Laşa Kveladze və Murad Muradov Saakaşvilinin həbsi ilə bağlı nə düşünürlər?
Mixeil Saakaşvilinin həbsdən azad edilməsi və mülki xəstəxanaya keçirilməsi tələbi ilə bir neçə gündür aksiyalar keçirilir. Vətəndaşlar Gürcüstanın üçüncü Prezidentinə dəstək olmaq üçün Rustavi həbsxanasının, Azadlıq Meydanının və daha sonra Qldani 8 saylı cəzaçəkmə müəssisinin qarşısına toplaşıblar.

Vahid Milli Hərəkatın Marneuli Rayon Təşkilatının nümayəndələri də aksiyaya qoşulublar. VMH-ın üzvü Murad Muradov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, hökumətin Saakaşviliyə qarşı münasibəti qeyri-adekvat və utandırıcıdır.

“O, sıradan məhbus deyil, ölkənin üçüncü prezidenti və siyasi məhbusdur. Bildiyiniz kimi, cəzaçəkmə müəssisəsində məhbuslar bölünüb və keçmiş, yüksək vəzifəli şəxslər, eləcə də hərbi qüvvədə işləmiş şəxslər digər kriminallardan təcrid ediliblər. Bu vəziyyətdə Mixeil Saakaşvilinin Qldani həbsxanasının xəstəxanasına aparılması birbaşa təzyiq, rüsvayçılıq və hakimiyyət tərəfindən şəxsi qisas almaq məqsədi ilə atılmış addımdır. Bununla çalışırlar ki, Mixeil Saakaşvilini yalnız psixoloji olaraq deyil, həm də fiziki olaraq məhv etsinlər. Orada hər şey gözlənilir, qapalı müəssisə deyil, orada məhbuslar müxtəlif cinayətlərə görə saxlanılan şəxslərdir. Həmin məhbuslar həbsxananın daxili perimetrində sərbəst şəkildə hərəkət edə bilirlər və həmin adamlar vasitəsilə Saakaşvilini fiziki olaraq məhv edə bilərlər”, – Murad Muradov bildirdi.

Müxalifətin əsas tələbi Mixeil Saakaşvilinin mülki xəstəxanaya keçirilməsi, onun həbsdən azad edilməsi və növbədənkənar seçkilərin təyin edilməsidir. Vahid Milli Hərəkatın Marneuli Rayon Təşkilatının daha bir üzvü Laşa Kveladze bildirdi ki, ölkə üçün vacib olan mübarizədə Vahid Milli Hərəkatın Marneuli Rayon Təşkilatı həmişə olduğu kimi, fəal iştirak edir və yüzlərlə Marneuli sakini aksiyaya qoşulur.

“Dünən, aldadaraq Qldani həbsxanasına aparıblar. Onu məhbuslar qarşılayıb və təhqir ediblər. Eləcə də cənab Mixeil Saakaşvilinin öz vəkilinə bildirdiyinə görə, müşayiət edənlər də onu təhqir ediblər. Özünə hörmət edən millət bununla barışmaz və biz qələbə çalana qədər mübarizə aparacağıq. İlk növbədə Mixeil Saakaşvilini siyasi məhbusluqdan azad etməliyik və sonra proporsional sistemlə, demokratik şəraitdə növbədənkənar Parlament seçkiləri keçirilməlidir. Aksiyalar hər gün keçiriləcək və bizim vətəndaşlar aksiyaların planı ilə mərhələli şəkildə tanış ediləcəklər”, – Laşa Kveladze bildirdi.

“Marneuli” radiosu “Gürcü Arzusunun” Marneulidəki nümayəndəsi ilə əlaqə saxlamağa çalışdı ki, Gürcüstanın üçüncü prezidentinin həbsdə saxlanılması, mülki xəstəxanaya keçirilməsi ilə əlaqədar vəziyyətin necə olduğunu aydınlaşdırsın. Parlamentin deputatı Zaur Darğallı bizim zənglərimizə cavab vermir, Marneuli meri Kənan Öməröv isə müsahibə verməkdən imtina etdi.

Mixeil Saakaşvili 40 gündür aclıq elan edib.

"Marneuli" Radiosu
Print