Kiyev yenidən atəşə tutulur
Ukraynanın Kiyev və digər vilayətləri oktyabrın 31-də yenidən Rusiya qüvvələrinin hücumuna məruz qalıb. Şahidlər paytaxtda bir neçə partlayış baş verdiyini, şəhərin üzərinə tüstü dalğası örtdüyünü deyirlər.

Cənubi Marhanets şəhərində yaşayış binaları və bir məktəb Rusiyanın Qrad raketləri ilə vurulub, 31 yaşlı bir qadın həlak olub.

Kiyev vilayətinin qubernatoru Oleksey Kuleba paytaxtda havadan müdafiə sistemlərinin işə salındığını deyib. Mərkəzi Vinnitsya şəhəri də raket atəşinə tutulub.

Kiyevin meri Vitali Kliçko səhər zərbələrindən sonra paytaxtda bəzi yerlərin işıqsız qaldığını bildirib.

Xarkovun meri İqor Terexov ölkənin ikinci ən böyük şəhərində “vacib infrastruktur obyekti”nə iki raket atıldğını söyləyib.

Oktyabrın 31-də səhər Poltava və Kirovoqrad şəhərlərinə hava zərbələri endirildiyi, ölkə boyunca hava həyəcanı verildiyi bildirilir.

“Rusiyalı luzerlər mülki obyektlərlə müharibəni davam etdirirlər”, – Prezident Volodimir Zelenskinin aparat rəhbəri Andrey Yermak “Telegram”da yazıb.

Rusiya qüvvələri bir neçə həftədir Ukraynada mülki infrastruktura dron, artilleriya zərbələri endirir, dinc sakinlər arasında itkilər baş verir. Ukraynanın enerji infrastrukturunun 40 faizdən çoxu dağıdılıb. Kiyevdə və başqa yerlərdə elektrik kəsilib.


Print Email
FaceBook Twitter Google