Hakimiyyət məhdudiyyətləri öz siyasi gündəliyinə uyğunlaşdırmaq üçün rejimi sünii şəkildə qoruyub-saxlayırdı – Qiorqi Mşvenieradze

220 gündür ki, Gürcüstan vətəndaşlarının axşam saatlarında hərəkət etmək hüququ məhdudlaşdırılıb. Gürcüstan hökuməti 2020-ci ilin 7 noyabr tarixində koronavirusun

qarşısının alınması məqsədi ilə “komendant saatı”-nın tətbiq edilməsi barədə sərəncam verib. Qərar 9 noyabr tarixində qüvvəyə minib. Bu hərəkətlə bağlı tətbiq edilmiş artıq ikinci məhdudiyyət idi. Komendant saatı ilk dəfə 2020-ci ilin 31 mart tarixində tətbiq edilmişdi və 23 may tarixində məhdudiyyət götürülmüşdü. Bir neçə aydır vətəndaşlara hərəkətin məhdudlaşdırılması ilə yanaşı, geniş miqyaslı tədbirlərin, yas və toy mərasimlərinin keçirilməsi də qadağandır. Buna maska taxmaq məcburiyyəti də əlavə olunub.

Komendant saatı” insan hüquqlarını pozurmu, dövlətin insan hüquqlarını məhdudlaşdırmaq hüququ varmı və hökumət koronavirus zamanı insan hüquqlarını nə dərəcədə qoruya bildi? – hüquqşünas Qiorqi Mşvenieradze “Marneuli” radiosunun suallarını cavablandırır.

- Cənab Qiorqi, bir il yarımdan artıqdır ki, Gürcüstanda “komendant saatı” qüvvədədir. Vətəndaşlara, ilk əvvəl, axşam saat 9-dan səhər saat 5-ə qədər hərəkət qadağan edildi. İndi isə komendant saatının vaxtı qısaldıldı, axşam saat 11-dən səhər saat 4-ə qədər məhdidyyət qoyuldu. Xeyli müddətdir ki, adamların müəyyən vaxt kəsiyində azadlığı məhdudlaşdırılır. Bu məhdudiyyət nə dərəcədə ədalətlidir?

- Ondan başlayım ki, elə hüquqlar var, ümumi xarakter daşıyır, onları heç vaxt, heç bir vəziyyətdə məhdudlaşdırmaq olmaz. Nisbi hüquqlar var ki, onları məhdudlaşdırmaq mümkündür. Hərəkət hüququ, aydındır ki, məhdudlaşdırılması mümkün olan hüquqlara aiddir. Ancaq belə məhdudlaşdırılma həmişə qanunla, yəni, Parlament tərəfindən qəbul edilmiş normativ aktla nəzərə alınmalıdır. Belə məhdudiyyətin ictimai, legitim məqsədlərə xidmət göstərməsi və proporsional olması mühümdür. Yəni, tətbiq edilən məhdudiyyət az məhdudlaşdırıcı olmalıdır və eyni zamanda məhdudlaşdırılan ictimai maraq, özəl maraqdan çox yüksəkdə durmalıdır. Əgər hüququn məhdudlaşdırılması bu meyarlara cavab vermirsə, o zaman, biz insan hüquqlarının pozulmasından danışa və bu məsələni məhz bu kontekstdə müzakirə edə bilərik. Aydındır ki, hakimiyyət komendant saatına bir açıqlama tapacaq və hakimiyyətin dediyi kimi, komendant saatının sosial ünsiyyətlərin azaldılmasına gücü çatır. Aydındır ki, qanun bu tipli məhdudiyyətdən istifadə etmək imkanı verir, ancaq bu bizim dediyimiz kimi, klassik anlayışlı komendant saatı deyil. Faktiki olaraq, hakimiyyət nə edirsə, məzmununa görə komendant saatına çox bənzəyir, ancaq komendant saatı elan etmək üçün tam başqa qayda və qanun tətbiq edilib. Ona görə, əgər məzmun eynidirsə və hakimiyyət buna baxmayaraq başqa formada hərəkət edirsə, bunun problemi var.

