Bidzina İvanişvili siyasətdən getdiyini deyir

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri, milyarder Bidzina İvanişvili ikinci dəfə siyasəti tərk edir.



"Vəzifəmi yerinə yetirdiyimi düşünürəm. Nəhayət siyasətdən çıxıb, idarəetmədən tamamilə uzaqlaşmaq qərarına gəldim. Partiya sədrliyi vəzifəmlə yanaşı partiyanın özündən də ayrılıram və 2011-ci ilədək olan həyat tərzimə qayıdacağam", – deyə "Gürcü Arzusu-Demokratik Gürcüstan"-ın sədri Bidzina İvanişvili bu gün yayımladığı yazıda qeyd edib.

Bidzina İvanişvilinin sözlərinə görə, iqtidar komandası bu gün bütün siyasi fiqurlar arasında həqiqətən ən yaxşısı və alternativsizidir.

“İqtidar komandası bu gün bütün siyasi fiqurlar arasında həqiqətən ən yaxşısı və alternativsizidir. Əminəm ki, bu komanda işimi, səlahiyyət və bacarığımı ləyaqətlə əvəz edə bilər", – deyə yazıda qeyd edilib.

Bidzina İvanişvilinin sözlərinə görə, "Gürcü Arzusu"-nun seçkilərdəki uğurunu obyektiv təhlil etsək, onun gözlənilən və məntiqli olduğunu söyləyə bilərik.

“Buna görə də vəzifəmin tamamlandığına inanıram. Nəhayət siyasətdən çıxıb, idarəetmədən tamamilə uzaqlaşmaq qərarına gəldim. Partiya sədri vəzifəsindən və öz partiyamdan da ayrılıb 2011-ci ilədək olan özəl həyat tərzimə qayıdıram.

Bir neçə həftəyə altmış beş yaşım olacaq ki, bu da siyasi karyeramı bitirmək qərarımın ən vacib amillərindən biridir. Gənclərdən ilham alaraq bu addımım nəticəsində vəziyyət nəinki zəifləməyəcək, əksinə daha da güclənəcək, hakim partiyanı daha canlı və motivasiyalı edəcək, tərəfdarlarımızı həvəsləndirəcək və hökuməti daha enerjili edəcək.

Siyasətdən qürurlu, qalib və xalqın minnətdarlığı ilə ayrılıram. İnsanlar mənim ölkə və dövlət maraqları naminə göstərdiyim səyləri görə bildilər. Əminəm ki, Gürcüstan xalqı siyasətə gəlişimdəki eyni maraqların diktəsi ilə hazırkı hərəkətimi də qiymətləndirəcək",
– deyə Bidzina İvanişvili bildirib.

Qeyd edək ki, milyarder B.İvanişvili 2012-2013-cü illərdə Gürcüstanın baş naziri olub. O, 2013-cü ildə siyasətdən getsə də, 2018-ci ildə yenidən siyasətə qoşulub və həmin ilin mayından hakim partiyaya rəhbərlik edib.

 

 

Print Email
FaceBook Twitter Google