Macarıstanın Baş naziri Viktor Orvan 2023-cü ildə hökumətlərarası
birgə görüşdə iştirak etmək üçün Gürcüstana ikigünlük səfər edəcək.
Bu barədə Macarıstanda səfərdə olan Gürcüstanın Baş naziri İrakli
Qaribaşvili macarıstanlı həmkarı ilə Budapeştdə keçirdiyi birgə
mətbuat konfransında bildirib.
İrakli Qaribaşivilinin başçılıq etdiyi nümayəndə heyəti
Macarıstanda ikigünlük səfərdədir. Oktyabrın 27-də o, Viktor
Orbanla ölkələr arasında strateji tərəfdaşlığa dair qətnamə
imzalayıb.
Qeyd edək ki, iki ölkə arasında diplomatik əlaqələri 1992-ci il
mayın 14-də qurulub. Ölkələr iqtisadiyyat, ticarət, nəqliyyat,
turizm, təhsil və elm sahələrində əməkdaşlıq edir. Gürcüstan və
Macarıstan arasında əlaqələrin dərinləşdirilməsi məqsədilə 2013-cü
ildən iqtisadi əməkdaşlıq üzrə dövlətlərarası komissiya fəaliyyət
göstərir.
İlkin məlumatlara görə, 2022-ci ilin üç rübündə Gürcüstan və
Macarıstan arasında ticarət dövriyyəsi 42,4 milyon dollar təşkil
edib. Macarıstan Gürcüstan iqtisadiyyatına bir milyon dollara yaxın
birbaşa investisiya yatırıb.