İkinci tərəfi budur ki, hakimiyyətin həmin məqsədlərə çatmaq üçün nə dərəcədə az məhdudlaşdırıcı vasitələrdən istifadə etmək imkanı var idi. Xüsusilə də peyvəndlərin əlçatan olduğu bir vaxtda. Peyvəndlər son bir həftə deyil, artıq aylardır əlçatandır. Ancaq hakimiyyət başqa ölkələrdən fərqli olaraq, müvafiq güc tapa bilmədi ki, ölkədə peyvəndin vurulmasını tətbiq etsin. Məhz bu komendant saatını gündəlikdən çıxaracaqdı. Müvafiq olaraq, əgər bu amilləri nəzərə alsaq, deyə bilərik ki, məhz hakimiyyətin öz öhdəliklərini müvafiq şəkildə yerinə yetirə, daha konkret desək, ictimai səhiyyə problemi kimi, kovidə qarşı alternativ və az məhdudiyyətli vasitələr irəli sürə bilməməsinə görə, insan hüquqlarının məhdudlaşdırılması bu testdən kənar baş verir.”

- Komendant saatından danışırıqsa, mütləq koronavirus pandemiyası ilə əlaqədar olan məhdudiyyətlərdən də danışmalıyıq. Toy, yas mərasimlərinin və bayramların qeyd olunması yenə qadağan edilib. Bu məhdudiyyətləri insan hüquqlarının pozulması hesab edə bilərikmi?

- “Burada da həmin məntiqlə danışmalı olacağıq. Çünki bayramlar, ənənəvi ayinlər kimi fəaliyyətlərlə bağlı ictimai toplaşmanın məhdudlaşdırılması hərəkət azadlığının məhdudlaşdırılması prinsipinə əsaslanır. Ona görə, burada da deyə bilərik ki, hüquqların məhdudlaşdırılması, hakimiyyətin başqa, az məhdudlaşdırıcı vasitələrdən, həmçinin, peyvənddən effektiv istifadə edə bilməməsinə görə yaranıb.”

- Digər məhdudiyyətləri, həmçinin, açıq məkanlarda maska taxma məcburiyyətini nə dərəcədə insan hüquqları çərçivəsində müzakirə edə bilərik?

- “Aydındır ki, adamın hansısa əşyanı, eləcə də maskanı daşımağa məcbur edilməsi insan hüquqlarının pozulması deməkdir. İnsan hüquqlarını nəzərdə tuturam. Necə istəyir, elə də hərəkət etsin və necə istəyir, elə də geyinsin. Ancaq, digər tərəfdən bu halda da məhz hansı legitim məqsədlərin olduğunu görməliyik. Biz eləcə də aylar ərzində hakimiyyətin əsası olmadan, maska taxmadığına görə adamları cərimələməsini də xatırlamalıyıq. Çünki maska taxmaq qapalı məkanlarda məcburi idi, küçədə istifadə etmək isə qanunla nəzərdə tutulmamışdı. Bundan əlavə, ümumiyyətlə, qanunun icrası ilə bağlı başqa problemlər də var. Tətbiq edilmiş məhdudiyyətlərin bir qisminin ədalətli dövlət prinsipi kimi prinsiplərlə uyğunlaşmaqda problemi var. Çünki yalnız Parlamentin qanun vasitəsilə insan hüquqları sahəsinə müdaxilə etmək hüququ var. Bizim vəziyyətimizdə isə Parlament bu cür səlahiyyətləri Gürcüstan hökumətinə həvalə etdi. Ümumiyyətlə, həvalə edilmiş qanunvericilik, yəni, qanuna tabe olan aktlar məhdud qanunla olmalıdır. Yəni, qanun onların fəaliyyət çərçivəsini müəyyən etməlidir və Parlament bunun əvəzində icraçı hakimiyyətə kovid ilə bağlı vəziyyətlərdə çox geniş mülahizə verdi. Bu işlər Konstitusiya Məhkəməsinə aparılmışdı. Ancaq, təəssüf ki, Kosntitusiya Məhkəməsi bu prosesi başqa cür gördü və bununla deyə bilərik ki, insan hüquqları standartlarını aşağı endirmiş oldu.”

