AED) “Cənubi Qafqazda sülh və inkişaf naminə gənc liderlər” proqramının təlimçi-koordinatoru olub.

2005-ci ildə “Açıq Cəmiyyət – Gürcüstan” Fondunda, Avropa Qonşuluq Siyasəti (ENP Georgia) proqramı üzrə münaqişələr qrupunun rəhbəri işləyib.

2006-cı ildə “AIESEC Georgia” beynəlxalq gənclər təşkilatını təsis edib və onun vitse-prezidenti olub.

2005–2009-cu illərdə “Abxaziyanın Gələcəyi” Fondunun layihə meneceri, 2011–2017-ci illərdə isə “Aviator” MMC-nin kommersiya direktoru vəzifəsində çalışıb.


Davit Patsatsiya ixtisasca iqtisadçıdır. O, Abxaziyadan olan məcburi köçkündür, 1983-cü ildə Soxumidə anadan olub.

Abxaziya Muxtar Respublikasının Hökumətinə isə 2019-cu ildə gəlib. Müxtəlif illərdə müxtəlif nazirliklərə rəhbərlik edib, paralel olaraq 2022-ci ildən Tbilisi Dövlət Universitetinin (TDU) İqtisadiyyat və biznes fakültəsində dəvət olunmuş mühazirəçidir.

Bəyannamədə nə yazılıb

Davit Patsatsiyanın rəsmi bəyannaməsinə əsasən, onun mənzili və ya hər hansı başqa əmlakı yoxdur. Son 7 il ərzində doldurulmuş bəyannamələrdən görünən yeganə məqam odur ki, o, 2019-cu ildə toy hədiyyəsi alıb və bu məbləğ 7 il ərzində hər il artır.

Davit Patsatsiya bəyannaməni 2019-cu ildən, Abxaziya AR-in Etimadın Bərpası və Barışıq Məsələləri üzrə Naziri kimi doldurur.

2019-cu il bəyannaməsində qeyd olunub ki, Davit Patsatsiya toy hədiyyəsi şəklində 54 min lari və 14 500 dollar alıb.

Həmin bəyannaməyə əsasən, bəyannamənin doldurulduğu məqamda onun başqa əmlakı olmayıb. Bəyannamədə yalnız həyat yoldaşı Ketevan Kobaxidzenin hədiyyə olaraq aldığı əmlak göstərilib. Xüsusilə, 2013-cü ildə Ketevan Kobaxidze valideynləri Tamar Zaalişvili və Qiorqi Kobaxidzedən bağışlanma müqaviləsi ilə Sxnetidə yerləşən 567 kv.m torpaq sahəsi, 2016-cı ildə isə hədiyyə olaraq avtomobil qarajı və mənzil alıb.

Davit Patsatsiyanın bəyannaməsində başqa əmlak əks olunmayıb.

2019-cu ildə Davit Patsatsiya nazir kimi əməkhaqqı şəklində 14 750 lari, həyat yoldaşı Ketevan Kobaxidze isə 2 685 lari gəlir əldə edib.

2020-ci ildə doldurulmuş bəyannaməyə əsasən, Davit Patsatsiya artıq Abxaziya Muxtar Respublikasının Ədliyyə və Mülki İnteqrasiya Məsələləri üzrə Naziri olur.

Bəyannamədə yenə Ketevan Kobaxidzenin hədiyyələri – torpaq sahəsi, mənzil və avtomobil qarajı görünür.

Nağd pul qrafasında isə yazılıb ki, Davit Patsatsiya toy hədiyyəsi şəklində aldığı 54 000 lari və 14 000 dollara sahib olub.

2020-ci ildə Davit Patsatsiya nazir kimi əməkhaqqı şəklində 28 461 lari, Tbilisi Rəssamlıq Akademiyasında müəllim işləyən həyat yoldaşı Ketevan Kobaxidze isə 2 716 lari alıb.

2021-ci ildə Davit Patsatsiya bəyannaməni Abxaziya Muxtar Respublikasının Məcburi Köçkünlərin İşləri üzrə Naziri kimi doldurub. O, bu vəzifəni bu günədək tutur.


Bəyannamədə nazir yenə yalnız həyat yoldaşının adına qeydiyyatda olan əmlakı göstərib. Lakin bəyannamədən 2013-cü ildə hədiyyə edilmiş Sxnetidəki 567 kvadratmetrlik torpaq sahəsi itir və eyni ünvanda 2019-cu ildə hədiyyə edilmiş 2 270 kv.m torpaq sahəsi peyda olur.

Keti Kobaxidzeyə bu torpaq sahəsini valideynləri – Qiorqi Kobaxidze və Tamar Zaalişvili bağışlayıblar.

Bəyannamədə torpaq sahəsinin 2019-cu ildə bağışlandığı halda nə üçün 2020-ci il bəyannaməsində əks olunmadığı və ya 2013-cü ildə hədiyyə edilən torpaq sahəsinin taleyinin necə olduğu barədə heç bir izahat verilməyib.

