Azərbaycan səfiri Faiq Quliyev Abxaziya Muxtar Respublikası Hökumətinin başçısı Ruslan Abaşidzeni qəbul edib
11 noyabr tarixində Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev Abxaziya Muxtar Respublikası Hökumətinin başçısı Ruslan Abaşidzeni qəbul edib.

Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, səfir görüşün tarixi günlərdə baş tutmasının rəmzi xarakter daşıdığını diqqətə çatdırıb. O, təqribən 30 il ərzində davam edən təcavüzə, Azərbaycan torpaqlarının işğalına son qoyulmasının, ölkənin ərazi bütövlüyünün bərpa olunmasının nəinki təkcə Azərbaycan, bütün region üçün müsbət dəyişikliklər gətirəcəyini deyib.

Faiq Quliyev Azərbaycanla Gürcüstan arasında uğurla inkişaf edən qarşılıqlı faydalı münasibətlərin bütün Cənubi Qafqaz bölgəsinin sabitlik, təhlükəsizlik və hərtərəfli inkişafı baxımından vacib rol oynadığını qeyd edib. Görüşdə iki ölkənin qarşılıqlı əsasda bir-birinin suverenliyi və ərazi bütövlüyünün dəstəkləməsi və beynəlxalq müstəvidə həmrəylik göstərməsi də mühüm amil kimi önə çəkilib.

R.Abaşidze Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində əldə etdiyi son tarixi qələbə münasibətilə təbrik edib. Abxaziya bölgəsindən olan məcburi köçkünlərin vəziyyəti və münaqişə ətrafında hazırkı vəziyyət barədə bəhs edən Abaşidze bu istiqamətdə görülən işlər barədə səfirə ümumi məlumat verib. O, həmçinin Gürcüstan, Azərbaycan və Türkiyə arasında bərqərar olunmuş əməkdaşlıq formatının da əhəmiyyətini vurğulayıb.

Görüşün sonunda tərəflər gələcəkdə məhsuldar təmasların davam etdiriləcəyinə dair əminlik ifadə ediblər.
Print Email
FaceBook Twitter Google