- Cənab Qiorqi, bildiyimiz kimi, 2020-ci ildə koronavirusa ilk yoluxma qeydə alınan zaman, Marneuli və Bolnisi bələdiyyələri bir neçə həftəlik qapadıldı. Vətəndaşların bələdiyyəyə daxil olmaq, yaxud çıxmaq imkanı yox idi. Bu fakt insanın hərəkət azadlığının məhdudlaşdırılmasıdır?

- Aydındır ki, bu insanın hərəkət azadlığının məhdudlaşdırılmasıdır. Burada maraqlı olan odur ki, niyə bu iki bələdiyyənin qapadılması vacib oldu. Hakimiyyət başqa şəhərlərlə bağlı eyni hərəkət etmədi. Buna səbəb hansısa ksenofobiya motivləri deyildimi? Ancaq bunun üçün də daha əsaslı sübut lazımdır. Hakimiyyət daha aydın cavablar verməli idi ki, niyə bu ərazi vahidlikləri ilə bağlı belə hərəkət ediblər, ancaq misal üçün, Batumi ilə bağlı niyə həmin məntiqlə hərəkət etməyiblər. Batumidə də problem az deyildi. Biz hakimiyyətdən belə bir açıqlama eşitmədik. Təbii ki, ola bilsin, buna səbəb həmin regionlarda etnik azlıq nümayəndələrinin yaşaması ola biləcəyi ilə bağlı şübhəni daha da dərinləşdirir.

- Qeyd edək ki, bu faktla əlaqədar Qiorqi Çauçidzenin Konstitusiya Məhkəməsində müraciəti var və mübahisənin əsası məhz Marneuli bələdiyyəsinin bağlanmasına görə, adamların hərəkət azadlığı hüququnun məhdudlaşdırılmasıdır. Necə düşünürsünüz, Konstitusiya Məhkəməsi hansı qərarı qəbul edəcək?

- Proqnoz vermək çətindir. Çünki Konstitusiya Məhkəməsinin fevralda kovidin tənzimlənməsi ilə bağlı qəbul etdiyi əvvəlki qərarlar elə də yüksək standart yarada bilmədi və bu təbii ki, insan hüquqlarına zərbə vurdu. Ona görə, Konstitusiya Məhkəməsinin hansı qərarı qəbul edəcəyi barədə əvvəlcədən nə isə deməkdə çətinlik çəkirəm.

- Bildiyiniz kimi, Marneulinin qapadılması zamanı bələdiyyədə geniş miqyaslı aksiyalar keçirilirdi. Əhali Marneulinin açılmasını tələb edirdi, çünki məhsullarını sata bilmirdilər. Həmçinin, Tbilisidə də aksiyalar keçirilirdi. Necə düşünürsünüz, pandemiyaya görə tətbiq edilmiş məhdudiyyətlər toplaşma və söz azadlığını nə dərəcədə məhdudlaşdırır?

- Burada məsələni iki yerə bölməliyik. Biz başa düşürük ki, ümumiyyətlə, adamların toplanması kovid vəziyyəti baxımından riskdir. Ancaq bu növ məhdudiyyətlərin uzun zaman qüvvədə qalması hakimiyyətə zövq verirdi və bundan etiraza qarşı fəal istifadə edirdilər. Biz görürdük ki, hakimiyyət əksər hallarda, müəyyən məhdudiyyətləri öz siyasi gündəliyinə uyğunlaşdırmaq üçün süni şəkildə bu rejimi saxlayırdı. Bu hamımızın gözümüzlə gördüyü reallıq idi.

- Baxmayaraq ki, bütün məkanlarda 10 nəfərdən artıq adamın toplaşması qadağan edilmişdi, seçkilərdən əvvəlki dövrdə siyasi partiyalar seçicilərlə genişmiqyaslı görüşlər keçirə bilərdilər. Bu ədalətli yanaşmadır?

