Birləşmiş müxalifət növbədənkənar Parlament seçkiləri tələbi ilə aksiyalara başlayır
Gürcüstan hakimiyyəti seçkiləri
oğurladıqdan sonra indi də vətəndaşların Konstitusiya ilə təmin
olunmuş hüquqlarını məhdudlaşdırdı. Bu barədə keçirdiyi xüsusi
brifinqdə Qriqol Vaşadze deyib.
Birləşmiş müxalifətin prezidentliyə keçmiş namizədi qeyd edib ki,
onlar növbədənkənar Parlament seçkiləri, komissiyanın tərkibinin
yenidən formalaşdırılması və seçkilərin proporsional sistemlə
keçirilməsini tələb edirlər.
Vaşadzenin bildirdiyinə görə, sabahdan etibarən bu tələblərlə
Parlament binasının qarşısında aksiyalara başlayacaqlar.
“Qaxarianın bəyanatına münasibət bildirmək istəyirəm. Əvvəlcə onu
deyim ki, Ğvarelidə yolun açıq olması barədə məlumat tamamilə
yalandır. Bizi Velistsixedə dayandırdıqlarında o yolun açıq
olduğunu dedilər, bizim nümayiş iştirakçılarının bir hissəsi o
yolla getdi və Qremi yaxınlığında dayanmalı olublar, çünki hər
yerdə olduğu kimi orada da yol kəsilmişdi. Bu ağ yalandır.
Görünməmiş sayda polis səfərbər olmuşdu, bu hakimiyyət onların
mundirini də təhqir etdi, polislər dururdular və ətrafa baxırdılar,
“zonder” briqadaları Şota Dalakişvilini ölümcül döydlər. Belə
qondarma hakimiyyətin əlindəyik. Bütün metodları Putin Rusiyasından
götürüblər. Nə zaman əsəbi halda ucadan demokratiya barədə
danışırlar, Putinin suveren demokratiyasını nəzərdə tuturlar.
Buradan irəli gələrək, birləşmiş müxalifət bütün irəli sürdüyü
tələbləri təsdiq edir. Qəti şəkildə ən qısa zamanda Parlament
seçkilərinin keçirilməsini, seçki administrasiyasının başdan-ayağa
dəyişdirilməsini, seçkilərin proporsional qaydada keçirilməsini
tələb edirik.
Hakimiyyət özünə gəlsin və siyasi proseslərə daxil olsun və siyasi
proseslərdə kriminal üsullardan əl çəksin. Seçki qutularına
qalaq-qalaq bülleten atan hər kəsin cəzalandırılmasını, Zuqdidi 6
saylı məktəbin direktorunu ölüm həddinə çatdıranların
cəzalandırılmasını, dünən dinc sakinlərə hücum edənlərin
cəzalandırılmasını tələb edirik. Sabahdan aksiyalara başlayırıq,
aksiyalar bir gün də olsa, dayanmayacaq”, – Qriqol Vaşadze
bildirib.
Mənbə: Rustavi 2