Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili Gürcüstan
ərazisində saxlanılıb.
Bu barədə Baş nazir İrakli Qaribaşvili xüsusi birifinqdə məlumat
verib.
Onun sözlərinə görə, Gürcüstanın hüquq-mühafizə orqanları sabiq
prezidentin hərəkəti barədə öncədən məlumatlı olub və bu proses tam
nəzarət altında saxlanılıb.
"Hüquq-mühafizə orqanlarımız axtarışda olan
Saakaşvilinin saxlanılma əməliyyatını yüksək səviyyədə həyata
keçiriblər. Hüquq-mühafizə orqanlarımız Ukraynadan Gürcüstana
keçməsi barədə ilkin məlumata sahib idilər və proses tam nəzarət
altında idi. Müvafiq tədbirlər görülüb və elə vaxt və yer seçildi
ki saxlanılması üçün maneə minimuma endirilsin", -
deyə İrakli Qaribaşvili oktyabrın 1-də hökumət Administrasiyasında
mətbuat üçün verdiyi brifinqdə bildirib.
Baş nazir daxili işlər naziri Vaxtanq Qomauri və Dövlət
Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvili ilə brifinq
keçirib.
Mixail Saakaşvilinin harada və hansı şəraitdə həbs edildiyi hələlik
məlum deyil.
İ.Qaribaşvili qeyd edib ki, M.Saakaşvili penitensiar müəssisəyə
yerləşdirilib.
Xatırladaq ki, Mixeil Saakaşvili bu gün səhər Gürcüstana gəldiyini
elan edib. O, Facebook-da iki videoçarx paylaşıb və Batumidə
olduğunu bildirib.