- Siyasi özünüifadə ən yüksək standartla qorunan özünüifadədir. Ona görə də belə özünüifadənin qorunması, aydındır ki, daha mühümdür və ön sırada dayanır. Ona görə, əgər prioritetlər yaradırıqsa, beləsi artıq mövcuddur. Ancaq siyasi özünüifadə yalnız seçki subyektinin nümayəndəsi ilə görüşməyimiz deyil. Siyasi özünüifadə adi vətəndaşların prosesi ola bilər. Ona görə özünüifadə bərabər şəkildə qorunmalıdır, bərabər şəkildə mühüm olmalıdır.

- Pandemiya zamanı, insan hüquqları baxımından ən böyük “uğursuzluğumuz” harada oldu?

- Uğursuzluq, bilmirəm, nə dərəcədə düzgün termindir. Ancaq bununla bağlı çox sayda araşdırmalar aparılıb ki, hakimiyyət məhdudiyyətlərdən siyasi baxımdan öz xeyrinə maksimum dərəcədə yararlanaraq, pandemiyadan, yaranmış vəziyyətdən necə istifadə edirdi. Belə ayrılıqda bölmək çətindir, ancaq bir baxışla deyə bilərik, ən pisi odur ki, ümumiyyətlə, pandemiya qeyri-demokratik, avtoritar hakimiyyət şəraitində yaxşı vasitəyə çevrildi ki, bununla insan hüquqlarının məhdudlaşdırılmasına bəraət qazandırsınlar. Təəssüf ki, bizim hakimiyyət də bu tamaha dözə bilməyən ölkələr arasına düşdü.

- Belə qeyri-standart vəziyyətdə, tərəzinin bir gözündə sağlamlıq və insan həyatı, digər tərəfində isə insanın konstitusional hüquq və azadlıqları durduğu halda, hakimiyyət “qızıl ortanı” necə tapmalıdır ki, heç bir yaxşılıq zərər görməsin?

- Bu yalnız hansısa nəzəri məsələlər deyil. Bu məsələlərlə bağlı dəfələrlə qərar qəbul edilib. Bu maraqların balanslaşdırılmasıdır. Hüquq dilində bu belə adlanır və bəli, demokratik dövlətdə sistemlər var ki, maraqların balanslaşdırılması imkanı yaradır. Yəni, bir tərəfdən kovid pandemiyası, onun mənfi nəticələri, təhlükələrinin qarşısı alınsın deyə insanların ictimai marağına, cəmiyyətin ictimai marağına laqeyd yanaşılmalıdır. Digər tərəfdən isə insan hüquqları bu mübarizədə lazım olduğundan artıq məhdudlaşdırılmasın.

- Gürcüstan bu vəzifənin öhdəsindən necə gəldi?

- Nə bilim, siz özünüz görə bilərsiniz. Bir tərəfdən, lap elə bu gün pandemiya ilə mübarizə baxımından mövcud vəziyyətə baxa bilərsiniz. Ölüm göstəricisi, qeydə alınan yoluxma hallarının sayı, yayılma göstəricisi necədir, ölkəmizdə neçə nəfər peyvənd olunub, iqtisadiyyat və insan hüquqları hansı vəziyyətdədir. Bunların hamısını bir-biri ilə və başqa ölkələrin göstəriciləri ilə müqayisə edək. Hesab etmirəm ki, sevindirici vəziyyətdə olaq. Düşünürəm ki, özümüzü müqayisə etdiyimiz ölkələrlə müqayisədə göstəricilərə görə ən pis vəziyyətdəyik.

18 iyuna olan göstəricilərə görə, Gürcüstanda koronavirusa 357 591 yoluxma təsdiqlənib, buradan 671 hal son 24 saat ərzində təsdiqlənib. Koronavirus nəticəsində Gürcüstanda 5 131 adam ölüb. İndiki mərhələdə ölkədə 225 666 adam koronavirusa qarşı peyvənd vurdurub.
Hələ ki, hərəkətlə və genişmiqyaslı toplaşmalarla bağlı məhdudiyyətinin nə zaman qaldırılacağı məlum deyil. İmmunoloqlar və Səhiyyə Nazirliyinin nümayəndələri bildirirlər ki, ölkədə tətbiq edilmiş məhdudiyyətlərin qaldırılması koronavirusun təsdiqlənməsi hallarının azalmasından asılıdır.


 

Print Email
FaceBook Twitter Google