2021-ci il bəyannaməsində Davit Patsatsiya toy hədiyyəsi şəklində 69 min lari və 17 000 dollar aldığını göstərib.

Bəyannamədə bu məbləğlə bağlı başqa heç bir izahat yoxdur.

2021-ci il bəyannaməsində maaşdan əlavə, Ketevan Kobaxidzenin çəkdiyi əsərin (şəklin) satışından əldə etdiyi 2 500 dollar məbləğində gəlir də yer alıb.

2021-ci ildə Davit Patsatsiya əməkhaqqı kimi 40 882 lari, həyat yoldaşı isə 1 863 lari alıb.

2022-ci ildə doldurulmuş bəyannamədə Abxaziya Muxtar Respublikasının Məcburi Köçkünlərin İşləri üzrə Naziri Davit Patsatsiya yenə toy hədiyyəsi olaraq 69 min lari və 21 000 dollar aldığını qeyd edib.


Başqa əmlak və ya gəlir göstərilməyib. 2022-ci ildə Davit Patsatsiya nazir kimi 55 186 lari, həyat yoldaşı Ketevan Kobaxidze isə 2 195 lari maaş alıb. Bundan əlavə, həmin il Davit Patsatsiya TDU-nun dəvət olunmuş mühazirəçisi olub və maaş kimi 361 lari götürüb.

2023-cü il bəyannaməsində Davit Patsatsiyanın əmlak vəziyyəti dəyişməz qalır – yeganə əmlak kimi yenə həyat yoldaşı Ketevan Kobaxidzenin hədiyyə aldığı mənzil və torpaq sahəsi göstərilib.

2023-cü il bəyannaməsində Davit Patsatsiya qeyd edir ki, həyat yoldaşı mənzilin icarəsindən gəlir kimi 5 400 dollar əldə edib.


Nağd pul qrafasında isə yenə 2023-cü ildə toy hədiyyəsi aldığı göstərilib – 79 000 lari və 26 000 dollar.

2023-cü ildə Davit Patsatsiya nazir kimi maaş olaraq 60 705 lari, həyat yoldaşı Ketevan Kobaxidze isə 4 186 lari alıb.

Davit Patsatsiyaya TDU-da apardığı mühazirələrə görə maaş şəklində 1 809 lari köçürülüb.

2024-cü il bəyannaməsində Davit Patsatsiyanın valideynləri tərəfindən həyat yoldaşına bağışlanmış torpaq sahəsi artıq görünmür. Bu torpaq sahəsinin taleyi məlum deyil, çünki bəyannamədə satış və ya bağışlanma haqqında hər hansı məlumat yoxdur.

2024-cü ildə də, əvvəlki illərdə olduğu kimi, Davit Patsatsiya toy hədiyyəsi alıb – 91 000 lari və 29 000 dollar.


Davit Patsatsiyanın həyat yoldaşı Ketevan Kobaxidze mənzilin icarəsindən gəlir kimi 10 200 dollar, rəsmlərin satışından isə 8 400 lari əldə edib.

2024-cü ildə Davit Patsatsiya nazir kimi maaş olaraq 66 725 lari, həyat yoldaşı Ketevan Kobaxidze isə 4 186 lari alıb.

Davit Patsatsiyaya TDU-da keçdiyi mühazirələrə görə əməkhaqqı kimi 1 085 lari hesablanıb.

2025-ci il bəyannaməsində də, əvvəlki illərdə olduğu kimi, Davit Patsatsiya yalnız həyat yoldaşının adına qeydiyyatda olan əmlakı – mənzili və avtomobil qarajını göstərir. Həmçinin, əvvəlki illərdə olduğu kimi, Davit Patsatsiya 2025-ci ildə də toy hədiyyəsi alıb. Bu dəfə 105 min lari və 34 000 dollar.

Həyat yoldaşı mənzilin icarəsindən gəlir kimi 10 800 dollar əldə edib, Davit Patsatsiyanın özü isə “TBC Bank”dan iki istehlak krediti götürüb: biri 50 000 lari, ikincisi isə 30 500 lari məbləğində.

Hər iki kreditin ödənişi 2025-ci ildə 11 108 lari təşkil edib. 2025-ci ildə Davit Patsatsiya övladı Qiorqi Patsatsiyanın bağça haqqını da ödəyib – 7 700 lari.

“Batumelebi” Abxaziya Muxtar Respublikasının Məcburi Köçkünlərin İşləri üzrə Nazirindən şərh almağa çalışıb: bəyannamədə əks olunan toy hədiyyəsi nə deməkdir və bu məbləğ nəyin əsasında artır? Davit Patsatsiya “Batumelebi”nin suallarını cavablandırmayıb.

Əgər Davit Patsatsiya son 6 il ərzində toy hədiyyəsini necə aldığına dair izahat vermək istəsə, həmin açıqlamanı təqdim edəcəyik.

Mənbə: batumelebi.netgazeti.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Print Email
FaceBook Twitter Google