Kvotanı kim dəstəkləyir kim yox - Marneulili siyasətçilərin fikri

Gürcüstan Parlamenti üçüncü oxunuşda gender kvotasını dəstəkləyib.


Qanuna edilən dəyişikliklərə əsasən partiyalar 2028-ci ilə qədər Parlament seçkilərində MSK-ya elə siyahı təqdim etməlidir ki, hər dördlükdə ən az bir namizəd digər cins nümayəndəsi olsun, əks halda partiya qeydiyyatdan keçməyəcək.

Dəyişikliklər yerli özünüidarə seçkilərinə də aiddir. 2028-ci ilin yerli özünüidarə seçkilərinə qədər partiyalar MSK-nın müvafiq rayon təşkilatlarına hər ikinci namizədin digər cinsdən olduğu siyahı təqdim etməlidir.

Gender kvotasını “Avropalı Gürcüstanın” və “Vahid mİlli Hərəkatın” Marneuli rayon təşkilatının rəhbərləri dəstəkləmir.

“Avropalı Gürcüstanın” Marneuli rayon təşkilatının rəhbəri Əhməd İmamquliyev bildirdi ki, 2021-ci ildə keçiriləcək yerli özünüidarə seçkilərində siyasi partiyalar Marneulidə qadınları seçki siyahısına daxil etməkdə çətinlik çəkəcək.

“Marneuli bələdiyyəsində təəssüf ki, siyasi həyatda fəal olan çox sayda qadın yoxdur. İndi Marneuli Bələdiyyə Məclisində 35 üzv var və dəyişikliklərə əsasən belə çıxır ki, onların yarısı qadın olmalıdır. Təəssüf ki, Marneuli bələdiyyəsində siyasi baxımdan 17 nəfər fəal qadın tapa bilmərik”, - Əhməd İmamquliyev dedi.

İmamquliyevin sözlərinə görə, o, heç vaxt kvota tərəfdarı olmayıb və olmayacaq da. Partiya siyahıları isə namizədlərin cinsiyyətinə görə deyil, təcrübəsinə və siyasi fəallığına əsasən tərtib olunmalıdır.

Gender kvotası ilə bağlı “Vahid Milli Hərəkatın” Marneuli rayon təşkilatının rəhbəri Aqil Mustafayevin də mövqeyi eynidir. Onun sözlərinə görə, VMH ötən illərdə keçirilən seçkilərdə gender baxımından balanslaşdırılmış siyahılar tərtib edirdi.

“Qanun qəbul edənə kimi də bizim partiyanın proqramında gender bərabərliyi var idi. Mənim fikrimcə gender kvotası haqqında söhbət olmamalıdır, çünki ola bilsin kişilərdən çox qadın siyasətçi olsun. Diskriminasiyalı qanun layihəsi olmamalıdır. Kvota ilə əlaqədar qanun layihəsini dəstəkləmirik, çünki ilk növbədə əsas olan kişi ya qadının müvafiq təhsili və təcrübəsinin olmasıdır ki, Parlamentə, yaxud Bələdiyyə Məclisinə qoşula bilsin”, - Aqil Mustafayev dedi.

Müxalifət partiyalarının nümayəndələrindən fərqli olaraq Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadzenin gender kvotası ilə bağlı mövqeyi fərqlidir. Onun sözlərinə görə, Marneulidə müxtəlif istiqamətlərdə fəallıq göstərən çox sayda qadın var.

“Biz çox görüşlərdə demişik ki, gender kvotası lazımdır və düşünürəm ki, düzgün qərar qəbul edilib. Doğrudur, bugünkü Bələdiyyə Məclisində qadınlar yoxdur,
amma Aparatda əksəriyyət qadındır və fəal şəkildə proseslərə qoşulublar. Düşünürəm ki, kvota özünü doğruldacaq və vəziyyət yaxşıya doğru dəyişəcək”, -
Amiran Qiorqadze bildirdi.

Gender kvotasını Marneuli Bələdiyyə Məclisinin İctimaiyyət, Mətbuat və QHT sektoru ilə əlaqələr və gender şöbəsinin sədri İa Esebua da müsbət dəyərləndirir. Onun sözlərinə görə, kvota sistemini qəbul etməklə Marneulidə Bələdiyyə Məclisinin tamamilə kişilərdən ibarət olmayacağına zəmanətimiz olacaq.

“Parlamentə adamlar güclə daxil olduğu halda, bəzi adamlar bu qanunu diskriminasiya hesab edir. Statistikaya əsasən ali təhsil müəssisəsini daha çox qız bitirir və düşünürəm ki, onlara siyasi həyata qoşulmaq üçün real şans veriləcək. Eləcə də qadınlar müəyyən məsələlərlə bağlı daha həsassdırlar. Məsələn, kəndə içməli su çəkilməsi, təhsil məsələsində və.s. Bu birbaşa məişət ilə əlaqəli və kişilərdən çox qadınlar üçün problem olan məsələdir”,
– İa Esebua dedi.

Gender mütəxəssisi Nona Samxaradze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, indiyə qədər qadınlar siyasi proseslərdən təcrid ediliblər. Bu dəyişiklikdən sonra isə adamlar siyasətin qadınların işi olduğuna alışacaqlar.

“Patriarxal ictimaiyyətdə qarşılaşdığımız sünii şəkildə çirkinləşdirilmiş maneələr sınacaq və hesab edin ki, biz qadınlar öz təbii mövqeyimizə qayıdırıq. Nümayəndəlik adı daşıyan orqanlar həqiqətən də nümayəndəlik olacaq. Çünki ictimaiyyət ilk növbədə iki kateqoriyaya bölünür – qadınlar və kişilər. Sonra etnik, gender, cinsi istiqamət, dini mənsubiyyət və.s gəlir. Qadınlar üçün maneə yaradan bu çirkinləşdirilmiş sistem sındırılmalıdır”, - Nona Samxaradze bildirdi.

Gender mütəxəssisi qanunvericilik orqanına peşəkar olmayan qadınların düşə biləcəyi kimi gümanlara da münasibət bildirdi. Samxaradzenin bildirdiyinə görə, bu halda səlahiyyət siyasi partiyalara və seçicilərə verilir. Bir tərəfdən partiyalar müvafiq təhsili və peşəkarlığı olan qadınları cəlb etməlidir, digər tərəfdən isə seçicilər düzgün qərar qəbul etməlidir və səs verənə qədər partiya siyahılarına yaxşı baxmalıdırlar.

 

Print Email
FaceBook Twitter Google