Qarabağ müharibəsi 27 sentyabr tarixində bərpa olundu. Həmin vaxt
bütün Gürcüstan miqyasında seçkiqabağı kampaniya aparılırdı. Siyasi
partiya nümayəndələri əhali ilə görüşür, onları seçkiqabağı
proqramları ilə tanış edir və vədlər verirdilər. Gürcüstanın demək
olar bütün regionlarında bu baş verirdi
, amma Marneuli və Qardabani majoritar dairəsində seçki proqramı
ilə yanaşı gündəlikdə qonşu ölkələr arasında gedən müharibə də
dururdu.
Marneuli və Qardabani seçki dairəsindən majoritar deputatlığa
namizədlər seçicilərlə söhbət zamanı Qarabağ müharibəsində
Azərbaycana açıq dəstəklərini bildirirdilər. Bu zaman isə Gürcüstan
bu münaqişədə neytral olduğunu elan etmişdi.
Gürcüstan Parlamentinin üzvləri tərəfindən də bəyanatlar verilirdi.
Onuncu çağırış Parlamentdə Marneulidən majoritar deputat Ruslan
Hacıyev 27 sentyabr tarixində Qarabağ müharibəsi barədə açıq
danışmışdı və bildirmişdi ki, əgər münaqişə həll olunmasa, əlinə
silah almalı olacaqmış.
“Bu gün Abxaziyanın işğal günüdür. Təəssüfləndirici haldır ki,
Gürcüstan da separatizmdən əziyyət çəkən ölkələr arasındadır. Mən
inanıram ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi
Gürcüstanın ərazi bütövlüyünü bərpa etməsinə yol açacaq”, – Ruslan
Hacıyev 27 sentyabr tarixində öz “Facebook” səhifəsində yazıb.
Həmin gün Gürcüstan Parlamentinin üzvü, Vahid Milli Hərəkatın
nümayəndəsi Azər Süleymanov Azərbaycan Prezidenti İlham Əliyevə
açıq məktubla müraciət etmişdi. Süleymanov Azərbaycana dəstək
olduğunu bildirmişdi.
{{AUDIO}}
10 oktyabr tarixində Marneulidəki “Ata Holdinq” Mərkəzinin
qarşısında Azərbaycana dəstək aksiyası keçirildi. Aksiyada “Yaşasın
Azərbaycan”, “Azərbaycan ordusuna eşq olsun”, “Ya Qarabağ ya ölüm”,
“Abxaziya, Osetiya bizimdir”, “Azərbaycan əsgərlərinə eşq olsun”
şüarları səsləndirilmişdi. Bir-birinə qarşı çıxan partiyalar və
namizədlər həmin gün birləşdi və aksiyada birgə iştirak etdilər.
Onlar arasında “Gürcü Arzusundan” Zaur Darğallı, “Avropalı
Gürcüstandan” Əhməd İmamquliyev, “Lelodan” Murad Muradov, “Vahid
Milli Hərəkatdan” Azər Süleymanov və “Leyboristlər partiyasından”
Əli Bədirov da var idi. Müxalifət partiyalarından fərqli olaraq
“Gürcü Arzusu”-nun namizədi Zaur Darğallı açıq şəkildə öz mövqeyini
qeyd etməmişdi.
Zaman keçdikcə Qarabağ müharibəsində Azərbaycanın üstünlüyü
artırdı. 8 noyabr tarixində Azərbaycan strateji şəhəri – Şuşanı
nəzarətə götürdü. Şuşanın alınması ilə bağlı dünyanın müxtəlif
guşələrində aksiyalar başladı. Etnik Azərbaycanlılar artıq qələbəni
qeyd edirdilər. Marneulidə Şuşanın alınmasını qeyd etmək üçün
mərasim keçirildi. Mərasimdə artıq seçilmiş majoritar deputat Zaur
Darğallı da iştirak edirdi. Darğallı Qarabağ müharibəsi haqda
mediada açıq danışmırdı, amma bu aksiyada o çıxış etdi. Aksiyada
iştirak edən media vasitələri Darğallının çıxışını çəkmədilər.
Ancaq sonradan internetdə videolar yayımlandı və orada Darğallı
əhalini Şuşanın alınması münasibətilə təbrik edirdi. Ancaq sonradan
həmin videolar da silindi. Zaur Darğallının həmin tədbirdə
iştirakını təsdiq edən məlumatı Azərbaycan Diaspora Agentliyi
yayımladı.
Qeyri-hökumət təşkilatları Gürcüstan siyasətçilərinin və Parlament
deputatlığına namizədlərin Qarabağ müharibəsi ilə bağlı
bəyanatlarını Gürcüstanda yaşayan etnik azlıqlardan dəstək almağa
cəhd kimi qiymətləndirirlər. Mülki Məşğulluq və Aktivizm Mərkəzinin
rəhbəri Rəşan Ziyadəliyevin sözlərinə görə, Marneulili siyasətçilər
üçün Qarabağ müharibəsi seçkidə qalib gəlmək faktoru olmamalı
idi.
“İlk növbədə hamı başa düşməlidir ki, biz Gürcüstan
vətəndaşıyıq və Azərbaycan-Ermənistan arasında gedən müharibədə
bizim dövlətin marağı neytral idi. Gürcüstanda etnik
Azərbaycanlılar kimi erməni əhalisi də yaşayır və siyasətçilər
tərəfindən seçkidə qalib gəlmək üçün millətdən istifadə
edilməməlidir. Əlbəttə, bu mövzuda hər kəsin öz fikri var, ancaq bu
seçkilərdə manipulyasiya mövzusuna çevrilməməlidir”, –
Rəşan Ziyadəliyev bildirdi.
