“Bizim Gürcüstanla münasibətlərimiz mükəmməldir. Biz
bir-birimizi strateji tərəfdaş adlandırırıq”.
Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Fransanın “Figaro”
qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan Gürcüstanda birinci və ya ikinci ən
böyük investor, yaxud birinci və ya ikinci ən böyük vergi
ödəyicisidir:
“Mən birinci və ikinci deyirəm, çünki bir
il Türkiyə olur, bir il Azərbaycan. Bizim Türkiyə, Gürcüstan və
Azərbaycan arasında üçtərəfli əməkdaşlıq formatımız var. Bizim
prezidentlər səviyyəsində sammitlərimiz, nazirlər səviyyəsində, o
cümlədən müdafiə, xarici işlər və iqtisadiyyat nazirləri
səviyyəsində görüşlərimiz olub. Bizim bütün əsas nəqliyyat və
enerji kommunikasiyamız Gürcüstan ərazisindən keçir. Gürcüstanda
böyük azərbaycanlı icmamız var, 300 minə yaxın adam. Ona görə də
münasibətlər mükəmməldir və düşünürəm ki, Türkiyə ilə
münasibətlərimiz kimi, Gürcüstanla münasibətlərimiz də mehriban
qonşuluğun yaxşı nümunəsi ola bilər. Yeri gəlmişkən, Gürcüstanın
xristian, Azərbaycanın müsəlman ölkəsi olması faktının heç bir
fərqi yoxdur. Biz bu regiona bu nöqteyi-nəzərdən
baxmırıq”.
Mənbə: NewsBureau