Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə səfərdə olan
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovu qəbul
edib.
Məlumatı Gürcüstan hökumət administrasiyasının mətbuat xidməti
yayıb.
Bildirilib ki, tərəflər iki ölkə arasında strateji tərəfdaşlığı və
gələcək əməkdaşlığın gündəliyini müzakirə ediblər. Görüşdə
Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin oktyabrında Gürcüstana
səfərinə diqqət yetirilib.
Qaribaşvili bu səfərin ölkələr arasında mehriban qonşuluq və
dostluq münasibətlərini, ticarət-iqtisadi istiqamətlər də daxil
olmaqla bir sıra sahələrdə əməkdaşlığın böyük potensialını bir daha
nümayiş etdirdiyini vurğulayıb. Söhbət zamanı xalqların rifahı və
regionun inkişafı üçün sülh və sabitliyin təmin edilməsinin
vacibliyinə toxunulub. Baş nazir qeyd edib ki, Gürcüstan gələcəkdə
də iki qonşu ölkə olan Azərbaycan və Ermənistan arasında dialoqu
bütün mümkün yollarla təşviq etməyə hazırdır. Görüşdə İrakli
Qaribaşvili tərəfindən irəli sürülmüş “Cənubi Qafqazda Dinc
Qonşuluq Təşəbbüsü”nə diqqət yetirilib. Hökumət başçısı Gürcüstanın
ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəstəyə görə Azərbaycan
tərəfinə minnətdarlığını bildirib.
Tərəflər sektorial əməkdaşlıq və regional əhəmiyyətli infrastruktur
layihələrini də nəzərdən keçiriblər. Bildirilib ki, 2022-ci il
yubiley tarixidir, çünki bu il Gürcüstanla Azərbaycan arasında
diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur.
Görüşdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və
səlahiyyətli səfiri Faiq Quliyev, Gürcüstanın müdafiə naziri
Cuanşer Burçuladze də iştirak edib.