İnsan Hüquqlarının Araşdırılması və Monitorinqi Mərkəzinin
Bərabərlik Siyasəti Proqramının direktoru Tamta Mikeladzenin
sözlərinə görə, Kvemo Kartli və Samtsxe Cavaxetidə siyasətçilər
tərəfindən Qarabağ müharibəsi mövzusundan istifadə edilməsi
Gürcüstanda siyasi proseslərdə olan səhvləri göstərir.
“Artıq neçə ildir ki, Gürcüstan hakimiyyəti Kvemo Kartli və
Samtsxe Cavaxetidə yaşayan etnik azlıqlara qonşu ölkələrlə əlaqəli
geo-siyasi baxışla yanaşırlar. Onların yerli siyasətə təsiri
böyükdür, həmçinin, bəzi hallarda majoritar deputatlığa
namizədlərin təqdim olunması Azərbaycan, yaxud Ermənistan
hakimiyyəti ilə razılaşdırılır və həmin namizədlərin yerli
legimtimasiya ilə seçilməsi az hallarda baş verir. Ona görə də
həmin namizədlər də qonşu ölkənin quruluşunda müəyyən
səlahiyyətlərini görürlər və müharibə vəziyyətində biz onların
bəyanatlarını gördük”, – Tamta Mikeladze dedi.
Mikeladzenin sözlərinə görə, region və paytaxtda keçirilən dəstək
aksiyalarına baxmayaraq Gürcüstan Azərbaycanlıları və Gürcüstan
erməniləri arasında insidentlər baş verməyib. Bu isə onların
özünüdərkinin və özlərini Gürcüstana aid etmələrinin
göstəricisidir. Amma buna baxmayaraq, müharibə mövzusu ilə bağlı
çox sayda siyasi bəyanat verildi. Mikeladzenin sözlərinə görə,
yerli siyasətçilər Qarabağ müharibəsi prosesində mediasiya rolunu
həyata keçirməli idilər.
“Gürcüstan hakimiyyətinin cəhdləri məhz Gürcüstanın
Azərbaycanlı və erməni siyasətçilərinin, bizim, Gürcüstanda yaşayan
Azərbaycanlılar və ermənilərin Gürcüstan vətəndaşı olmasından,
qonşu ölkədə baş vermiş müharibənin və siyasi yanaşmanın bizə aid
olmamasından danışmasına yönəlməli idi. Neytrallıqla sakitliyi
qorumaq bizim ölkə, eləcə də region üçün əhəmiyyətlidir. Təəssüf
ki, siyasətçilər bəyantları və yanaşmaları ilə mediasiya
funksiyasını yerinə yetirmədilər”, – Tamta Mikeladze
bildirdi.
Bərabərlik Siyasəti proqramı rəhbərinin sözlərinə görə, seçkiqabağı
proseslərdə Qarabağ müharibəsi mövzusundan səs toplamaq üçün də
istifadə olunurdu.
Keçmiş Barış və Vətəndaş Bərabərliyi Məsələləri üzrə dövlət naziri
Paata Zakareişvili Gürcüstan hökumətinin Qarabağ müharibəsində
neytrallıq elan etməsini düzgün addım olaraq qiymətləndirir. Onun
sözlərinə görə, qonşu ölkələrdə gedən proseslər Gürcüstan ərazisinə
keçməməli idi və yerli siyasətçilər Gürcüstanın Qafqaz regionundakı
rolunu dərk etməli idilər.
“Münaqişə başlayan zaman Gürcüstan hökuməti tərəflərə danışıqlar
aparmaq üçün yer olaraq Tbilisini seçməyi təklif etdi. Ancaq bu
onların görə, biləcəyi ən az iş idi. Artıq indi Gürcüstan ilk
növbədə Ankara və Bakıya getməlidir, onlar bizim dostumuz və
strateji dövlətlərdir. Onlarla danışmalıdır ki, Ermənistanla
danışıqlara başlasınlar. Gürcüstan bir tərəfdən Ermənistan digər
tərəfdən isə Azərbaycan və Türkiyə arasında vasitəçi rolunu
oynamalıdır ki, daxili regional əlaqə yaradaq. Əlbəttə bu Rusiyanın
xoşuna gəlməyəcək, amma Türkiyə artıq aşkarcasına, mədəni və sivil
şəkildə Azərbyacana girib, eyni dil, eyni mədəniyyət və eyni dinə
sahibdirlər. Digər tərəfdən artıq biz Türkiyəni institusional
olaraq “NATO” ilə birlikdə qəbul etməliyik. “NATO” aparıcı faktor
olmalıdır və Ermənistanla bununla danışmalıyıq ki, o artıq
Rusiyadan asılı olmasın”, – Paata Zakareişvili
bildirdi.
44 günlük Qarabağ müharibəsi 10 noyabr tarixində atəşkəs
razılaşması əsasında başa çatıb. Buna əsasən Azərbaycan Qarabağın 7
rayonuna və Şuşa şəhərinə nəzarəti ələ keçirib. Qonşu dövlətlərdə
müharibə dayanıb, ancaq Gürcüstanda hələ də seçkilərlə bağlı
proseslər davam edir.
“Marneuli” radiosu