İrakli Qaribaşvili Tbilisidə səfərdə olan Zakir Həsənovla görüşüb
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovu qəbul edib.

Məlumatı Gürcüstan hökumət administrasiyasının mətbuat xidməti yayıb.

Bildirilib ki, tərəflər iki ölkə arasında strateji tərəfdaşlığı və gələcək əməkdaşlığın gündəliyini müzakirə ediblər. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin oktyabrında Gürcüstana səfərinə diqqət yetirilib.

Qaribaşvili bu səfərin ölkələr arasında mehriban qonşuluq və dostluq münasibətlərini, ticarət-iqtisadi istiqamətlər də daxil olmaqla bir sıra sahələrdə əməkdaşlığın böyük potensialını bir daha nümayiş etdirdiyini vurğulayıb. Söhbət zamanı xalqların rifahı və regionun inkişafı üçün sülh və sabitliyin təmin edilməsinin vacibliyinə toxunulub. Baş nazir qeyd edib ki, Gürcüstan gələcəkdə də iki qonşu ölkə olan Azərbaycan və Ermənistan arasında dialoqu bütün mümkün yollarla təşviq etməyə hazırdır. Görüşdə İrakli Qaribaşvili tərəfindən irəli sürülmüş “Cənubi Qafqazda Dinc Qonşuluq Təşəbbüsü”nə diqqət yetirilib. Hökumət başçısı Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

Tərəflər sektorial əməkdaşlıq və regional əhəmiyyətli infrastruktur layihələrini də nəzərdən keçiriblər. Bildirilib ki, 2022-ci il yubiley tarixidir, çünki bu il Gürcüstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur.

Görüşdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze də iştirak edib.

Mənbə: apa.az
Print Email
FaceBook Twitter Google