Yerli özünüidarə seçkiləri – gender kvotasının ilk addımları
15:55 / 29.09.2021
Tozu Gülməmmədova Saqareco bələdiyyəsinin Yormuğanlı kəndində
siyasətə qoşulmağa qərar verən ilk qadındır. O, “Gürcüstan naminə”
partiyasından Yormuğanlı Bələdiyyə Məclisi üzvlüyünə namizəddir.
Onun əsas məqsədi Bələdiyyə Məclisində icmasının indiyə qədər heç
kimin danışmadığı problemlərindən danışmaqdır.
“İlk jurnalist də, ilk fəal da mən idim. Fikrimcə, bu
istiqamətdə də kimsə birinci olmalıdır ki, digər qızlar üçün də yol
açılsın. Yanaşma belədir ki, sanki biz burada yoxuq. Qərarı elə
qəbul edirlər ki, bizim xəbərimiz olmur. Həmişə məndə elə təəssürat
yaranır ki, bu qərarı qəbul edən adam məni tanımır. Biz fərqliyik,
bunu etiraf etməliyik. Ümumi yanaşma ilə effektiv işləmək
olmayacaq.”
İlk dəfə namizədliyini irəli sürən daha bir qadın isə Marneulili
Nino Robakidzedir. Baxmayaraq ki, illərdir siyasətdədir, ilk dəfə
namizədliyə qərar verib. O, “Avropalı Gürcüstan” partiyasından
Tereteli-Tamarisi majoritar dairəsindən deputatlığa namizəddir.
Nino deyir ki, onun məqsədi Marneulidə nepotizmi və ədalətsizliyi
sona çatdırmaqdır.
“Qadın kişi üçün mümkün olmayanı edə bilər. Çünki
qadının təbiəti kişiyə nisbətən başqadır. Həmişə etiraz edirəm ki,
müəyyən şəxslər, müəyyən soyad nümayəndələri üçün xidmət
göstərilməməlidir. Marneulidə çox bacarıqlı, gənc nəsil var. Biz
istifadə olunacaq əşya deyilik ki, istifadə edib, sonra
atsınlar”
Yerli özünüidarə seçkilərinə 3 gün qalıb. Marneulidə seçki üçün
qeydiyyatdan keçmiş 10 partiyada qadınların sayı 38%-dir.