Kişi namizədlərin seçkiqabağı vədlərində qadınların rolu
2020-ci ilin Parlament seçkilərinə 9 gün qalır. Marneuli bələdiyyəsində siyasi partiyalar və majoritar deputatlığa namizədlər 31 oktyabr üçün hazırlaşır.

Marneulidə ümumilikdə 14 majoritar namizəd qeydiyyatdan keçib. “Marneuli” radiosu majoritar deputatlığa namizədlərin gender bərabərliyi ilə bağlı nə düşündüyü və Gürcüstanda qadınların siyasi həyata qoşulmasını problem hesab edib-etmədikləri ilə maraqlandı.

“Marneuli” radiosunun müsahibə yazdığı namizədlərin əksəriyyəti hesab edir ki, Marneulidə, eləcə də bütün Gürcüstanda qadınların siyasi, yaxud sosial həyatda iştirakı problemli məsələdir. Baxmayaraq ki, majoritar deputatlığa namizədlər üçün qadınların siyasi fəaliyyətlərə qoşulması problemlidir, onların bu məsələnin həlli ilə bağlı fərqli baxışları var.



“Şalva Natelaşvili-Gürcüstanın Leyboristlər partiyasının” majoritar deputatlığa namizədi Əli Bədirov:

“Hesab edirəm ki, nümayəndəlik baxımından bizim partiyada qadınlar heç də məhdudlaşdırılmayıb. Biz Parlamentdə çox sayda qadın və kişilərin olmasının tərəfdarıyıq. Ancaq bu cinsiyyətlə deyil, təhsil, potensial, dövlət dilini yüksək səviyyədə bilmək kimi meyarlarla müəyyən edilməlidir. Bu meyarlar cinsiyyətdən daha üstündür. Çox sayda xanımların kvota xoşuna gəlir, ancaq mən kvotanı vacib islahat saymıram. Hesab edirəm ki, qadınların işlə təmin edilməsi kvota olmadan baş verməlidir. Düşünürəm ki, Gürcüstanda bu baxımdan vəziyyət çox ağırdır. Bir halda ki, ölkənin birinci şəxsi qadındır, dövlət orqanlarında, bələdiyyələrdə də çox sayda xanımlar işləyir. Mən hesab edirəm ki, özünü həssas qrupdan hesab edən qadın zəifliyi öz günahıdır, çünki çox sayda xanımlar indi təhsil alır, ali məktəbi bitirir və işləyir.”



“Bakradze, Uqulava, Bokeria – Avropalı Gürcüstan – Azadlıq üçün Hərəkat”-ın Marneuli və Qardabanidən majoritarlığa namizədi Əhməd İmamquliyev:

“Mən heç vaxt kvotanın tərəfdarı olmamışam və olmayacağam da. Mənim fikrim budur ki, fəal, peşəkar adam istədiyi yerə özü gedib çatmalıdır. Amma bugünkü vəziyyət başqadır. Deyə bilmərik ki, qadınların hüququ tapdalanmır, təəssüf ki, tapdalanır və bu əsasən də bizim regionda baş verir. Bizim etnik azlıq gənclərinin dövlət dilini bilməməsi dövlətin günahıdır. Ancaq biz bir şey təklif edirik ki, təhsil alan, dövlət dilini bilən qadın və qızlara işləmək imkanı yaratmalıyıq və işlə təmin etməliyik. Bu partiyalardan başlamalıdır. Siz bilirsiniz ki, yerli ofisdə bizim artıq bir neçə xanım işçimiz var və biz onların validyenləri ilə də söhbət etdik, bu baxımdan heç bir problem yoxdur. Mən hesab edirəm ki, vəzifəli şəxslərin siyasi icazəsi ilə qızların ailəsinə qədər getməli və təklif etməliyik ki, bu qızlara işləmək üçün imkan versinlər.”



“Lelo – Mamuka Xazaradze” partiyasının Marneuli və Qardabanidən majoritarlığa namizədi Murad Muradov:

“Mən hesab edirəm ki, bu yalnız bizim regionun deyil, bütün Gürcüstanın və Qafqazın problemidir. Qadınlar mülki həyatda iştirak etmirlər, ancaq bunun üçün mütləq şərait yaradılmalıdır. Bu şərait ilk növbədə siyasi subyektlər tərəfindən yaradılmalıdır. Məsələn, biz, “Lelo” majoritarların təqdim olunmasında da kvotanı qoruduq. Heç bir siyasi partiyanın “Lelo”-da olduğu qədər qadın namizədi yoxdur. Proporsional siyahıda Seçki Məcəlləsi bizi buna məcbur edir. Ancaq majoritar siyahıda bu tənzimlənmir və biz yenə də qadın majoritar deputatlığa namizədlərimizi təqdim etdik. “Lelo”-nun bütün ofislərində onikilik, qadın şuraları yaratdıq. Həmin şuraya siyasi fəaliyyətlərdə iştirak etmək istəyi olan qadın və qızlarımız qoşulub. Bu şura ona görə yaxşıdır ki, həmin qadınlar yerli özünüidarə seçkilərinə hazırlaşırlar. Çünki biz bilirik ki, yerli özünüidarə seçkilərində proporsional siyahıda hər ikinci namizəd qadın olmalıdır.”



“Levan Çaçua, Quram Palavandaşvili – Gürcü İdeyası”-nın Marneuli və Qardabanidən majoritar deputatlığa namizədi Oleqi Devadze:

“Marneulidə qadınlar tərəfindən siyasətə qoşulmaq yoxdur. Mən düşünürəm ki, müəyyən addımlar atmaq vacibdir ki, qadınlar fəallaşsın. İşləmək lazımdır və qadınlara siyasi mövzuları izah etməliyik. Marneuli spesifik regiondur. Yəqin qadınların marağı yoxdur və maraqlandırmalıyıq.”



“Davit Çiçinadze Tribuna” partiyasının Marneuli və Qardabanidən majoritarlığa namizədi Aşot Muradyan:

“Qadınlar siyasi fəaliyyətlərdə az iştirak edir, ümumiyyətlə görünmürlər. Mən qadınların siyasətdə iştirakına qarşı deyiləm, ancaq bu göstəriş üçün olmamalıdır. Qadın siyasətdə öz istəyinə görə iştirak etməlidir, partiyalar qadınları yalnız görünmək üçün cəlb etməməlidirlər.”

“Salam” paltforması Marneulidə azərbaycanlı icmanın ehtiyacları, problemləri barədə araşdırma aparıb. Araşdırmanın bir qismi etnik azlıq nümayəndəsi olan qadınlarla bağlıdır.

“Salam” siyasi partiyaları araşdırmanın aşkara çıxardığı məsələlərə istinadən etnik azlıq nümayəndəsi olan qadınları müvafiq resurs və platformalarla cəlb etməyə və gücləndirməyə çağırır. Eləcə də namizədlərin qeyri-dominant etnik qrup nümayəndəsi olan qadınların problemini, təcrübələrini dərk etməsi üçün partiyaları öz namizədləri ilə işləməyə, digər tərəfdən isə qeyri-dominant etnik qrup nümayəndəsi olan qadınları vacib hədəf qrup olaraq hesab etməyə və onların qarşısında duran problemlərin həlli yolu barədə söhbət açmağa çağırır.

Print Email
FaceBook Twitter Google